Gələn il pensiya xərcləri 193,2 milyon manat artacaq

  23 Noyabr 2017    Oxunub : 523
Gələn il pensiya xərcləri 193,2 milyon manat artacaq

Bu gün parlamentin plenar iclasında "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında" qanun layihələri müzakirə olunur.

AzVision.az-ın məlumatına görə, 2018-ci ildə Dövlət Sosial Müdaifə Fondunun gəlirləri 3578,76 mln. manat həcmində proqnozlaşdırılır ki, bu da 2016-cı ilin müvafiq icra göstəricisindən 400,71 mln. manat və ya 12,6%, 2017-ci ilin müvafiq proqnoz göstəricisindən 178,76 mln. manat və ya 5,3%, gözlənilən icra göstəricisindən isə 182,66 mln. manat və ya 5,4% çoxdur.

2018-ci ildə Fondun xərclərinin gəlirləri qədər və ya 3578,76 mln. manat olacağı nəzərdə tutulub ki, bu da 2016-cı ilin müvafiq icra göstəricisindən 385,39 mln. manat və ya 12,1%, 2017-ci ilin müvafiq proqnoz göstəricisindən 178,76 mln. manat və ya 5,3%, gözlənilən icra göstəricisindən isə 89,48 mln. manat və ya 2,6% çoxdur.

Əvvəlki illər üzrə müvafiq qanunlarda əmək pensiyalarının baza və sığorta hissəsi üzrə ödəmələr ayrıca qeyd edilsə də “Əmək pensiyaları haqqında” qanuna 2017-ci ildə edilmiş dəyişiklliklərə müvafiq olaraq əmək pensiyalarının baza hissəsi ləğv edildiyi üçün Qanun layihəsində əmək pensiyalarının ödənilməsi xərcləri ümumi şəkildə əks etdirilib.

Əmək pensiyalarının ödənilməsinə 2016-cı ilin müvafiq icra göstəricisindən 364,16 mln. manat və ya 12,0%, 2017-ci ilin proqnoz göstəricisindən 193,18 mln. manat və ya 6,0%, gözlənilən icra göstəricisindən isə 109,0 mln. manat və ya 3,3% çox olmaqla əhaliyə ödənişlər üzrə xərclərin 3407,0 mln. manatı və ya 97,5%-i qədər vəsait xərclənəcək.

İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin gəlirləri və xərcləri 89 milyon 40 min manat məbləğində olacaq.

Bu, "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında" qanun layihəsində qeyd edilib. Gələn il fondun gəlirləri büdcədən maliyyələşən təşkilatlar üzrə 17 milyon 726 min 212 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 17 milyon 726 min 212 manat, digər sığortaedənlər 53 milyon 567 min 576 manat və sair gəlirlərdən 20 min manatlıq daxilolmalar hesabına təmin ediləcək.

"İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında" qanun layihəsində fondun xərclərinin istiqamətlərinə əsasən 2018-ci ildə fond tərəfindən işsizliyə görə sığorta ödənişləri 33 milyon 478 min manat, peşə hazırlığı və əlavə təhsilin təşkilinə 1 milyon 613 min manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 1 milyon 150 min manat, əmək yarmarkaları və əmək birjalarının təşkilinə 120 min manat, haqqı ödənilən ictimai işlərin təşkilinə 1 mln. 788 min manat, özünüməşğulluq tədbirlərinin təşkilinə 35 milyon 802 min manat, sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 1 milyon 380 min manat, məşğulluq xidməti orqanının aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinə 13 milyon 709 min manatın yönəldilməsi nəzərdə tutulur.

Müvafiq icra hakimiyyəti orqanı sığorta haqları üzrə hər ay üçün toplanmış vəsaitləri növbəti ayın 1-dək işsizlikdən sığorta fonduna köçürəcək. İlin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək.

"İşsizlikdən sığorta haqqında” qanun 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Milli-Məclis