"İnşaatçılar"da təmirə bağlanan vestibül açılıb

"İnşaatçılar"da təmirə bağlanan vestibül açılıb
  18 Aprel 2017    Oxunub:2509
Bakı metrosunun "İnşaatçılar" stansiyasının təmirə bağlanan birinci vestibülü açılıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aprelin 18-də səhər saat 06:00-dan “İnşaatçılar” stansiyasının birinci vestibülü yenidən sərnişinləri qəbul etməyə başlayıb.

Qeyd edək ki, 1986-cı ildə istifadəyə verilən stansiyanın birinci vestibülü təmir-bərpa işlərinin aparılması, xüsusən də istismar müddətini baş vurmuş eskalatorların müasir analoqları ilə əvəzlənməsi məqsədilə bu ilin yanvarın 23-dən sərnişinlərin giriş-çıxışına bağlanılıb. Təmir dövründə vestibülün bütün elektrik təchizatı, yanğın təhlükəsizliyi və elektromexaniki qurğuları yeniləşdirilərək müasir tələblər səviyyəsinə çatdırılıb.
Təmir müddətində stansiyanın 30 illik istismar müddətini baş vurmuş ET-5 tipli 3 eskalatoru Almaniyanın “Thyssen Krupp” şirkətinin “Tugela” tipli analoqları ilə əvəzlənib. Bu eskalatorlar daha qənaətcil, yığcam, lakin iş qabiliyyəti və funksionallığı daha təkmilləşdirilib, həm də müasir estetik görkəmi ilə seçilir.
Ötən müddət ərzində eskalatorların maşın zalı, vestübülün kassa zalı tam yeniləşdirilib, mərmər-qranit örtüyü dəyişdirilib.

Sərnişin keçid məntəqəsində yeni avtomat-nəzarət buraxılış köşkü və aparatları qoyulub. Əvvəlki kassa zalının qarşısında “BakıKart” kart yükləmə və satışı aparatlarının rahat və sərnişinlərə maneə törətmədən yerləşdirilməsi üçün xüsusi yer inşa olunub. Bundan başqa, həm girişdə eskalatorlara qədər, həm də eskalatorlardan çıxış qapısına qədər relyefli səthə malik tametdən yaradılmış zolaq tətbiq edilib və bu, görmə məhdudiyyətli sərnişinlərin özünün səmti asanlıqla müəyyənləşdirməsi üçün nəzərdə tutulub.

AzVision.az


Teqlər: Metro  





Xəbər lenti