London və Paris “son cəhd”i göstərəcəklər

London və Paris    “son cəhd”i    göstərəcəklər
  11 Noyabr 2024    Oxunub:571
Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron “sonuncu dəfə” Co Baydeni prezidentlik müddəti başa çatana qədər Kiyevə Rusiya ərazisinin dərinliklərinə “Storm Shadow” raketləri ilə zərbə endirmək qadağasını ləğv etməyə inandırmağa çalışacaqlar.
AzVision.az xəbər verir ki, Böyük Britaniya hökumətindəki mənbələrə istinad edən “The Telegraph” nəşri bu danışıqların Parisdə keçiriləcəyini yazıb.

Orada Starmer Barışıq Günü bayramında iştirak edəcək. Həmin gün Fransa 1918-ci ildə Birinci Dünya Müharibəsinə son qoyan Kompyen atəşkəs müqaviləsinin imzalanmasını qeyd edir. Kir Starmer 1944-cü ildə Uinston Çörçilldən sonra həmin gün Fransa paytaxtına səfər edən ilk Britaniya baş naziri olacaq.

Böyük Britaniya və Fransa liderlərinin görüşdə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Vaşinqtonun Ukrayna siyasətini necə dəyişəcəyini müzakirə edəcəkləri bildirilir.

“Kir Starmer və Emmanuel Macronun Trampın ABŞ-nin Ukraynaya dəstəyini kəsmək səylərini əngəlləmək üçün son addımı atacağı gözlənilir.Bu məqsədlə London Baydenin səlahiyyət müddəti başa çatana qədər qalan vaxtdan maksimum yararlanmaq istəyir. Əgər o, razılaşarsa və qadağanın ləğvini “xarici siyasət irsinin bir hissəsi” etmək istəyirsə, andiçmə mərasimindən sonra Donald Trampın bu qərara yenidən baxması çətin olacaq”, - materialda vurğulanır.

“The Telegraph” nəşrinin başqa bir mənbəsi isə bildirib ki, Britaniya hökuməti Co Baydenin yaxın həftələrdə Kiyevə iqtisadi yardımı da sürətləndirəcəyini gözləyir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Starmer   Makron   Bayden  





Xəbər lenti