“Yeni qanun bələdiyyələrin və parlamentin gələcək tərkibinə təsir edəcək” - Sahib Alıyev (MÜSAHİBƏ)

   “Yeni qanun bələdiyyələrin və parlamentin gələcək tərkibinə təsir edəcək” -    Sahib Alıyev (MÜSAHİBƏ)
  26 Oktyabr 2022    Oxunub:1729
Milli Məclisdə oktyabrın 24-də “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai dinləməsi təşkil edildi. Gözlənildiyi kimi iki gündür ki, həm qanun layihəsinin özü, həm də ictimai dinləmədə onun lehinə və əleyhinə səsləndirilən fikirlər ətrafında şərhlər verilir, tok-şoular təşkil edilir. Bu qanun layihəsi nədən belə ajiotaj doğurub və onun ictiami dinləməsini təşkil etməkdə məqsəd nədir?
Əməkdaşımız yeni qanun layihəsini hazırlayan komitələrdən birinin, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyevdən bu haqda müsahibə götürüb.

- Sahib müəllim, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı bu ajiotaj nədən irəli gəlir və nədən o haqda xeyli ziddiiyyətli fikirlər var?
- Söhbət siyasətçilərin fəaliyyətini bu və ya digər dərəcədə tənzimləyən yenu qanun layihəsindən getdiyindən əslində ona marağın çox olması yox, az olması təəccüb doğurmalıdır, məncə. Mən bunu normal hesab edirəm. Ziddiyyətli fikirlərə gəldikdə, konkret nələri nəzərdə tutursunuz bilmirəm, amma Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmədə mən də vardım, orada çıxış da etdim. Sonda çıxış edənlərdən biri olduğumdan əslində o, tənqid üzərində qurulmalıydı, çünki hazırlanmasında üzv olduğum komitənin də yer aldığı bu layihə ilə bağlı çoxlu sayda əsassız fikirlər də səsləndirilirdi. Amma ölkədə siyasi dialoq mühitinin təzə-təzə təkmilləşdirildiyini, eyni zamanda ictimai dinləməyə gələn partiyaların əksəriyyətinin liderlərinin bundan boyun qaçıran beçinci kolon təmsilçilərindən fərqli olaraq yanlış-düz fərqi yoxdur, öz mövqelərindən çıxış etdiklərini, hamımızın daha demokratik, daha qüdrətli Azərbaycan üçün çalışdığımızı nəzərə alaraq əsasən yeni qanun layihəsinin hazırlanmasını zəruru edən səbəblərdən danışmağa üstünlük verdim. Yəni konseptual bir yanaşma ilə kifayətləndim.

- Sirr deyilsə, nə idi o konseptual yanaşma?
- Yox, artıq sirr deyil, çünki iki gün öncə səsləndirilib (gülür). Bilirsiniz, Azərbaycanda partiyaların sayına, necə fəaliyyət göstərdiklərinə baxanda burada determinliyin yox, xaosun dominantlığı açıq-aydın nəzərə çarpır. Onun da səbəbi məncə, bizdə partiyaların yaradılmağa başladığı vaxtla bağlıdır. Yəni 90-cı illərin xaosunun diqtəsi ilə start götürən bir prosesdən söhbət gedir. Şükürlər olsun ki, o xaos artıq çoxdan yoxdur. Amma yeni dövr ortaya güc və təsirli mövqe qoymaq üçün eyni siyasi platformada duranların, eyni ideologiyanı bölüşənlərin təmərküzləşməsini tələb etdiyi halda bunun əksini görürük. Ötən əsrdəki, belə demək mümkünsə, xaos matritsası görünür hələ qalır, ona görə də bir çox siyası partiyalar quruculuğun deyil, yol verilən nöqsanlardan, ambisiyaların toqquşmasından doğan parçalanmanın nəticəsi kimi meydana çıxırlar. Biz güclü təmsilçilik idarəçiliyi, təmsilçilik demokratiyası istəyiriksə, təbii ki, buna son qoyulmalıdır. Ölkədə ancaq və ancaq milli maraqlardan çıxış etməyi bacaran, özünün alternativ proqramı, platforması və onu reallaşdıra biləcək peşəkar təmsilçiləri olan güclü partiyalara ehtiyac var. Belə partiyalara ehtiyacın olduğunu əgər hakimiyyət özü də deyirsə, üstəlik bunun qanunvericilik bazası da yaradılırsa, məncə, bu ancaq alqışlanmalıdır.


