Birinci Dünya Müharibəsi dönəmində osmanlı və rus ordusu Sarıqamışda çətin bir döyüş yolu keçirdi. Osmanlı dövlətinin böyük hərbi səhvi, şaxtalı hava, ərzaq və sursat qıtlığı ucbatından xeyli sayda türk əsgəri şəhid olmuş, sağ qalanlar isə ruslara əsir düşmüşdü.
Tarixdə daim imzaladığı müqavilələrə, verdiyi vədlərə xilaf çıxan ruslar bu dəfə də eyni obrazda idlər. Onlar əsirlərlə rəftar qaydalarını heçə sayır, türk əsgərlərini ucsuz - bucaqsız Sibir düşərgələrinə aparmaq üçün vaqonlara yığırdılar. Türk əsgərlərinin saxlanıldığı vaqonlar natəmiz idi, ifunətdən yaxınlaşmaq olmurdu. Belə antisanitariya şəraitində xəstəliklərdən qorunmaq mümkün deyildi. Ona görə də əsirlər arasında ölümlərin ardı- arası kəsilmirdi. Yaralı, xəstə və sağlam əsirlər eyni vaqonlarda daşınırdı. Vaqonlara nəzarət isə Qafqaz ermənilərinə tapşırılmışdı.

Qatarların dayandığı hər stansiyada həyatını itirmiş 15-20 türk əsgərinin cəsədi açıq ərazilərə atılırdı. Sibirdəki cəhənnəmi xatırladan düşərgələrə sağ-salamat gəlib çatmaq heç də qurtuluş deyildi. Burdakı şərait vaqonlardakı şəraitdən heç nə ilə fərqlənmirdi. Tərk edilmiş fabrikləri düşərgələrə çevirib əsirləri orada saxlayırdılar. Hətta ən ağır şərtlərə öyrəşmiş əsgərin belə bu düşərgələrdə uzun müddət həyatda qalmaq şansı yox idi . Vəziyyəti daha dözülməz edən isə mütəmadi olaraq düşərgələrə yeni əsirlərin gətirilməsi idi.
Əsir sayının dayanmadan artması şiddətli qıtlıq yaradırdı. Bu acınacaqlı vəziyyət 1917 ci ilə qədər davam etdi. Rusiyadakı inqilab və hakimiyyət üstündə baş verən çəkişmələr bu düşərgələrə göndərilən ərzaq və geyimin tamamilə dayandırılmasına gətirib çıxardı. Düşərgəyə verilən diqqətin azalmasından istifadə edən bəzi türk əsirlər o cəhənnəmdən xilas ola bilmişdilər. Lakin 1800 əsir isə Vətəndən uzaqda, şaxtanın balta kimi kəsdiyi bu yerdə isti geyimsiz, qidasız, mənəvi və fiziki əzablar içində ölümə məhkum edilmişdi.

Ən betəri ölümdür deyiblər, lakin ölümün də dözülməzləri var. Əziz adamını itirənlər adətən təsəllini məzar daşında tapırlar. O məzarda təkcə əziz insan deyil, həm də o insanla bağlı əzab verən ümidlər, arzular da dəfn edilir. İtkin düşən yaxınlarının yolunu gözləmək əzabların ən şiddətlisi hesab olunur. Əsir qalan 1800 türkün yaxınları da belə şiddətli əzab verən bir ümidə təhkim olunmuşdular.

Bəs oları kim və necə xilas etdi ?Atasından qalmış 10 min qızılı ilə böyük riskə gedərək, ruslarla danışıqlara oturmuş qəhrəman türk qadın – Məryəm Atmaca!
Bütün sərvətini ruslara verib, qarşılığında təsadüfən sağ qalmış türk əsirlərin azad olunmasını istəmişdi və buna nail olmuşdu. Müharibə qəhrəmanları arasında adı çəkilməyən bu qadın ömrünün geri qalanını yoxsulluq içində yaşadı, amma bir an olsun peşmanlıq hissi keçirmədi. Qəhrəmanlıq yalnız döyüş meydanında göstərilmir!

Ləman Bağdad
AzVision.az