Cəbrayıla buraxılan ceyranlar minaya düşə bilərmi?

Cəbrayıla buraxılan ceyranlar minaya düşə bilərmi?
  25 Oktyabr 2022    Oxunub:2179
İşğaldan azad edilmiş ərazilərdə populyasiya bərpa olunanadək ora ceyranların buraxılması davam edəcək.
Bunu AzVision.az -a açıqlamasında Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin direktoru Elşad Əsgərov deyib.

O bildirib ki, Qarabağ bölgəsində ceyranların çoxalması bir qədər vaxt olacaq: “Çünki onlar müəyyən müddət o ərazini öyrənirlər. Bunu Acınohur və Gürcüstanda ceyranları buraxanda müşahidə etmişik. Belə ki, ceyranlar 5 il ərazini öyrəniblər. Bu dövrdə onların artımı olmayıb və ya çox zəif olub. Amma 5 ildən sonra ceyranların sayı sürətlə artıb”.



Azad edilmiş ərazilərdə minaların ceyranlar üçün nə qədər təhlükəli olacağına gəlincə E.Əsgərov həmin yerlərin diqətlə tədqiq olunduğunu vurğulayıb:

“Ceyranların buraxıldığı yerlər xüsusi seçilib. Biz o əraziləri 2-3 ay tədqiq etmişik. Minalar əsasən cəbhə xəttinə yaxın yerlərə basdırılıb. Biz isə ceyranları bir qədər kənar yerə buraxmışıq. Eyni zamanda biz kameralarla müşahidə aparmışıq ki, pəncəli heyvanlar minalara daha çox düşür. Bunlar ayı, bəbir, canavardır. Dırnaqlı heyvanların minalara düşməsini müahidə etməmişik. Bunun niyə belə olduğu elmi tədqiq edilməyib. Bundan əlavə heyvanların qoxu, iy bilməsi yaxşıdır və daha həssasdırlar. Onlar bir qədər ehtiyatlıdırlar. Ona görə ceyranların minaya düşmə ehtimalı çox azdır”.

Direktor qeyd edib ki, azad edilmiş ərzilərimiz vaxtilə ceyranın tarixi arealına daxil olub:

“Keçən əsrin ortalarında orada məskunlaşma, əkinçilik ceyranın arealının kiçilməsinə səbəb olub. İndi orada insanlar məskunlaşmamış ceyran populyasiyasını bərpa etmək olar”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti