“Şərqin paytaxtı”nda 5 gün... – Təbrizdən REPORTAJ (FOTOLAR)

“Şərqin paytaxtı”nda 5 gün... – Təbrizdən REPORTAJ (FOTOLAR)
  07 Sentyabr 2017    Oxunub:29630
Təbriz ilk görüşdən məni heyrətləndirə bildi. Bu şəhərin işıqlı, modern, hüzur dolu olduğunu təsəvvür etmirdim. Nə gizlədim, elə bilirdim ki, “Şərqin paytaxtı” hesab olunan Təbriz Qərb mətbuatında yazıldığı kimi qaranlığa qərq olmuş, dünyadan təcrid olmuş, köhnə düşüncəli insanların yaşadığı darıxdırıcı şəhərdir. Bu şəhərə ilk dəfə ayaq basanda tam fərqli mənzərə ilə üzləşdim. Anladım ki, yanılmışam...


Ötən həftə Təbriz şəhər bələdiyyəsinin təşkilatçılığı ilə Təbriz şəhərində olduq. Qabaqcadan hazırlanan proqram üzrə bir sıra görüşlərdə iştirak edib, şəhərin gəzməli-görməli yerlərinə baş çəkdik.



Məhəmmədhüseyn İsaqi Tehran bələdiyyəsinin yeni sədridir. Onunla görüşümüz maraqlı keçdi. Azərbaycan – İran əlaqələrindən ehtiramla danışan bələdiyyə sədri Təbrizdə “İslam ölkələrinin turist paytaxtı” çərçivəsində bir sıra tədbirlər görüləcəyini və Azərbaycandan da ora çoxsaylı turistlərin gələcəyini dedi.

Təbriz şəhər parlamentinin sədri Şəkür Əkbər Nejat isə bildirdi ki, Azərbaycan və İran yaxın ölkələrdir. O, əlaqələrin inkişafında mətbuatın rolunun əvəzsiz olduğunu diqqətə çatdırdı: “Qardaşlığımız bundan sonra da davam edəcək. Bu işin davam etdirilməsində mətbuatın rolu az deyil”

Tehran parlamentinin üzvü Niku Xislət də öz növbəsində Təbriz şəhərinin dünyaya tanıdılması baxımından bir çox işlərin görülməsinin vacibliyinə toxundu.



Təbriz rəsmiləri ilə görüşü başa vurduqdan sonra Şəhriyarın ev muzeyini ziyarət etmək qərarına gəldik. Təbrizi Şəhriyarsız, Şəhriyarı isə Təbrizsiz təsəvvür etmək mümkün deyil.

Məhəmmədhüseyn Şəhriyar ömrünün son 19 ilini bu evdə yaşayıb. Böyük şairin vaxt ilə yaşadığı ev hazırda onu sevənlərin ziyarət etdiyi muzeyə çevrilib. Muzeydə böyük Şəhriyardan yadigar qalan əşyalar, hətta vaxtı ilə geyindiyi ayaqqabı, istifadə etdiyi əl çantası və digər əşyaları indiyə qədər saxlanılır. Şəhriyarın ev muzeyində Bakıdan gətirilən tara da rast gəlmək mümkündür.



Azərbaycan Muzeyi

Şəhriyarın ev muzeyini ziyarət etdikdən sonra Təbrizin ən mühüm muzeylərindən biri olan Azərbaycan Muzeyinə yollandıq. Əsası 1958-ci ildə qoyulan Təbriz muzeyi üç əsas zaldan, ofis otaqları və böyük kitabxanadan ibarətdir. Muzeydə əsasən İranın Azərbaycan vilayətindən arxeoloji qazıntılar zamanı tapılan eksponatlar, heykəltəraşların əl işləri yer alır. Muzeydə 2500-ə qədər əlyazma və kitab var.



Bələdçinin sözlərinə görə, Azərbaycan muzeyi Tehranda yerləşən İranın Milli Muzeyi ilə birgə bu ölkənin ən böyük muzey eksponatlarına malikdir.

Muzeydə üç qalereya var. Birinci zalda eramızdan əvvəl (e.ə-red) 5-ci minillikdə Sasanilər sülaləsinin (221-656) sonuna qədər olan eksponatlar sərgilənir.



