Neftin əvvəlki enişləri – QRAFİK
1980-1986: SSRİ-nin çökməsi
(Neftin qiyməti 70% düşmüşdü)
Altı il ərzində neftin qiyməti hər barrelə görə $40-dan $15-a enmişdi. Konspiroloji nəzəriyyə tərəfdarları hesab edirlər ki, bunu ABŞ Əfqanıstanda müharibəyə başlayan SSRİ-nin dərsini vermək üçün Səudiyyə Ərəbistanı ilə sözləşərək etmişdi. Belə ki, Səudiyyə Ərəbistanı OPEK-ə üzv olan başqa ölkələrlə razılaşdırmadan neft hasilatını iki dəfə artırmışdı. Amma sırf iqtisadi səbəb də var: həmin illərdə Qərb ölkələrində neftə təlabat 13% azalmışdı.
Nəticədə təkcə 1986-cı ildə SSRİ büdcəsində $8 milyard kəsir yaranmışdı. Nigeriya, Meksika, Venesuela iflas həddinə çatmışdılar. Amma Oman, İndoneziya, Norveç, Malayziya, Kanada bu mərhələdən ağrısız keçə, iqtisadiyyatlarını inkişaf etdirə bilmişdilər.
1997-1998: `Pələng`lər yıxılanda
(Neftin qiyməti 50% düşmüşdü)
Cənub-Şərqi Asiya ölkələrində iqtisadi böhran onların enerjidaşıyıcılarına təlabatını kəskin azaltmış, nəticədə qiymətlər düşmüşdü. Bu ucuzlaşma o qədər də uzun çəkmədi. Amma Rusiyanın defolt elan olunması üçün kifayət etdi.
2001: Amerikada iki partlayış
(Neftin qiyməti 25% düşmüşdü)
Əvvəlcə Amerika birjalarında internet şirkətlərinin səhmlərinin şişmiş qiymətləri partladı, sonra isə Dünya Ticarət Mərkəzinin binası. Nəticədə 10 ay ərzində neftin qiyməti aşağı həddə qaldı.
2008 - 2009: Qlobal maliyyə böhranı
(Neftin qiyməti 75% düşmüşdü)
2008-ci ilin payızında ABŞ-da `Lehman Brothers` investisiya bankının müflisləşməsi qlobal böhrana start verdi. Nəticədə neftin qiymətləri 40, hətta 36 dollar/barrelə qədər düşdü. 2009-cu ilin yazından isə yenidən artım başladı.
2014-2016: Hazırkı böhran
(Neftin qiyməti 75% düşüb)
2014-cü ilin sentyabrında Dünya Enerji Agentliyi neftə olan tələbatın azalacağı haqqında proqnoz verəndən sonra qiymətlər düşməyə başladı. Sonra isə geosiyasi proseslər dövrəyə girdi...
Göründüyü kimi, neftin qiymətləri həmişə enib və qalxıb. Bunun müxtəlif səbəbləri var. Bəzən o səbəblər üst-üstə düşəndə güclü rezonans yaranır. Amma yada saxlamaq lazımdır ki, əvvəlki enişlərdən də biz keçmişdik, indikindən də keçəcəyik. Bu, sadəcə, neft qiymətlərinin qrafikinin dalğalanmasında daha bir mərhələdir.
Tariyel Həsənov
AzVision.az