Eşşək ətindən dönər? – Ye, nuş olsun! (Reportaj)

Eşşək ətindən dönər? – Ye, nuş olsun! (Reportaj)
  25 Noyabr 2015    Oxunub:20961
Yəqin ki, çoxlarınız dönər almaq istəyərkən tərəddüd edib, özünüzə sual edirsiniz: “Görəsən, alım, ya almayım. Bəs əti? Bəlkə, deyilənlər doğrudur. Bəlkə də yediyimiz dönərlər camış və eşşək ətindən hazırlanıb? Bəlkə…”.

Özümüzə o qədər sual edirik ki, sonda dönər almağa nə həvəsimiz, nə də iştahımız qalır.

Azərbaycanda toyuq dönərinin satışı qadağan olunsa da, paytaxtın dörd bir yanında toyuq ətindən hazırlanan dönər satılır. Dönərin ən çox satıldığı yerlər metro keçidlərinin ətrafı və ticarət mərkəzlərinin qarşısıdır. Toyuq dönərinin infeksiyaya daha çox meyilli olduğunu nəzərə alaraq dönərxanalara baş çəkdik.



“Böyük Fırat” restoranlar şəbəkəsinin nümayəndəsi Mahmud Durmuş deyir ki, onların satdıqları dönərə söz ola bilməz: “Bizim İsmayıllıda heyvansaxlama yerlərimiz var. Heyvanları İsmayıllıdan gətirib, Keşlədəki məntəqələrimizdə İslam qaydalarına uyğun şəkildə kəsirik. Kəsilmiş ətlər böyük soyuducularda saxlanılır. Daha sonra soyuduculu maşınlarda şəbəkələrimizə paylanılır. Dondurulmuş ətlərdən qəti şəkildə istifadə olunmur”.

Metronun “28 May” stansiyasının yaxınlığında yerləşən dönərxanalardakı vəziyyətlə də maraqlandıq.



“İstifadə etdyimiz toyuq ətini bazardan alırıq. Hər gün 8 kiloqram bud ətindən istifadə edirik. Çalışırıq təmizlik qaydalarına riayət edək. Deyirlər ki, guya biz dönəti eşşək ətindən hazırlayırıq”-deyə satıcı bildirib.

Digər dönər ustası istifadə etdiyi əti topdansatış məntəqəsindən aldığını deyir.

“Buzlu toyuqların kiloqramını 2 manatdan alırıq. Elə dönərxanalar olur ki, onlar dönərin ətini hazır alırlar. Amma biz elə etmirik. Dadlı olması üçün ətə xüsusi ədviyyatlar qatırıq. Qiymətimiz elə də baha deyil, dönəri 1 manat 50 qəpiyə satırıq”.



Dönərçinin sözlərinə görə, mal ətindən hazırlanan dönərlər xəstəlik mənbəyidir: “Problem toyuq ətindən hazırlanan dönərlərdə deyil, problemi ətin kiloqramının 9-10 manata olan vaxtında 1 manat 50 qəpiyə satılan ət dönərlərində axtarın. Bu necə olur, sizcə təzə ətdən olan dönəri o qiymətə satarlar?”.

Dönərçi ilə söhbətimizi bitirib “Tantuni” adlanan məkana yaxınlaşırıq.

“Əlimizdə Dövlət Baytarlıq Xidmətindən şəhadətnamələri var və istifadə etdiyimiz dönər ətlərində problem yoxdur”-deyə satıcı qeyd edib.

Satıcının sözlərinə görə, məkanda təmizlik qaydalarına ciddi riayət edilir: “Biz ətləri “AzBanvit” müəssisəsindən alırıq. Heç bir problem yoxdur. Bir neçə aydan bir 196 manat verib, 100 qramlıq əti yoxlamadan keçirdirik”.

Baş çəkdiyimiz digər dönərxanalarda vəziyyət ürəkaçan deyildi. Yol kənarlarında, insanların gediş-gəlişinin intensiv olduğu yerlərdə satılan dönərlərin toz-torpaq içində hazırlandığının şahidi olduq.



Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevin sözlərinə görə, dönər çox təhlükəli qida növüdür.

O hesab edir ki, 12-15 saat ərzində odda qalan ət topasının xarab olmaması mümkünsüzdür:

“Bizim üçün şadlıq evləri, böyük restoranlar o qədər problem törətmir, nəinki dönər satıcıları. Dönər bizim üçün bəlaya çevrilib. Toyuq əti mikroblara qarşı daha həssasdır. Bu da insan orqanizmində müəyyən xəstəliklərin yaranmasına səbəb olur. Dönərçilərin özləri başdan-ayağa infeksiya mənbəyidir”.

İmran Abdullayevin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə əsasən, toyuq dönəri satan fiziki şəxslər 50-100 AZN-ə qədər, vəzifəli şəxslər 100 -200 AZN-ə qədər, hüquqi şəxslər isə 200-400 AZN-ə qədər cərimə olunmalıdırlar.



Şahanə Rəhimli
Fotolar: Elvin Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti