Rusiyanın sürpriz qərarı - Putin Ərdoğanla barışır?

Rusiyanın sürpriz qərarı - Putin Ərdoğanla barışır?
  17 Mart 2016    Oxunub:11839
Rusiya prezidenti Vladimir Putin Suriyadakı ordu birləşmələrinin əsas hissəsinin martın 15-dən etibarən bu ölkədən çıxarılmasına qərar verib. Putin bu qərarı Suriyada qarşıya qoyulan vəzifələrin icra olunması ilə əlaqələndirib.

“Hesab edirəm ki, Müdafiə Nazirliyi və Silahlı Qüvvələr qarşısında qoyulan vəzifə, ümumilikdə, icra edilib və buna görə müdafiə nazirinə ordu birləşmələrinin əsas hissəsinin sabahdan etibarən Suriyadan çıxarılmasına başlamağı əmr etmişəm”.

Həqiqətənmi Rusiya Suriyada istədiyinə nail olub? Yoxsa, Suriya münaqişəsinə görə az qala dünyanı qarşısına alan Putin “səhv”ini düzəltməyə çalışır?



Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Putinin Suriya ilə bağlı əsaslandırdığı yanaşma doğru deyil:

“Putin “biz məqsədimizə çatdıq” desə də, faktlar bunun əksini göstərir. Birincisi, Putin Suriyada İŞİD terroruna son qoya bilmədi. Halbuki, Rusiyanın Suriyaya müdaxiləsinin başlıca səbəbi məhz bu amillə bağlı idi. İkincisi, Rusiyanın hərbi müdaxiləsi Bəşər Əsəd rejiminin mövqeyini gücləndirmədi, əksinə Əsəd ölkəsinin torpaq bütövlüyünü itirmiş vəziyyətdədir və artıq söhbət bu ölkənin bir neçə hissəyə bölünməsindən gedir. Putinin Suriyada hərbi müdaxiləsindən Rusiya üçün ən böyük itkisi strateji tərəfdaşı Türkiyə ilə münasibətləri korlaması oldu. Digər tərəfdən, Rusiya təyyarələrinin bombardmanları zamanı xeyli mülki insan qətlə yetirildi. Beynəlxalq aləm bunu heç zaman unutmayacaq”.

E.Şahinoğlunun sözlərinə görə, artıq Rusiya anlayır ki, Əsədə görə, Qərb, Ərəb dünyası və Türkiyə ilə düşmən olmaq doğru deyil: “Ona görə də Suriyadan çıxmaqla bağlı qərar verən Rusiyanın gec də olsa, doğru addım atdığını düşünürəm. Bundan sonra Rusiyanın kürdlərə dəstəyi azalmalı və Türkiyə ilə münasibətlərin normallaşması yolları axtarılmalıdır.



Rusiya ilə İran arasında da münasibətlərin gərginləşməsi də qeydə alınır. Bütün bunlar ondan xəbər verir ki, Suriyada vəziyyət birdəfəlik stabilləşməyəcək. Əksinə, Rusiya qoşunları çıxdıqdan sonra Suriya müxalifəti, onlara dəstək verən Qərb ölkələri, Ərəb dünyası, Türkiyə Əsədi daha tez devirməyə çalışacaqlar”, - deyə Şahinoğlu vurğulayıb.

Politoloq Fikrət Sadıqov isə bunun əksini düşünür. O, hesab edir ki, Rusiya Suriyada istəyinə nail ola bilib: “Rusiyanın Suriyaya girməsində məqsəd Əsəd rejimini dəstəkləməsi idi. Hesab edirəm ki, Rusiya əsas məqsədinə nail olub. Çünki, Bəşər Əsəd faktiki olaraq istefa ərəfəsində idi. Rusiya buna açıq şəkildə maneə oldu.



