Baş alıb gedirsən hayana, ceyran?

// Azərbaycanda ceyranların sayını əvvəlki həddə çatdıra biləcəyikmi?

  Baş alıb gedirsən hayana, ceyran?
  25 Oktyabr 2022    Oxunub:4014
Ötən həftə işğaldan azad edilmiş Cəbrayıl rayonuna 33 baş ceyran buraxılıb. Bunlardan 18-i Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın, 15-i isə Azərbaycan və Türkiyə liderlərinin iştirakı ilə edilib. Beləliklə, azad edilən ərazilərdə ceyranların populyasiyasının bərpa edilməsi istiqamətində işlərə start verilib.
AzVision.az adı ölkəmizdə “Qırmızı kitab”a salınan, yasaqlıq və qoruqluq ərazisində mühafizə edilən bu heyvanın illər ərzində populyasiyasının dəyişməsini araşdırıb.


Başqa məməlilərə nisbətən ceyranlar dünyada çox az yayılıb. Növün arealı Ərəbistan yarımadası, İran, Cənub-Şərqi Gürcüstan (nəsli kəsilmiş növ), Kiçik Asiya yarımadası, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Əfqanıstan, Pakistan, Monqolustan, Şimal-Qərbi Çin və Cənubi Qafqazda isə Azərbaycandır. Elmi mənbələrə əsasən, XX əsrin 40-cı illərinədək ceyranlar Azərbaycanda Acınohur, Eldar düzündə, Turt – Sarıca, Qarabağ, Mil, Muğan, Şirvan düzlərində, Qobustan çöllərində geniş yayılıb. Bu yerlərdə sürü ilə otlayan ceyranların 1950-ci illərə sayı kəskin şəkildə azalmağa başlayıb.

Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan Nümayəndəliyinin direktoru, Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitunun elmi işçisi Elşad Əsgərov bildirib ki, 1960-1961-ci illərdə təyyarə vasitəsilə keçirilmiş sayğı zamanı 14,3 min kvadrat metr ərazidə cəmi 131 baş, Şərqi-Şirvan, Xəzər dənizinin qorunan sahillərində isə 50 baş ceyrana rast gəlinib. Əsas sıx yaşayış arealı olan Muğan düzündə ceyranların tamamilə kökü kəsilib. Buna səbəb onların ovlanması və heç bir təbiəti mühafizə işinin həyata keçirilməməsi olub.

- Vaxtilə Kür-Araz ovalığında o qədər ceyran olub ki, Tbilisi bazarlarında mal, qoyun əti ilə yanaşı, ceyran əti də satırlarmış. Ceyran qədim dövrlərdən Cənub Şərqi Qafqaz ərazisinin ucsuz-bucaqsız düzənliklərində uzun müddət axtarılan və ovlanan canlı olub. Aramsız hücumlara, maldar tayfaları və zadəganların ov etməsinə baxmayaraq, ceyranların intensiv artma imkanları hesabına onların sayı XX əsrin əvvəllərinə qədər nisbətən stabil qalıb. Ceyranların sayının azalması Azərbaycanın Mərkəzi Aran düzənliyində texniki və kənd təsərrüfatı bitkilərinin becərildiyi dövrə təsadüf edir. Eyni zamanda avtomobillərin ölkəyə ayaq açması ilə ceyranların qovalanaraq ovlanması daha da rahatlaşıb,- deyir E. Əsgərov.


Direktor əlavə edib ki, zamanında burada olan 40-50 min baş ceyran sürüsündən hazırda 200-ə yaxın başın qalması həyacan təbili çalmağa əsas verib. Şirvan düzündə ceyranların mühafizəsinə qərar verilir. O dövrün ekoloqları və Akademik Həsən Əliyevin rəhbərliyi altında ceyranların populyasiyasının bərpası proqramı başlanılıb. Buna görə də 1961-ci ildə Kür-Araz ovalığının cənub-şərq hissəsində, Salyan və Neftçala rayonlarının ərazisində Bəndovan Dövlət Təbiət Yasaqlığı yaradılıb. 8 ildən sonra, burada ceyranların sayının 400 başa çatdığın müəyyən edilib. Həmin vaxt 30 aprel 1969-cu il tarixli müvafiq qərarı ilə 17700 min hektar sahədə Şirvan dövlət təbiət qoruğu təşkil edilib. Nəticədə sonrakı 10 il ərzində burada ceyran populyasiyası özünü bərpa etməyə başlayıb və onların sayı 200-dən 1500 başa qədər qalxıb.

