Məhkəmədə süni intellektdən istifadə ediləcək

  01 İyun 2020    Oxunub : 2100
   Məhkəmədə süni intellektdən istifadə ediləcək
“Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə “Elektron məhkəmə” informasiya sisteminin formalaşdırılmasının, aparılmasının, digər qurumların informasiya sistemləri və ehtiyatları ilə Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə inteqrasiyasının, habelə İnformasiya sistemi ilə bağlı mühafizə tədbirlərinin təmin edilməsinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edəcək.
Azvision.az -ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamədə əksini tapıb.

Əsasnaməyə əsasən, informasiya sisteminin tətbiqi insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinə, məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsinin səmərəliliyinin və şəffaflığının artırılmasına, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlığın və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin olunmasına xidmət edir.


İnformasiya sisteminin istifadəçiləri iştirakçısı olduqları məhkəmə işləri barədə məlumatları, İnformasiya sisteminin iştirakçıları isə xidməti vəzifələrinin icrası ilə bağlı məlumatları İnformasiya sistemindən ödənişsiz əldə edirlər.

“Elektron məhkəmə”nin istifadəçiləri– normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada İnformasiya sistemindən informasiya əldə etmək və ya ötürmək hüququ verilmiş dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər, iştirakçıları hakimlər və məhkəmə aparatı işçiləri, sahibi normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada İnformasiya sistemi üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, habelə sistemin aparılmasını təmin edən Ədliyyə Nazirliyi, operator sahibin normativ hüquqi aktlarla müəyyən edilən həcmdə və şərtlərlə İnformasiya sisteminin fəaliyyətinin həyata keçirilməsi üzrə hüquq və vəzifələrini həvalə etdiyi struktur bölmədir. Elektron kabineti istifadəçinin özü barəsindəki məlumatlarla tanış olmasını, onları əldə etməsini və dəyişdirməsini, xidmətlərdən istifadə etməsini, ödənişlər həyata keçirməsini, həmçinin sahib və operator ilə qarşılıqlı əlaqəsini təmin edən fərdi elektron səhifədir. Vahid məhkəmə portalı məhkəmələr, hakimlər və məhkəmə işləri barədə məlumatların elektron qaydada əldə olunmasına xidmət edən vasitədir.

İnformasiya sisteminin proqram kompleksinə əməliyyat sistemləri, tətbiqi proqram təminatı, informasiyanın mühafizəsi və digər proqram vasitələri aiddir.

Tətbiqi proqram təminatına aşağıdakılar daxildir:

-Vahid məhkəmə portalı;

- Elektron kabinet;

- Dövlət rüsumlarının məhkəmələr üzrə elektron uçotu;

- Yekun məhkəmə qərarlarının vahid bazası;

- Elektron əmr icraatı altsistemi;

- Məhkəmələrdə insan resurslarının elektron idarəetmə altsistemi;

-. Məhkəmə işlərinin elektron idarəedilməsi altsistemi;

- Sənədlərin elektron dövriyyəsi altsistemi;

- Məhkəmə proseslərinin elektron audio-video protokollaşdırma altsistemi;

- Proses iştirakçılarının iclasa gəlmədən texniki vasitələrdən istifadə olunmaqla iclasda iştirak etmək imkanını təmin edən videokonfrans altsistemi;

- Dövlət və digər informasiya sistemləri ilə məlumat mübadiləsini təmin edən inteqrasiya və elektron məlumat sorğulama modulu;

- Məhkəmə işinin təşkili üzrə məlumat pəncərəsi;

- Məhkəmə qərarlarını avtomatlaşdırılmış anonimləşdirmə modulu;

- Məhkəmə işlərinin avtomatlaşdırılmış təsadüfi bölgüsü modulu;

- Analitik təhlil və statistik hesabat modulu.

