Azərbaycan-ATƏT əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT əməkdaşlığı müzakirə edilib
  15 Fevral 2025    Oxunub:461
15 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Bu barədə XİN-dən məlumat verilib.

Görüşdə Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri, hazırda ATƏT-in üzləşdiyi çağırışlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri, bölgədəki mövcud vəziyyət, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Feridun Sinirlioğlunu ATƏT-in baş katibi vəzifəsinə təyin olunması münasibətilə bir daha səmimi qəlbdən təbrik edib, ona bu əhəmiyyətli fəaliyyətində davamlı uğurlar arzulayıb.

Avropada təhlükəsizliyin ciddi çağırışlarla üzləşdiyi hazırkı dövrdə beynəlxalq hüquq normalarının, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi prinsiplərin qeyd-şərtsiz tətbiqinin təşviq edilməsinin vacibliyi qeyd olunub.

Nazir Ceyhun Bayramov, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə qarşı tərəfi məlumatlandırıb. İlk növbədə keçmiş işğal dövrünün qalıqları olan strukturların ləğvinin ATƏT-in fəaliyyətinin effektivliyi, habelə regional reallıqlara uyğun şəkildə işin təşkili baxımından vacibliyi vurğulanıb.

Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatından bəhs edən nazir Ceyhun Bayramov, Ermənistan Konstitusiyasında və digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarının davam etdirilməsinin prosesə maneə olduğu diqqətə çatdırıb.


Teqlər: Diplomatiya  





Xəbər lenti