Hərbi xidmətdən və tibbi müayinədən yayınanları nə gözləyir?

Qeyd edilib ki, vətəndaşlar (çağırışaqədər yaş həddində olanlara münasibətdə isə onların qanuni nümayəndələri — valideynləri, övladlığa götürənlər və ya himayəçiləri) öz hərbi vəzifələrinin icrası ilə bağlı məlumatlarla tanış olmaq, məlumatları əldə etmək, müvafiq məlumatların dəyişdirilməsi üçün müraciət etmək, dəyişikliklərlə bağlı məlumat almaq, müraciətləri elektron formada göndərmək, xidmətlərdən istifadə etmək və ödənişləri həyata keçirmək üçün Elektron Hökumət İnformasiya Sistemində xüsusi fərdi elektron səhifə (elektron kabinet) yaratmalıdırlar.
Bununla yanaşı, hərbi uçot, qeydiyyat ünvanının dəyişdirilməsi, sağlamlığa görə möhlət, növbəti müayinə vaxtı və digər məlumatlar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş hərbi biletdə də qeyd olunur (hərbi biletdəki məlumatlarla https://e-qanun.az/framework/31791 saytında tanış olmaq mümkündür).
Bəs, qanunu pozmamaq və cərimələnməmək üçün nələrə diqqət yetirmək lazımdır? Ümumiyyətlə, vətəndaşların dövlət qarşısında hansı öhdəlikləri var?
SHXÇDX-nin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, əslində hərbi vəzifəlilərin öhdəlikləri onların hərbi biletlərinin müvafiq səhifələrində qeyd olunub: “Qeyd edim ki, hazırda Dövlət Xidmətinin göstərdiyi bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi prioritet məsələlərdən biridir. Qanunvericiliyə edilmiş dəyişikliklər milli təhlükəsizliyimizi gücləndirmək, Silahlı Qüvvələri çağırışçılarla vaxtında və keyfiyyətli komplektləşdirmək, səfərbərlik sisteminin səmərəliliyini artırmaq məqsədini daşıyır. Azərbaycan Respublikasının vətəndaşlarının hərbi xidmətə çağırışı, o cümlədən tibbi müayinədən keçməsi və tibbi şəhadətləndirmə ilə bağlı məlumatlandırma, həmçinin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir və bununla bağlı çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirilir. Təbii ki, “MyGov” mobil tətbiqini yükləmək də zəruridir. Xəbərdar olunmuş vətəndaş vaxtında qeydiyyatda olduğu struktur bölməmizə yaxınlaşmasına görə məsuliyyət daşıyır”.
Şöbə rəisinin dediyinə görə, qanunda edilən dəyişikliklərə görə hərbi uçot, hərbi qeydiyyat, çağırış və səfərbərlik qaydalarını pozan vətəndaşlara münasibətdə məsuliyyət tədbirləri sərtləşdirilib və cərimələrin məbləği artırılıb.
“2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı hamının “Dəmir yumruq” ətrafında birləşərək torpaqlarımızın müdafiəsinə qalxmaq istəməsi vətəndaşların həmrəyliyini və gücünü nümayiş etdirdi. Əsas məqsədimiz sülh dövründə də vətəndaşla dövlət qurumları arasında olan münasibətləri daha şəffaf və məsuliyyətli olmasını təmin etməkdir. Bir daha vətəndaşlara səslənərək bildirmək istərdik ki, hərbi vəzifələrin icrası ilə bağlı dövlət qarşısında olan öhdəliklərinə məsuliyyətlə yanaşsınlar”, - deyə Pərviz Sədrəddinov vurğulayıb.
AzVision.az
Teqlər: