Hər biri fərqli səhnə yozumu, səhnə tərtibatı, eləcə də aktyor oyunu ilə bir-birindən köklü şəkildə fərqlənir.
Bəs, rejissor, aktrisa Məlahət Abbasovanın Türkiyə səhnəsində hazırladığı tamaşanın özəlliyi nədən ibarətdir? Yaradıcı heyət əsər və obrazları barədə nə düşünür? Bütün bu sualları müsahiblərimiz elə məşq prosesi zamanı öz sözlərilə cavablayıblar.
MƏLAHƏT ABBASOVA: Azərbaycan əsərinin Türkiyə səhnəsində qoyuluşu ilk hadisə deyil. Daha öncələr də İstanbul teatrlarında Bəxtiyar Vahabzadənin "İkinci səs", Rüstəm İbrahimbəyovun "Şirəbənzər", Anarın "Təhminə və Zaur", Elçin Əfəndiyevin "Ulduzlar altında cinayət" ("Qatil" – S.B.) əsərlərini hazırlaşmışdım. Hazırda üzərində işlədiyimiz “Şekspir" tamaşası da birbaşa İstanbul Bələdiyyəsi Şəhər Teatrının rəhbərliyindən gəldi. “Ulduzlar altında cinayət” tamaşası ilə Bakıya qastrola gəldiyimizdə Nərgiz Paşayevanıən dəvətilə Üns teatrında “Şekspir”ə baxıb elə oradaca qərarını vermişdi. Tamaşadan çıxan kimi “Məlahət, Türkiyəyə dönən kimi sənin ilk işin bu əsəri Türkiyə türkcəsinə uyğunlaşdırıb dövlət repertuarına vermək olacaq” demişdi. Mən də Turkiyəyə qayıdanda yönətmənimiz Hilmi Zəfər Şahinlə birgə əsəri türkcəyə uyğunlaşdırdıq. Repertuara təqdim edəndə də komissiyadan 98 faiz səslə keçdi. Aktyorlarımız da bu əsəri inanılmaz dərəcədə çox sevdilər.
Müəllifin Elçin Əfəndiyev olması isə ayrı bir üstünlükdür. Bütün əsərlərində olduğu kimi yazıçı bəşəri bir mövzuya toxunub. Yəni, sırf Azərbaycana xas özəllikləri olan yox, dünyəvi bir əsərdir. Azərbaycan dramaturgiyasının Türkiyədə tanınması isə qürurverici haldır. Bu işdə payım olduğu üçün çox xoşbəxtəm.
Mənim quruluşumdakı “Şekspir” digər rejissorların quruluşlarına bənzəməyəcək. Ən azından ona görə ki, hər baxımdan fərqlənəcək. Çünki, ideyam da, dünyagörüşüm də, tamaşaçılara vermək istədiyim mesaj da fərqlidir. Daha da detallı deyim. Əsərlə ilk tanışlığımda adının niyə “Şekspir” olmasını düşündüm. Amma sonra bu sirri anladım. Şekspir əsərlərini oxuyan hər kəs orada özündən bir parça görür. Və hətta fakt da var ki, ruhsal xəstələrin belə dəyişmə səbəbləri Şekspir əsərləri olub. Quruluşumdakı özəlliyə gəlincə, həyatım boyu nə bir ruhi, ağıl xəstəsinə dəli olaraq baxmamışam. Bu, beyinlə, beyindəki düşüncə ilə əlaqəli bir şeydir. Yəni, insan vücudunun bütün hərəkət mexanizmini həyata keçirən beyindir. Bir insanın beyni çox, digərininki az işləyə bilər. Bu baxımdan hər bir fərd mənim nəzərimdə əslində beyinin yaratdığı “əsərlər”dir. Hər kəsin öz dünyası, həyata baxışı, nəzər nöqtəsi var. Mənim quruluşumu də fərqli edən nyüans məhz beyinin hakimliyidir. Səhnə tərtibatında, eləcə də aktyor oyununda, geyimlərdə, hətta işıqlarda bunu görükdürməyə çalışmışam.
Qeyd edək ki, “Şekspir” tamaşasında ümumilikdə 8 nəfər aktyor - Sezai Aydın (Stalin), Selma Kutluğ (Sara Bernar), Özgür Bağ (Veneralı), Murat Coşkuner (Drop 13), Hakan Arlı (Baş həkim) Meriç Başaran (doktor ) Nevzat Çankaya (xəstə baxıcısı), Elçin Atamgüc (Ər-arvad) rol alıb. Onların bəziləri Azərbaycan seyrçisinə seriallardan tanışdır.
SELMA KUTLUĞ (Sara Bernar rolunun ifaçısı): Bu tamaşada rol aldığım üçün həm mutlu, həm də həyəcanlıyam. Məlahətlə də ilk əməkdaşlığımdır. Təqaüdçü bir sənətçiyəm, bu tamaşada bu rol üçün “qonaq oyunçu” qismində dəvət olunmuşam. Bu il həm də səhnədə 51-ci ildönümümü qeyd edirəm. Sara Bernar rolunu oynadığım üçün qəhrəmanımın Sara Bernarın həyatını da araşdırdım. Aldiğım bilgilər üzərində xarakteri oturtmağa çalışacağam. Ümid edirəm uğurlu alınar. Ümumiyyətlə, əsərdəki xarakterlərin hamısı bir-birindən çətindir. Obrazlarımızı oyunumuzla mümkün olduğu qədər doğrunu yansıda bilsək, nə mutlu bizə. Zənn edirəm “Şekspir” tamaşası ilə Azərbaycana da gedəcəyik. Bu səbəbdən ikiqat həyəcanlanlıyam. Türkiyə teatr sənətini layiqincə təmsil etmək çox önəmlidir. Ümid edirəm, Azərbaycanın həm seyrçiləri, həm də dəyərli sənətçi həmkarlarımız bizi çox bəyənər.
HAKAN ARLI (Baş həkim rolunun ifaçısı): Həm Azərbaycan əsərində, həm də Məlahət Abbasova ilə ilk işimdir. Baş həkim rolu həyat içində, həm ailədə, həm işində sıxıntıları olan bədbəxt bir insandır. Baş həkim vəzifəsinə gələnədək çox uğraşmış, bəlli bir səviyyəyə çatmaq üçün çox çaba sərf etmiş və qazandıqlarını itirmək istəməyən mutsuz bir adam. Amma xəstələrinə qarşı çox şəfqətli, xoşbəxt anları yalnız onlarla yaşayan biridir. Beynindəkilərinin dəyişməsi də bir xəstəsinin gəlişi ilə başlayır. Sonuc olaraq qəhrəmanım yaxşı bir adamdır deyə bilərəm.
MURAT COŞKUNER (Drop 13 rolunun ifaçısı): Qəhrəmanım Drop 13 kosmosdan gəldiyini iddia edir. Təbii ki, hadisələrin xəstəxanada baş veridiyni bilirik. Dəlilərdən biri olaraq tanınır, amma dəlidirmi, deyilmi, bəlli deyil. Adı heç duyulmamış bir planetdən bəhs edir. Mən qəhrəmanımı dəli olaraq görmürəm. Zatən rejissorumuz Məlahət Abbasova da söylədi: “biz qəhrəmanlarımızı dəli olaraq yox, ağlı başında insanlar olaraq oynayacağıq”. Hətta tamaşada da belə bir kəlmə keçir: “Hansımız dəliyik? Ağıllı kimi bildiklərimiz dəlidir, yoxsa dəli olaraq qəbul etdiklərimiz?” Mən də əksər insanlar kimi ağıl xəstəxanasındakıları dəli olaraq qəbul etmirəm. Drop 13 kifayət qədər nəzakətli biridir, xəstəxanada hər kəsin hörmətini qazanır, hətta baş həkimi də ağıllı, məntiqli sözlərilə təəccübləndirir. Bu obrazının mənim üçün özəlliyi daxili bənzərliyimiz olmasıdır. Yəni, mən də bəzən özümü bu həyatda kosmosdan gəlmiş kimi hiss edirəm. Çox qəribədir. Drop 13 də bir kosmos sakini kimi çox ziddiyyətli şeylər desə də, doğru təsbitlər var. Mənə çox yaxın sözlərdir, düşüncələrimi dilə gətirir sanki. Bu xarakteri çox sevdim.
Yeri gəlmişkən deyim ki, Məlahət Abbasova ilə ilk əməkdaşlığım olsa da, Azərbaycan əsərində və azərbaycanlı rejissorla daha öncələr çalışmışam. İllər öncə rejissor Namiq Ağayevin hazırladığı “Beş mərtəbəli evin altıncı mərtəbəsi” tamaşasında oynamışam. O tamaşa ilə bağlı gözəl xatirələrim var.
ƏSLİ SEÇKİN (Rejissor assistenti): “Şekspir” çox dəyişik bir əsərdir. Ruh və sinir xəstəlikləri xəstəxanasında keçməsi və oyunun “Şekspir” adlanması, aktyorların Şekspir oyunu adı altında ruhsal olaraq birləşmələri çox təsirləndirir. Şizofreniya xəstələri olsalar da təbii yaşamdan tamamilə qopmayıblar. Tamamən ağıl sağlığını itirmiş xəstələr deyil, əslində ağıllı olub, bəzi şeylərə aşırı mübtəlalıq keçirdiklərini görmək çox təsirlidir. Bir teatr adamı olaraq da Şekspir oyununa göndrəmə olması, “Romeo və Cülyetta”dan alıntı olması oyunu daha dəyərli edir. Üstəgəl bizim həyatımızı da sorğulaması gözəl bir şeydir. Zatən oyunun ana fikri də budur. Əcaba normal həyatdakılar, yoxsa xəstəxanadakılar ruh sağlığına sahibdirlər? Yəni, əslində hər birimizin içində xəstələr var. Bunun sorğulanması çox maraqlıdır və bu məqam əsəri, tamaşanı dəyərli edir.
Məlahətlə rejissor assisenti olaraq ilk işimizdir. Ancaq mən həm də bir aktrisayam. 20 il əvvəl Məlahətlə Leonid Hayfets adlı bir rus rejissorun tamaşasında birgə oynamışdıq. Assistent olaraq Məlahətin həm də türkcəsinə, həm də sənətçilərlə ünsiyyətinə yardım edirəm. Ayrıca da bizi dostluq telləri bağladığı üçün həvəslə çalışıram.
Sevda Babayeva, İstanbul
AzVision.az üçün