İkinci qalereya isə iki hissədən ibarətdir: Onlardan biri islam arxeologiyasıya, ikinci hissə isə sikkələrə həsr olunub. Birinci hissədə 10-19 əsrlərə aid keramikə sərgilənir. İkinci hissədə Əhəmənilər sülaləsinin dövründən Qacarlar sülaləsinə qədər İranda mövcud olan imperiyaların, hakimlərin qızıl və gümüş sikkələri nümayiş olunur. Burada e.ə əvvəl üçüncü minillikdən İslamın yayılmasına qədər olan dövrdə mövcud olmuş möhürlər ziyarətçilərə göstərilir.

Üçüncü qalereyada isə Əhər Hüseyni tərəfindən hazırlanan bəzi heykəllər, kompozisiyalar yer alıb. Burada müəllifin XX əsrdə bəşəriyyətin taleyi haqqında düşündükləri ziyarətçilərin nəzərinə çatdırılır.



Muzeydə ən çox diqqəti çəkən eksponatlardan biri Mahmud ibn Məhəmməd-e İsfahinin hicri tarixi ilə 566-cı ildə (1188-ci il) hazırladığı xüsusi qıfıldır. Belə ki, qıfılın kodunu bilməyən şəxs 4 seksiyadan ibarət qurğuda 65536 kombinasiya yığmalıdır. Bu isə kodu bilməyən şəxsin onu açmasını mümkünsüz edir.



Xarici vətəndaşlar üçün muzeyə giriş təxminən 127 min İran realına başa gəlir. Bu isə bizim pulla 6 manat 50 qəpik edir.

Təbrizə səfər edənlərin ən çox ziyarət etdiyi yerlərdən biri də Azərbaycan müzeyinin yaxınlığında yerləşən Azərbaycan parkı və Göy məsciddir.

İrana səfərimizin ilk günün sonunda şəhər valisi Rəhim Şöhrətipərlə görüşdük. Olduqca səmimi formada keçən görüş maraqlı müzakirələrlə yadda qaldı.



Rəhim Şöhrətipər çıxışı zamanı Təbrizin bütün azərbaycanlılar üçün əziz olduğunu vurğuladı: "Təbriz İranda azərbaycanlıların başıdırsa, Azərbaycanın da qəlbidir. Bu ürəyin daha da qüvvətlə çırpınmasına çalışmalıyıq. İki dövlət olaraq bizim dilimiz, dinimiz, folklorumuz, mədəniyyətimiz eynidir”.



Əsrarəngiz Təbriz Bazarı



Tarixi Təbriz bazarı haqda daha çox kitablardan oxumuşdum. Səfərimiz zamanı hər addımında tarixin izi olan bazarı görmək şansımız oldu.

Təbriz bazarı Yaxın Şərqin ən qədim bazarlarından biri, eyni zamanda dünyanın ən geniş üstüörtülü bazardır. Təbriz bazarı bir neçə hissədən ibarətdir: Əmir bazarı (qızıl və gümüş), xalça bazarı, ayaqqabı bazarı və s. Bazarada meyvə tərəvəz demək olar ki, satılmır. Bazar nəhəng tarixi abidəni xatırladır.

Qeyd edim ki, Təbriz bazarı 2010-cu ildə UNESCO-nun dünyanın mədəni irsi siyahısına daxil edilib. Bazar dini mərasimlər zamanı işləmir. Məsələn, Aşura günü ilə əlaqədar bazar 10 günlük bağlanır.

Şah İsmayıl Xətainin and içdiyi məscid

Təbriz bazarından bir qədər aralıda yerləşən cümə məscidi Azərbaycan tarixi üçün böyük əhəmiyyət kəsb edir. Məhz burada 516 il əvvəl Şah İsmayıl Xətai Səfəvilər dövlətinin əsasını qoyub. Təbrizli bələdçilər bu məscid barədə olduqca qürur və fəxrlə danışırlar.



Günün sonunda Təbriz şairləri ilə görüşümüz oldu. Təbrizli şairlərin Qarabağ, Azərbaycan haqqında söylədikləri şeirləri dinlədik. Bizə bildirdilər ki, Cəfər adlı Təbrizli şair Alxanlı kəndində erməni təxribatı nəticəsində həlak olan 2 yaşlı Zəhraya şeir həsr edib. Daha sonra Cəfər qəmli avazı ilə Zəhraya aid şeirini səsləndirdi.



Səfərimizin növbəti günündə İran dini rəhbərinin Şərqi Azərbaycan üzrə nümayəndəsi, Təbriz imamcüməsi höccətülislam seyid Məhəmmədəli Al- Haşimi ilə görüşdük. İmamcümə bildirdi ki, Azərbaycanla İran arasında əlaqələr yüksək səviyyədə olub və bundan sonra da belə olacaq: "Düşmənlərimiz həmişə istəyib ki, araya girsinlər, amma buna nail olmayıblar. Bəzi ölkələrin müsəlman Azərbaycanı ilə İran arasında düşmənçilik toxumu səpmək istəyirlər".

İmamcümə onu da vurğuladı ki, İslam hümməti arasında təxribat toxumu səpənlərə qarşı jurnalistlər də ciddi mübarizə aparmalıdır: "25-26 il əvvəl Bakıda olmuşdum. Səfiriniz məni yenə dəvət edib. Bakıda olarkən ətraf kəndlərə də, o cümlədən Nardaranda getmişdim. Çox xoşuma gəldi kəndləriniz.Vaxtilə Heydər Əliyev bu evə gələrək Təbrizin məndən öncəki imamcüməsi ilə görüşüb. Hər ikisi rəhmətə gedib - Allah rəhmət eləsin onlara".



Görüşdən sonra Təbrizin vizit kartı hesab olunan “Məqbərətüş –Şüəra”da olduq. Sorxab məhəlləsində yerləşən Şairlər məqbərəsi görünüşü ilə insanları heyrətə gətirir. Bura ən azı 7 əsr əvvəldən şair və yazıçıların məzarı olub.

“Məqbərətuş Şüara”da 400-dən çox şair və yazıçı dəfn edilib. Təbrizdə baş verən sel fəlakəti və zəlzələ nəticəsində onların məzarları itib. Şairlər məqbərəsində Əsədi Tusi, Qatran Təbrizi, Məhəmmədhüseyn Şəhriyar, Mucirəddin Beyləqani, Xəqani Şirvani, Zahirəddin Fərabi, Şahpur Nişaburi, Şəmsəddin Səccasi, Zülfüqar Şirvani, Həmmam Təbrizi, Məğribi Təbrizi, Mani Şirazi, Lisani Şirazi, Şakibi Şirazi və digərləri dəfn edilib.



Şairlər məzarlığından bir qədər aralıda Təbrizin ən gözəl binalarından biri - Qacar muzeyi (Əmir Nazem evi) yerləşir. Muzeydə Qacar erasına məxsus eksponatlar, silahlar, rəsm əsərləri sərgilənir. Muzeyin həyəti gözəlliyi və füsunkarlığı ilə insanı valeh edir. Təbrizə səfər edənlər bura mütləq baş çəkirlər.



Təbrizin gəzməli yerlərdindən biri də Eynalı dağıdır. Şəhər bu dağın ətəyində yerləşir. Şah gölü də öz gözəlliyi ilə seçilir. Hazırda bura milli park kimi qorunur. Parkın Elxanilər dövründə tikildiyi ehtimal edilir. Gölün içərisində 12 metr dərinliyində su hovuzu və saray var. Bura Pəhləvilərin hakimiyyəti dövründə yenidən qurulub. Parkın adı 1979-cu ildə İran İslam İnqilabından sonra El gölü olaraq dəyişdirilib. lakin xalq arasında hələ də Şah gölü adlanır.



Qeyd edim ki, Təbrizə səfərim şəhər bələdiyyəsi tərəfindən təşkil olunmuşdu. Səfərin əsas məqsədi Təbrizin “2018-ci ildə İslam Mədəniyyəti paytaxtı” seçilməsi ilə əlaqədar azərbaycanlı jurnalistləri bu şəhərlə tanış etmək idi. Səfərimiz zamanı şahid olduq ki, Təbriz həqiqətən də turizm paytaxtı elan olunmağa layiq şəhərdir.

Eldar Tanrıveridyev
Bakı – Təbriz – Bakı

AzVision.az

Qalereya




Teqlər: İran   Azərbaycan   Təbriz-2018  





Xəbər lenti