Alxanlı faciəsi ilə bağlı Avropa Məhkəməsinə şikayət olunacaqmı?

Alxanlı faciəsi ilə bağlı Avropa Məhkəməsinə şikayət olunacaqmı?
  05 İyul 2017    Oxunub:2514
“Avropa İnsan Haqları Məhkəməsinə Ermənistanla bağlı şikayət vətəndaşlar tərəfindən edilməlidir. Yəqin ki, hüquqşunaslarımız, Azərbaycanda fəaliyyət göstərən vəkillər vətəndaşlara kömək edəcəklər ki, sənədləri hazırlasınlar və şikayətlərini dərhal Avropa İnsan Haqları Məhkəməsinə göndərsinlər”.
Bunu AzVision.az-a Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov erməni təxribatı nəticəsində Füzulinin Alxanlı kənd sakinləri azyaşlı Zəhra Quliyeva və Sahibə Allahverdiyevanın ölmü ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Ç.Əsgərov qeyd edib ki, bu hal Avropa İnsan Haqları Məhkəməsinin məsələyə daha diqqətlə yanaşmalı olduğunun göstəricisidir.

“Çünki keçən ilin aprel ayında baş vermiş hadisələrlə əlaqədar 700-dən artıq şikayət Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib və bu günə qədər demək olar ki, heç bir münasibət bildirilməyib. Müraciətlər icraata götürülməyib və bu da tezləşdirilməlidir. Ötən gün baş verən hadisə və ölən 2 yaşlı Zəhra ilə bağlı hal-hazırda dövlətimiz tərəfindən beynəlxalq təşkilatlarda məsələlər qaldırılıb və diqqətə çatdırılıb. Artıq bu gün Avropa Şurasında keçirilmiş Nazirlər Komitəsinin iclasında bizim nümayəndəliyimiz tərəfindən məlumatlar yayılıb və ciddi əks-sədaya səbəb olub. Avropa İnsan Haqları Məhkəməsinə gəlincə, ora gedən ərizələr fərdi şəxslər və ya bir qrup şəxslər tərəfindən verilir. Hadisələrlə bağlı şikayət getdiyi halda Azərbaycan höküməti mütləq maraqlı tərəf kimi bu proseslərdə iştirak edəcək və dövlətimizin mövqeyi Avropa İnsan Haqları Məhkəməsinə təqdim ediləcək”,-deyə Ç.Əsgərov vurğulayıb.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

Aytən Zəhra
AzVision.az



Teqlər: Çingiz-Əsgərov   Zəhra   Alxanlı   Füzuli  





Xəbər lenti