Yəni “Siyasi partiyalar haqqında” yeni qanun belə bir ehtiyacdan doğur. İndiki Azərbaycan 90-cı illərin Azərbaycanı deyil axı. Birincisi dövlət güclənib, ikinci, cəmiyyət siyasi baxımdam yetkinləşib bu, siyasi fəaliyyətlə məşğul olaaların əksəriyyətinin Vətən savaşında sərgilədikləri mövqedə, Azərbaycanın zəfərində maraqlı olmayan böyük güclərin müxtəlif cəhdlərinə rəğmən hakimiyyətə verdikləri açıq və birmanalı dəstəkdə də özünü göstərmədimi? Və yaxud, necə düşünürsünüz, indi 92-ci ildə olduğu kimi hər hansı bir partiya lideri, yaxud funksioneri çıxıb desə ki, bizim hakimiyyətə gəlməyimizi 11 xarici dövlət dəstəkləyir, cəmiyyət əvvəlki kimi bunu normal qarşılayıb, hətta üstünlük sayarmı? Təbii ki, yox.
Ona görə də böyük güclərin əks mövqedə durmalarına rəğmən, öz torpaqlarını azad etməyi bacarmış, düşmən üzərində sarsıdıcı zəfər çalmış bir ölkədə təmsilçilik demokratiyası tam oturuşmalı və bu da özünü ilk növbədə təkmil partiya quruculuğunda göstərməlidir. Digər ölkələrin də təcrübəsi göstərir ki, təmsilçilik idarəçiliyinin təkmilləşdirilməsi isə həm də güclü partiyaların varlığından keçir, bunsuz o, elə də asan deyil.

- Yeni qanun layihəsini tənqid edənlər bəyəm bunun əleyhinədirlər?
- Sözdə yox. Ola bilər ki, əməldə də əleyhinə deyillər. Amma hamısının da olmasa, çoxunun çıxışlarını dinlədikdə, adamda belə bir təəssürat yaranır ki, de-fakto bir, yaxud da bir neçə şəxsdən ibarət partiyaya liderlik onlar üçün, belə demək mümkünsə, komfort zonasıdır və ona toxunulmasını istəmirlər. İstədikləri özləri üçün daha münbit şəraitin yaradılması, dövlətdən maliyyə dəstəyi, Bakıda olduğu kimi bölgələrdə də ofislərinin açılması, onun saxlanmasına vəsit ayrılması və sair və ilaxırdır.
İndi baxın, səhv etmirəmsə, bizdə 58 partiya qeydiyyatdan keçib, bütövlükdə isə yüzə yaxın guya partiya var. Təklif olunduğu kimi dövlət həmən partiyaların hamısını nəinki Bakıda, rayonlarda da ofislə təmin edə bilərmi? Bir rayonda 100 partiya qərargahı təsəvvür edirsiniz? Tutaq ki, dövlət ona da getdi, bunun cəmiyyətə nə faydası dəyəcək?
Əlbəttə, böyük partiyaların bölgələrdə də qərargahları olmalıdır və dövlət də mümkün çərçivədə buna şərait yaratmalıdır ki, yeni qanun layihəsi həm də onun üçündür. Amma daha ucdantutma bütün partiyalara maliyyə ayırmaq, ofislə təmin etmək-bu, dövlətin vəzifəsi deyil, heç bir ölkədə də elə təcrübə yoxdur. Partiyaların dövlət tərəfindən maliyyələşməsində əsas indiqator rolunu ona cəmiyyətin verdiyi dəstək, seçkilərdə qazandığı uğur oynayır.

- Yaxşı, orada səslənən tənqidlərin içərisində heçmi rasionalı yox idi, siz özünüz tənqid edənlərin yerinə olsa idiniz diqqəti daha çox nəyə yönəldərdiniz?
- Kim deyir ki, yox idi, əlbəttə, vardı. Yeni Azərbaycan Partiyasının sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun özü belə bir sıra düzəlişlərə ehtiyac olduğunu dedi ki, prinsipcə, mən də onunla razıyam. Eyni zamanda hətta çıxışını tam tənqid üzərində quranların da gətirdikləri bir sıra arqumentlər fikrimcə, qanun layihəsində nəzərə alınmalıdır.
Diqqətin daha çox nəyə yönəldilməli olduğuna gəldikdə, mən artıq qeyd etdim ki, bu qanun layihəsi ilk növbədə ölkədə təmsilçilik demokratiyasının oturuşmasını təmin etmək üçündür. Amma biz indi oturuşmuş təmsilçilik demokratiyası olan ölkələrdə necə bir lider böhranı yaşandığını da görürük. Bir çox böyük dövlətlərin başında Fransadakı kimi yumşaq desək, tutduqları posta adekvat olmayanların oturdulduğuna şahidik. Bu, həm partiya idarəçiliyi prosesində, həm də seçki zamanı yol verilən manipulyasiyalardan doğan reallıqdır. Yəni onun nəticəsidir ki, siyasi konfiqurasiyanı paradoksal görünsə də, əslində üzdə olan siyasətçilər yox, başqaları formalaşdırır, sonra da onlara da, cəmiyyətə də sırıyırlar.
İndi Azərbaycanın cənab İlham Əliyevin timsalında güclü bir lideri var və hər kəs yaxşı fərqindədir ki, bizim ikinci Qarabağ savaşında zəfər çalmamızda da, digər uğurlarımızda da, o, həlledici rol oynayıb. Məncə, layihəni tənqid edənlər diqqəti daha çox bu reallığın qorunub saxlanmasına, Fransada və digər ölkələrdəkinə bənzər acı təcrübənin gələcəkdə bizdə də yaşanmaması üçün nə etmək lazım gəldiyinə, necə bir qanunvericilik bazası formalaşdırmalı olduğumuza yönəltməli idilər.

- Siz necə düşünürsünüz, əgər qəbul edilərsə, yeni qanun layihəsi haqda beynəlxalq qurumların, o sıradan Venesiya Komissiyasının, Avropa İnsan Haqları Məhkəməsinin rəyləri necə olacaq?
- Biz bu qanunu nə sözü gedən komissiya, nə də beynəlxalq qurumlar üçün hazırlayırıq. Burada söhbət ilk növbədə demokratik prinsiplər əsasında dövlət idarəçiliyimizi daha da təkmilləşdirmək üçün nəzərdə tutulan bir qanun layihəsindən gedir. Əlbəttə, çalışmaq lazımdır ki, orada bəlli beynəlxalq qurumların əsaslı tənqidinə tuş gələcək nəsə olmasın və buna çalışılır da. Layihə hazırlanarkən 20 qabaqcıl ölkənin təcrübəsi elə-belə öyrənilməyib axı. Amma məsələ burasındadır ki, həmən o beynəlxalq qurumlar, elə Venesiya Komissiyası özü də heç də bütün qiymətləndirmələrində obyektivlik sərgiləmirlər.
Məsələn, Venesiya Komissiyası partiya yaradılması üçün Moldovada 4 min üzv tələb edilməsini normal qarşılayıb əhalisinin sayı həmən Moldovadan haradasa 3 dəfə çox olan Azərbaycan bunun üçün 5 min üzv həddi müəyyənlədirmək istəyəndə əleyhinə çıxmışdı? Ümumiyyətlə, siz necə düşünürsünüz, arxasında təkidli çağırışlara baxmayaraq, gəlib ötəri də olsa öz sivilizasiyalarından saydıqlarının Qarabağla Şərqi Zəngəzurda törətdikləri vəhşilikləri görmək istəməyib, hazırda Ermənsitana missiya dalınca missiya göndərənlərin dayandığı qurumların obyektivliyinə güvənmək olarmı?
Avropa İnsan Haqları Məhkəməsi deyirsiniz, hansı məhkəmə? Bu yaxınlarda Türkiyə Prezidenti cənab Ərdoğan çox haqlı olaraq həmən qrurumu siyasi motivli qərarlar qəbul etməkdə suçlandırdı ki, bu, doğrudan da belədir. Çünki 2012-ci ildə QHT-lərin Avropa İnsan Haqları Məhkəməsinə üzv göndərmək hüququnun tanınmasıyla başlanan prosesdən sonra həmən qurumdakı 100 hakimin yarıdan çoxu əvvələr nəinki bu vəzifədə olmuş və hətta hakim köməkçisi belə işləməmiş adamların arasından seçildi. Yəni heç bir hakimlik təcrübəsi olmayanlara elə bir mötəbər qurumda təmsilçilik hüququ verildi, çünki əksəriyyəti Sorosa bağlı QHT-lərin üzvləri idi. İndi bu adamların doğru və ədalətli qərarlar çıxaracaqlarına inanmaq mümkündürmü?
Bununla yanaşı, mən bir daha vurğulayıram ki, biz istənilən halda Azərbaycan Konstitusiyasının tələblərini, qabaqcıl ölkələrin təcrübəsini, demokratik prinsipləri özündə əks etdirən bir qanun layihəsinin üzərində işləyirik və o, ictimai dinləmələr zamanı da verilən bir sıra önəmli təkliflər də nəzərə alınmaqla daha da təkmilləşdiriləndən sonra Milli Məclisin gündəliyinə çıxarılacaq.
Neçə aydır layihənin parlamentin saytında olması, ictimai dinləmələrin təşkili də bir daha göstərir ki, burada məqsəd cəmiyyətin maraqlarına tam cavab verən, oturuşmuş təmsilçilik demokratiyasına yol açan, partiyaların ölkədə nüfuzunun artmasına xidmət edən bir qanun layihəsi ərsəyə gətirməkdir.