İnformasiya sistemi vasitəsilə aşağıdakılar təmin edilir:

- informasiyanın informasiya ehtiyatında toplanması, emalı, axtarışı, təhlili və ötürülməsi;

- İnformasiya sisteminə daxil edilən məlumatların dəqiqliyi, tamlığı, aktuallığı və etibarlılığı;

- İnformasiya sisteminin fasiləsiz fəaliyyətinin təmin edilməsi;

- İnformasiya sistemindən, eyni zamanda, çoxsaylı istifadəçilərin istifadə etməsinin mümkünlüyü;

- təhlükəsizlik və məlumatların mühafizəsi;

- informasiya mübadiləsində bir-biri ilə uzlaşa bilən texnologiyaların və proqram-texniki vasitələrin tətbiqi;

- məhkəmə prosesi ilə bağlı elektron xidmətlər göstərilməsi;

- məhkəmə sənədlərinin layihələrinin hazırlanması;

- məhkəmə prosesində iştirak edən şəxslərin zəruri məlumatlarının real vaxt rejimində yoxlanılması və İnformasiya sistemində olduqda, şəxsdən tələb edilməməsi;

- məhkəmə icraatı zamanı tələb olunan məlumatların elektron qaydada əldə edilməsi;

- İnformasiya sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi;

- mülki işlər və kommersiya mübahisələrinə dair işlər üzrə icraatın elektron qaydada aparılması;

- məhkəməyə daxil olan işlərin hakimlər arasında təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi;

- məhkəmədə işlərə baxılma vaxtlarına və tarixlərinə dair avtomatlaşdırılmış qaydada elektron cədvəlin tərtibi;

- məhkəmə prosesində iştirak edən şəxslərə məlumatların elektron qaydada (elektron kabinet, elektron poçt və SMS məlumatlandırma) çatdırılması;

- məhkəmə iclasının audio və video texniki vasitələrdən istifadə etməklə qeydə alınması və onları real vaxt rejimində müşahidə etmək imkanının yaradılması;

- mülki və kommersiya mübahisələrinə dair işlər üzrə proses iştirakçılarının iclasa gəlmədən texniki vasitələrdən istifadə yolu ilə iclasda iştirak etmələrinə imkan yaradılması;

- məhkəmə işləri üzrə prosessual müddətlərə riayət olunmasına nəzarət edilməsi və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici funksiyaların olması;

- qəbul edilən məhkəmə qərarlarının icraya yönəldilməsi və icra prosesinin izlənilməsi;

- İnformasiya sistemində proses iştirakçısının iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almağa imkan yaradan elektron kabinetin təşkili;

- elektron qaydada yayılan məhkəmə qərarlarının anonimləşdirilməsi və müxtəlif meyarlar əsasında həmin qərarlarda effektiv axtarış aparılması;

- məhkəmələrin bütün qərarlarının gücləndirilmiş elektron imza ilə təsdiq edildikdən sonra elektron qaydada yayılması;

- məhkəmə fəaliyyəti ilə bağlı analitik təhlil və statistikanın elektron qaydada aparılması;

- statistik məlumatların emalında intellektual idarəetmədən istifadə olunması;

- məhkəmə fəaliyyətində süni intellektdən istifadə edilməsi;

- məlumatların sistemləşdirilmiş şəkildə saxlanılması.

İnformasiya sistemi istifadəçilərinin aşağıdakı hüquqları var:

- məhkəmənin fəaliyyət istiqamətlərinə aid olan xidmətlərdən İnformasiya sistemi vasitəsilə istifadə etmək;

- xidmətlərdən istifadə etmək üçün elektron kabinet yaratmaq;

- iştirak etdikləri bütün məhkəmə işləri, o cümlədən məhkəmə prosesləri barədə mövcud məlumatlarla tanış olmaq;

- ərizə, şikayət və digər sənədləri məhkəməyə elektron qaydada göndərmək;

-iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onlardan verilən şikayət və ya protestlər barədə elektron qaydada (elektron poçt və SMS vasitəsilə) məlumat almaq;

- İnformasiya sisteminin işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

- Bu Əsasnamə ilə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

Azvision.az


Teqlər: Məhkəmə   Süni-İntellekt