Doğrudur, İŞİD-i tam məhv etmək mümkün deyil. Ancaq, hazırda bu terror təşkilatı Suriyada xeyli zəifləyib. Bu reallıqdır. Digər tərəfdən Suriyadakı müxtəlif qruplar arasında dialoq davam edir. Yəni, Cenevredə bu istiqamətdə danışıqlar gedir. Bu isə Rusiyanın əsas qüvələrini geri çağırmasına vadar etdi”, - deyə F.Sadıqov vurğulayıb.

Politoloq əlavə edib ki, hazırda Rusiya sanksiyalardan əziyyət çəkir: “Bu səbəbdən də Rusiyanın maliyyə-iqtisadi durumu zəifləyib. Ona görə də müəyyən iqtisadi problemlər yaranıb. Bu da özü-özlüyündə Suriyadan çıxma üçün bir səbəbdir. Hesab edirəm ki, Rusiyanın Suriyadan geri çəkilməsində həm iqtisadi, həm də siyasi səbəblər var”.

F.Sadıqov hesab edir ki, Rusiyanın Suriyadan geri çəkilməsi Türkiyə ilə münasibətlərin normallaşmasına səbəb ola bilər: “Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsinin əsas səbəbi Suriya amilidir. Hərbi təyyarənin vurulması isə ölkələrin münasibətlərinin korlanması üçün qığılcım oldu. Çünki, Rusiya və Türkiyənin Suriya probleminə yanaşması radikal şəkildə bir-birindən fərqlənir. Əgər Suriyada müəyyən stabillik olsa, Rusiya-Türkiyə münasibətlərinə müsbət təsir göstərə bilər. Demirəm ki, yaxın zamanda ölkələr arasında münasibətlər bərpa olunacaq. Amma, müəyyən müsbət impulslar bu əlaqələrə öz təsirini göstərə bilər”.



Bu məqamda qeyd edək ki, Rusiya-Türkiyə münasibətlərinin normal məcraya dönməsi Azərbaycanın da maraqları çərçivəsindədir. Əgər, həqiqətən Rusiyanın Suriyadan çıxması iki ölkə arasında münasibətləri normallaşdırmağa imkan verəcəksə, Azərbaycan əvvəlcədən bəyan etdiyi vasitəçilik missiyasını öz üzərinə götürə bilər. Çünki, Azərbaycan Prezidentinin həm Rusiya prezidenti, həm də Türkiyə prezidenti ilə çox yaxşı münasibətləri var. Əgər niyyət saf olarsa, nədən Azərbaycan dünyada təbliğ etdiyi sülh dəyərlərinə öz töhfəsini verməsin?

Millət vəkili, siyasi analitik Sahib Alıyevin fikrincə, iki ölkə arasında korlanmış əlaqələrin bərpasında Azərbaycan qədər maraqlı olan ölkə yoxdur: “Hər iki tərəfin etibar etdiyi və sözünün üstündə duran lider kimi yanaşdıqları prezident İlham Əliyev qədər bu missiyanın öhdəsindən gələcək kimsə çətin tapılsın. Mənə elə gəlir ki, dövlət başçımızın Türkiyə səfərində bu məsələdə diqqət mərkəzində olub. Hətta ola bilsin ki, ondan belə bir missiyanı üzərinə götürməsi xahiş edilib”.



Azərbaycanın Türkiyə və Rusiya arasında münasibətlərin normallaşmasında vasitəçilik etməsinə rəsmi Moskvanın soyuq yanaşdığını xatırladan politoloq E.Şahinoğlu isə hesab edir ki, ikinci dəfə bunu təkrarlamaq düzgün deyil: “Amma, irəliləyiş olsa, Azərbaycan öz təkliflərini yenidən gündəmə gətirə bilər. Əsas odur ki, Rusiya Türkiyəyə qarşı addım atsın. Amma, indiki zamanda inanmıram ki, Azərbaycan yenidən vasitəçilik missiyasını gündəmə gətirsin. Hesab edirəm ki. Yenidən “yox” cavabı almaq imicimizə ciddi zərbə olar”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti