“Həmsədrlər hesabat verməlidirlər” - Azay Quliyev

“Həmsədrlər hesabat verməlidirlər” - Azay Quliyev
  18 Aprel 2017    Oxunub:2393
ATƏT-in Minsk qrupu həmsədrləri ATƏT PA-da hesabat verə bilər.
AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev deyib.

2015-ci ildə ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox mühüm qətnamə qəbul etdiyini qeyd edən A.Quliyev bildirib ki, “Helsinki prinsiplərinə sədaqət” adlı qətnamədə Azərbaycanın ərazi bütövlüyünün təminatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox mühüm müddəalar yer alıb:

“Biz düşünürük ki, bu qətnamələr çox vacibdir. Ancaq, Azərbaycana konkret fəaliyyət lazımdır. ATƏT PA ATƏT-in bu münaqişənin həllində göstərdiyi fəaliyyəti saf-çürük, təftiş etməlidir. ATƏT-in Minsk qrupu həmsədrlərindən hesabat tələb etməlidir ki, 25 il ərzində hansı işlər həyata keçirilib? Niyə münaqişə həll olunmayıb? Biz düşünürük ki, həmsədrlər ATƏT PA-nın Minsk və ya Anddora sessiyalarına dəvət olunsun və hesabat versinlər”.

ATƏT PA-nın vitse-prezidenti bildirib ki, növbəti aylarda ATƏT-in Minsk qrupu ölkələrinin ATƏT PA-da təmsil olunan parlamentarilərinin görüşü keçirilə bilər: “Bu toplantıda parlamentarilərin münaqişələrin həllinə rolu müzakirə ediləcək”.

Azərbaycan və Ermənistandan olan parlamentarilərin görüşü barədə danışan A.Quliyev deyib ki, bu barədə ümüumi təşəbbüslər olsa da, konkret qərar yoxdur.

A.Quliyev, həmçinin deyib ki, ATƏT Parlament Assambleyasının sədri Milli Məclisin spikeri Oqtay Əsədov Kristina Muttonen Azərbaycana rəsmi səfərə dəvət edib və o, dəvəti məmnuniyyətlə qəbul edib: “Aprelin 23-24-də Kopenhagendə ATƏT PA-nın Büro iclası keçiriləcək. Bu məsələni bir daha xanım Muttonenə çatdıracağam və konkret tarixi müzakirə edəcəyik. Doğrudur, ATƏT PA-nın bütün sədrləri Azərbaycana səfər edib. Ümid edirəm ki, Kristina Muttonen də yaxın aylarda Azərbaycana səfər edəcək".

A.Quliyev əlavə edib: "Ötən ay Milli Məclisin spikeri Oqtay Əsədov Sankt-Peterburq şəhərinə səfəri çərçivəsində ATƏT PA-nın prezidenti Kristine Muttonen ilə görüşündə məsələ qaldırdı ki, Minsk qrupunun həmsədrləri ATƏT PA-nın növbəti sessiyalarının birinə dəvət olunsun və hesabat versin".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: AzayQuliyev   Qarabağ  





Xəbər lenti