“Yüksək Texnologiyalar Parkı”na yeni direktor təyin edildi

“Yüksək Texnologiyalar Parkı”na yeni direktor təyin edildi
  14 Avqust 2020    Oxunub:3630
AMEA Rəyasət Heyətinin qərarı ilə Əməkdar mühəndis Vasif Bilal oğlu Abbasov AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin edilib. AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) keçirilən tədbirdə Vasif Abbasov kollektivə təqdim olunub.
Azvision.az xəbər verir ki, tədbiri giriş nitqi ilə açan AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdiri professor Elton Məmmədov V. Abbasovu kollektivə təqdim edərək onun şəxsi keyfiyyətləri, idarəçilik təcrübəsindən bəhs edib. O, Vasif Abbasovun öz zəngin idarəçilik təcrübəsi ilə YT Parkın fəaliyyətinin genişləndirilməsinə nail olacağına, bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə, qurumun inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Həmçinin, E. Məmmədov YT Parkın fəaliyyətinin Elmlər Akademiyası üçün əsas prioritet istiqamətlərdən birini təşkil etdiyini vurğulayaraq, son zamanlar YT Parkda əhəmiyyətli işlərin icra olunduğunu bildirib.

Tədbirdə çıxış edən Vasif Abbasov yeni vəzifəyə təyinatına görə AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevə və Elmlər Akademiyasının Rəyasət Heyətinə minnətdarlığını bildirib, Parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb. O, AMEA Yüksək Texnologiyalar Parkının innovativ layihələri həyata keçirən bir qurum kimi dövlətin bu istiqamətdə siyasətinə dəstək verəcəyini, elmi nəticələrin tətbiqi əsasında rəqabətqabiliyyətli məhsulların istehsalını və dünya bazarına çıxarılmasını əsas hədəf kimi qarşıya qoyan YT Parkda Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün bütün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

Azvision.az


Teqlər: AMEA   YTP   Direktor  





Xəbər lenti