- Venesiya Komissiyasından misal gətirdiniz, Azərbaycan Xalq Partiyasının lideri Pənah Hüseyn də ictimai dinləmədəki çıxışında indiki qanun layihəsinin Prezident Adminstrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun dövründə, daha dəqiqi 2011-ci ildə həmən quruma təqdim edildiyini, amma bəyənilmədiyini dedi. Doğrudanmı elədir, indiki layihə o zaman hazırlananla eynidir?
- Pənah bəy intellekti olan və öz üzərində işləyən adamdır. Ancaq gətirdiyi bir sıra arqumentlər kimi bunun da heç bir əsası yoxdur. Orada partiyaların qeydiyyatı üçün tələb olunan üzv sayı ilə bağlı açıqladığı rəqəm belə indi fərqlidir, həqiqəti əks etdirmir və bunu özü də bilməmiş deyil. Görünür, arqumentlərinin əsassızlığını da anladığı üçün çıxışında tənqid hədəfi və oponent olaraq yeni layihənin hazırlanmasından tam xəbərsiz keçmiş məmuru seçmişdi.
Sonda bir daha qeyd etmək istəyirəm ki, bu layihə cağdaş Azərbaycanın iç reallığından irəli gələn, Prezident İlham Əliyevin 2018-ci ildə başlatdığı islahatların qanunvericilik bazasının təkmilləşdirilməsi yönündə atılan bir addımdır. Cənab Prezidentin 6-cı çağırış Milli Məclisin açılış iclasındakı nitqində də bildirdiyi kimi ölkədə artıq fərqli siyasi konfiqurasiya və siyasi mədəniyyət formalaşıb.
Mən əminəm ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi kimin ona necə yanaşmasından asılı olmayaraq ölkədə siyasi mədəniyyətin daha da yüksəlməsində, güclü partiyaların meydana çıxmasında müsbət rol oynayacaq. Və heç şübhəsiz ki, bu, bələdiyyələrlə parlamentin gələcək tərkibinə də təsirsiz ötüşməyəcək.

- Maraqlı müsahibə oldu, təşəkkür edirəm.
- Suallar maraqlı idi, yəqin ondandır, mən təşəkkür edirəm.

Sahil İskəndərov
AzVision.az



Teqlər: Qanun   Partiyalar  





Xəbər lenti