Parlamentdə şəhid ailələrinin problemi qaldırıldı

  16 Oktyabr 2018    Oxunub : 1013
Parlamentdə şəhid ailələrinin problemi qaldırıldı
Milli Məclisin bu gün keçirilən plenar iclasında müavinət ala bilməyən şəhid ailələrinin məsələsi qaldırılıb.

AzVision.az xəbər verir ki, şəhid vərəsələrinin üzləşdiyi problemlə bağlı bir neçə deputat çıxış edib.
Prezident İlham Əliyev şəhid ailələrinə birdəfəlik 11 min manat verilməsi üçün addım atdı. Bu, böyük qayğıdır. Müharibə aparan dövlət belə insanların hüquqlarını qorumalıdır. Amma bir qrup insan var ki, bu hüquqdan yararlana bilmir”, - deyə deputat Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, bəzi şəhid ailələri “Azərsığorta”ya müraciət edirlər, amma mənfi cavab alırlar: “Həmin insanlara bildirirlər ki, onlar pulu 90-cı illərdə alıblar. Onlar vəsaiti almadıqlarını deyirlər. Vətəndaş da bunu sübut edəcək sənədi tələb edir. Sığorta şirkəti də vətəndaşdan tələb edir ki, vəsaiti almadığını sübut etsin. Vətəndaş bunu niyə sübut etməlidir ki? Bu gün hansısa bir insanın 11 min manat almaq hüququ pozulursa, bunun ağır mənəvi nəticələri ola bilər. Həmin insanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edirlər, nazirlik bildirir ki, adınız “Azərsığorta”nın təqdim etdiyi siyahıda yoxdur. Bu yanlış yanaşmadır. Dövlət qurumları öz funksiyalarını yerinə yetirmirlər, vətəndaşı Milli Məclisə yönləndirirlər. Parlament öhdəsinə düşəni edib, qərar qəbul edib, ölkə Prezidenti də bu istiqamətdə addım atıb. Hansısa işinin öhdəsindən gələ bilmirsə, bunun yolunu tapmaq lazımdır”.

Deputat prosesin sənədləşməsinin elektron qaydada aparılmasını təklif edib.

Zahid Oruc da çıxışında bu məsələyə toxunub. Deyib ki, 4800-dən artıq şəhid ailəsi müavinət ala bilməyib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi buna görə çox narahatdır. Məsələnin həll edilməsinə çalışırlar”.

Digər deputatlar Aqil Abbas, Qənirə Paşayeva da problemin tezliklə həll edilməsinin vacibliyini vurğulayıblar.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Milli-Məclis   Şəhid   Deputat