Baş Prokurorluqda struktur islahatları və kadr təyinatları olub

  12 İyun 2020    Oxunub : 3294
Baş Prokurorluqda struktur islahatları və kadr təyinatları olub
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi məqsədilə bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sistemində də uğurla davam etdirilir.
Baş Prokurorluqdan Azvision.az -a verilən məlumata görə, dövlət orqalarında idarəetmənin təkmilləşdirilməsi, işin səmərəliliyinin artırılması istiqamətində aparılan islahatlar bu sahədə dövlət siyasətinin həyata keçirilməsində çeviklik və dinamikliyin artmasına əlverişli imkanlar yaradıb.

Həmin islahatların davamı kimi, dövlət başçısının göstəriş və tövsiyələrinin icrası ilə bağlı prokurorluq orqanlarında əsaslı struktur və kadr islahatlarının həyata keçirilməsinə başlanılmış, şəffaf prosedurlara və ədalətli meyarlara əsaslanan islahatların reallaşdırılması istiqamətində mühüm işlər görülür.

Prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar formalaşdırılması məqsədilə Prezident İlham Əliyevin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilib.

Sərəncamla Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən formalaşdırılaraq daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr yaradılıb, idarə və şöbələrin sayı 15-dən 18-ə çatdırılıb, idarəetmədə nəzarət mexanizminin optimallaşdırıması məqsədilə Baş prokurorun əlavə müavini vəzifəsi təsis edilib, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi ilə Bakı şəhər prokurorluğunun İstintaq idarəsi birləşdirilərək Baş Prokurorluğun İstintaq idarəsi yaradılıb.

Bundan başqa, Baş Prokurorluğun bəzi idarələri ləğv edilərək onların bazasında Təşkilat və icraya nəzarət, Xidməti araşdırmalar, Beynəlxalq hüquqi əməkdaşlıq, Hüquqi təminat və insan hüquqları, Kriminalistika və informasiya texnologiyaları, Sənədlərlə və müraciətlərlə işin təşkili idarələri təsis edilib, bundan başqa mərkəzi aparatın yeni Cinayət təqibindən kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarələri yaradılıb.

Dövlət başçısının rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi, müasir məzmunlu islahat tədbirlərinin eyni intensivliklə davam etdirilməsi, fəaliyyət istiqamətləri üzrə işin keyfiyyətinin yüksəldilməsi, müasir iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılması, eləcə də prokurorluq orqanlarında funksional idarəetmənin səmərəliliyinin artırılması məqsədilə kadr korpusunun sağlam mənəviyyata və yüksək peşəkarlığa malik müasir dünyagörüşlü işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Dövlət başçısının imzaladığı sərəncamla Heydər Məmmədov Baş prokurorun müavini, Baş prokurorun imzaladığı müvafiq əmrlərlə Nemət Əvəzova yeni yaradılmış Baş Prokurorluğun İstintaq idarəsinin rəisi vəzifəsinin icrası həvalə edilib, Natiq Abdullayev Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, Elşən Abbasov Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi, Natiq Hüseynov Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi, Kamal Qılıcov Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin rəisi, Murad Dadaşov Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi, Anar Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, Sərdar İmanov isə Xətai rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Həmçinin, uzun illər Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri işləmiş Eldar Sultanov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi vəzifəsinə təyin edilmiş, Günay Səlimzadəyə isə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası həvalə edilib.

Prokurorluq orqanlarında struktur islahatlarının həyata keçirilməsi və kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Azvision.az

Teqlər: Prokurorluq   Təyinatlar