Üzeyir dərsi

Üzeyir dərsi
  21 Sentyabr 2013    Oxunub:1609
Cavidan

Bu günlərdə Üzeyir Hacıbəyovun doğum gününü qeyd etdik. Saytlarda, portallarda bu dahi şəxsiyyət barəsində məlumatları bir daha oxuduq, bir daha dinlədik yazıb-yaratdıqlarını, Azərbaycan musiqi dünyasına bəxş etdiyi əsərlərini, bir daha doymadıq amma.
Düzdür, mən indi bu yazımı başladığım abzasda olduqca optimist göründüm, tamamilə haqlısınız. Zira, Üzeyir adı gəldiyi zaman söhbətin Hacıbəyovdan deyil, Mehdizadədən getdiyini düşünənlərimiz daha çoxdur hal-hazırda məmləkətdə.

“Sənsiz” i yaradan Üzeyir.
“O mənim olmalıdır”ı yaraşdıran Üzeyir.
Bəli, məhz yaraşdıran.

Gənc nəslin zəif damarını “Kəsəcəm damarları” kimi hitləri ilə tutan, tutuzduran Üzeyir onun həqiqətən də fanatları olan bu səmimi, daimi və çox böyük dinləyici-izləyici ordusunun ruhunu ən doğru-dürüst fəhmlə ölçüb, məhz bu ölçüyə uyğun gələn tərzdə mahnılarını yazır, onları bu orduya yaraşdırır.

Mən gənc, gözəl, hətta təhsilli qadınlar tanıyıram ki, telefonunda bu “zəmanəmizin musiqi qəhrəmanı”ndan ən azı üç mahnı gəzdirir.

Nə isə!

Yazımı Mehdizadəyə və onun mahnılarına həsr etmək fikrim yoxdur, mənə başqa məsələnin müzakirəsi və çözümü lazımdır əslində.

Orta məktəblərdə keçirilən ( keçirilməyən daha doğru ifadədir) musiqi dərslərindən bəhs etmək istərdim.

Çox nadir və istisna hallarda bu dərslərdə həqiqətən də musiqi dünyası tanıdılıb öyrədilir şagirdlərə, bunu hamımız bilirik.

Məsələn...

***

Keçən dərs ilinin sonlarında bölgə məktəblərinin birində musiqi müəllimi kimi çalışan çox dəyərli bir xanımla tanış olmuşdum, çalışdığı orta məktəbdə şagirdlərinə notları, bəstəkarların həyatlarını və əsərlərini, Azərbaycan və dünya musiqi tarixini öyrətdiyini elə həvəslə danışırdı ki, yenidən şagird olmaq, məhz bu xanımın musiqi dərslərində oturmaq keçdi ürəyimdən. Axı mən özüm də şagird olduğum zamanlarda musiqi dərslərində riyaziyyat, ana dili kimi əlavə yüklənmələrlə keçirmişəm uşaqlığımı. Özlərinə ayrılan qırx beş dəqiqənin ərzində özlərinə aid olan fənnləri tədris etməyi bacarmayan, çatdırmayan riyaziyyat, ana dili müəlimləri məni də musiqinin, təsviri incəsənətin, fiziki tərbiyənin, əməyin gözəlliklərindən və xeyirindən məhrum ediblər.

Bu müəllimə isə dərs dediyi şagirdlərlə ilin sonu üçün gözəl bir konsert proqramı belə hazırlamış, bütün məktəb kollektivini və rəhbərliyi özünün pedaqoji peşəkarlığı ilə valeh etmişdi.

Amma o təklərdəndir, istisnadır...

***

Bəli, çox ağır faktdır ki, bu gün Azərbaycanın əksər məktəblərində musiqi dərsləri sözün həqiqi mənasında yola verilir.
Bu dərsləri tədris etmək üçün ayrılan müəllimlərin əksəriyyəti musiqinin “m” hərfinin belə necə yazıldığını bilmir.

Bu müəllimlər əsasən məktəblərdə ikinci dərəcəli sayılan pedaqoji kollec təhsilli xanımlardır və onlar adətən öz dərslərinin vaxtını məsələn, riyaziyyat tədrisi ilə əvəz edilməsinə qarşı çıxmırlar, əskinə, belə bir dərszəbtetmə prosesi onlara özükimilərlə bir yana çəkilib, baxdıqları serialları, izlədikləri kriminal və ailə-məişət davalı TV verilişlərini, uzaq-yaxın adamların şəxsi həyatlarını müzakirə etmək şansı qazandırdığı üçün olduqca məmnun olurlar.

Və telefonlarında Üzeyir əsərləri.

Hacıbəyov yaratdıqları yox.

Mehdizadə mahnıları.


Teqlər:  





Xəbər lenti