Həmsədrlərdən Alxanlıdakı təxribatla bağlı bəyanat

Həmsədrlərdən Alxanlıdakı təxribatla bağlı bəyanat
  05 İyul 2017    Oxunub:2180
ATƏT-in Minsk Qrupunun həmsədrləri təcili olaraq Azərbaycan və Ermənistanı hərbi əməliyyatları dayandırmağa çağırır. AzVision.az xəbər verir ki, bu barədə həmsədrlərin ötən gün Füzuli rayonunun Alxanlı kəndində baş verən düşmən təxribatı ilə bağlı yaydığı bəyanatda bildirilib.
“Şiddət növbəti zorakılığa yol açır və heç nə vermir. Uzun sürən münaqişənin həlli üçün yeganə məsuliyyətli və humanitar yol tərəflərin xoş niyyətli danışıqlar masasına qayıtmasıdır”, - deyə bəyanatda vurğulanır. Həmsədrlər bəyanatlarında həlak olanların ailələrinə başsağlığı veriblər.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ATƏT   Təxribat   Alxanlı   Füzuli  





Xəbər lenti