Cənubi Qafqazda istər iqlim, istərsə də antropogen təsirlərlə ceyranların azalması Verşaqinin qeydlərində də göstərilib. O qeyd edirdi ki, Azərbaycan və Şərqi Gürcüstanda sayı 10 minlərlə olan ceyran sayı 1937-ci ildə 5700 başdan artıq deyildi. O zaman Tiflisdə ceyranların nəsli kəsilmişdi və yalnız Azərbaycanda müəyyən hissələrdə var idi.

Elşad Əsgərov qeyd edib ki, ceyranların uçotunun aparılması nəticəsində onların sayının 6 minə, hətta 9 minə qədər də yüksəldiyi olub: "Müxtəlif illərdə qida ehtiyatının azalması, yağıntılardan asılı olaraq ceyran populyasiyasının sayı artıb, azalıb. Ötən il apardığımız araşdırmada Şirvan Milli parkında 6 min 500 ceyran olduğu aşkarlanıb. Bu onu göstərir ki, ərazinin tutumu bu qədərdir və 6-9 min arası ceyranı burada saxlamaq mümkündür".


Ceyran tez artan heyvandır, onlar 2-3 bala verir və növbəti ildə o balalar da nəsilvermədə iştirak edir. Ötən əsrin sonu Azərbaycan sosial-iqtisadi problemlərin artması, müharibə nəticəsində mülki əhalinin yerdəyişməsi və yeni məskunlaşma əraziləri vəhşi təbiətə təsir edir.

- 2004-2006-ci illər yeni yaradılan Şirvan Milli parkında yerüstü və havadan sayma nəticəsində ceyranların sayının 3 min başa qədər azaldığı müəyyən edilib. Ölkədə iqtisadi inkişaf, təbiətə qayğının artması, mühafizə rejimin artması yenidən ceyranların sayının artmasına təsir edib. Bir neçə ilə ceyranların sayı 5500-ə qədər artıb. Say artsa da, onun adı Azərbaycanın “Qırmızı kitabı”nda hələ də saxlanılır. Buna səbəb isə ceyranların populyasiyasının yalnız yasaqlıq və qoruqlar daxilində mümkün olmasıdır. Çünki onlardan kənarda ceyran artımı yoxdur,- E.Əsgərov vurğulayıb.



Son tədqiqatlara əsasən Şirvan Milli Parkı, Bəndovan yasaqlığı və Şirvan Qoruğunda ceyran populyasiyanın 7414 baş olduğu qeydə alınıb.
"Avropada yolun sağında və solunda cüyürlərə, marallara sürülərlə rast gəlmək mümkündür. Heyanlara Avropadakı kimi münasibət göstərsək, ceyranların kəndlərimizin yaxınlığında otlaması, sürü ilə gəzməsi də mümkündür",- direktor əlavə edib.

2008-ci ildən ölkəmizdə ceyranların tarixi areallarına bərpa etmək işləri daha da intensivləşdirilib. Azərbaycanda Qobustan ərazisi, Sumqayıt yaylası, Acınohur, Abşeron, Ceyrancöl əraziləri ceyranların buraxılması və populyasiyası üçün müvafiq ərazilər kimi qeyd olunub.

E.Əsgərovun sözlərinə görə, ceyranları digər ərazilərə aparmaqda məqsəd onların yaxın qohum çarpazlaşmasından uzaqlaşdırmaqdır: "Əvvəlki ərazidə ceyranların sayı sürətlə artır və bu, yaxın qohum çarpazlaşmasında yaranır. 6 min heyvan bir-birinin qohumdur. Yaxın qohum çarpazlaşmasından isə genetik fəsadlar baş verə bilir. Sabah iqlim dəyişkənliyi baş verəndə buradakı heyvanlar eyni reaksiyanı verəcək. Bizim əlavə rezervimiz olmalıdır ki, həmin heyvanları yenidən bu ərazilərə gətirək və yayılmasına kömək edək".

Direktor bildirib ki, azad edilmiş ərzilərimiz vaxtilə ceyranın tarixi arealına daxil olub: “Keçən əsrin ortalarında orada məskunlaşma, əkinçilik ceyranın arealının kiçilməsinə səbəb olub. İndi orada insanlar məskunlaşmamış ceyran populyasiyasını bərpa etmək olar. Bu istiqamətdə də artıq işlərə başlanılıb və 33 baş ceyran ora buraxılıb”.

İndi əsas düşündürücü məqamlardan biri azad edilmiş ərazilərdə ceyranların təhlükəsizliyi məsələsidir.



Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti