`Valideynlər ağır cəzalandırılmalıdır`

`Valideynlər ağır cəzalandırılmalıdır`
  01 İyun 2015    Oxunub:2295
“Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Milli Məclisə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Təhsil Nazirliyinə, İnsan Hüquqları üzrə Müvəkkilinə, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlara və QHT-lərə, eləcə də KİV-lərə müraciət ünvanlayıb.

Kifayət qədər əhəmiyyətli məqamlara toxunulan həmin müraciəti təqdim edir:

“Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bütün uşaqları təbrik edir, onlara sağlamlıq və istədiklərinə nail olmaq üçün bütün uşaqlara bərabərliyin təmin olunduğu ədalətli cəmiyyət arzu edir.
1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda hər il 1 İyun tarixinin Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin vaxtdan da 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir.
Azərbaycan 21 iyul 1992-ci il tarixdə BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasına qoşulub. Həmin Konvensiyanın tələblərinə uyğun olaraq uşaqların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə 19 may 1998-ci ildə “Uşaq hüquqları haqqında” Qanun qəbul edilib. Uşaqların Beynəlxalq Müdafiəsi Günü Azərbaycan Respublikasında da hər il qeyd edilir.
Bu Qanun uşaqların yaşamaq və inkişaf etmək hüququna, tərbiyə və təhsil almaq hüququna, azadlıq və şəxsi toxunulmazlıq hüququna, zəruri maddi təminat hüququna, həyat və sağlamlığının mühafizəsi hüququna, vicdan, fikir və söz azadlığı və s. hüquqlara təminat verir.
Qanun eyni zamanda valideynlər və qanuni nümayəndələr üçün bir sıra vəzifələr müəyyən etmişdir.
Qanunun 19-cu maddəsinə görə, valideynlər uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.



Qanun valideynlər üçün bu vəzifələri müəyyən etsə də bu vəzifələri icra etməyən və ya bu vəzifələrin icrasından yayınan, bəzi hallarda isə uşaqları qəsdən təhsildən yayındıran, uşaqları onların fiziki imkanları ilə müqayisədə ağır əmək növlərinin icrasına məcbur edən, yeni doğulmuş uşaqları sənədləşdirməyən, uşaqların dəqiq qeydiyyatının aparılması üçün hamilə qadınların qeydiyyatının müvafiq tibb məntəqələrində aparılmasını təmin etməyən və s. bu kimi halların qarşısını almaq üçün valideynlər və ya qanuni nümayəndələr üçün inzibati məsuliyyət nəzərdə tutulsa da tətbiq olunmur və kifayət qədər yüngüldür. Bu da sənədsiz uşaqların sayının artması, təhsildən yayınma, yeni doğulmuş uşaqların qeydiyyata alınmamağı, uşaqların qanunsuz əmək fəaliyyətinə cəlb olunması, bəzi hallarda yeni doğulan körpələrin atılması kimi neqativ hallara gətirib çıxarır.
Hesab edirik ki, bu sahədə qanunvericilik sərtləşdirilməli, valideynlər və qanuni nümayəndələr üçün daha agir cəza siyasəti müəyyən edilməlidir.
“Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyi Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Milli Məclisin deputatlarının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların və QHT-lərin, ən başlıcası isə KİV-lərin diqqətini bu sahəyə yönəltməklə, uşaq hüquqlarının pozulmasına şərait yaradan halların aradan qaldırılmasına təşəbbüs göstərməyə çağırır.



Teqlər:





Xəbər lenti