"Bölgəmizdə irəliyə baxmağın zamanı çatıb" - Türkiyənin sabiq səfiri (Müsahibə)

 "Bölgəmizdə irəliyə baxmağın zamanı çatıb" -  Türkiyənin sabiq səfiri (Müsahibə)
  09 Noyabr 2021    Oxunub:2446
"Azərbaycan torpaqlarının işğalının başa çatması son dövrdə Cənubi Qafqazda yaşanan ən mühüm hadisədir. Mən onun hər anını yaxından izləyirdim. Xüsusilə, Azərbaycan torpaqlarını, mülki yaşayış məntəqələrini hədəf alan hücumlar zamanı dostlarımla əlaqə saxlayıb, onlara mənəvi dəstək olmağa çalışdım. Haqsız işğalın gec və ya tez sona çatması qaçılmaz idi. Beynəlxalq hüququn sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünə hörmət kimi fundamental qaydaları, ayrıca ədalət anlayışı bunu tələb edirdi. Azərbaycan dövləti və xalqı illərlə, səbrlə bu anı gözləyirdi".
Bu sözləri AzVision.az-a müsahibəsində Türkiyənin ölkəmizdəki sabiq səfiri (2012-2016), hazırda ABŞ-da Karnegi Beynəlxalq Sülh Fondunda çalışan Alper Coşkun deyib. O, deyib ki, beynəlxalq ictimaiyyətin problemin artıq həll edilməli olduğunu anlamadığı kimi, Ermənistan tərəfi də yanlış hesablamalar edərək, işğalı davam etdirə biləcəyini düşünürdü.

- Bu, səhv yanaşma idi, çünki həll vaxtı çoxdan yetişmişdi. Bunu Azərbaycan da, Türkiyə də illərdir söyləyirdi. Nəhayət, işğala son qoyuldu və ədalət öz yerini tapdı. Bu yolda ən böyük fədakarlıq edən şəhidlərimizin, qazilərimizin qarşısında hörmətlə baş əyirəm. Bütün Azərbaycanın, xüsusən də işğala görə illərdir evindən, torpağından ayrı düşmüş qardaşlarımın gözü aydın, deyirəm. Bir daha belə acının yaşanmamasını, regionun taleyində münaqişə və qarşılıqlı iztirab deyil, sülh və firavanlığın hakim olmasını arzu edirəm.

- Münaqişələrin həlli regionda əməkdaşlıq üçün yeni reallıqlar yaradıb. Azərbaycan və Türkiyə liderləri "3+3" formatında əməkdaşlıq platformasının qurulması təşəbbüsünü irəli sürüblər. Kommunikasiyaların açılması gündəmdədir. Bu reallıqları, yeni əməkdaşlıq imkanlarını necə qiymətləndirirsiniz?

- Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra həm Azərbaycan, həm də Türkiyə bütün səviyyələrdə mühüm bəyanatlar verdi. Onlar regionda Ermənistan da cəlb edilməklə, əməkdaşlıq proseslərinə başlanmasına hazır olduqlarını ortaya qoydular. Bu, həm Azərbaycanın, həm də Türkiyənin kin və nifrətlə deyil, sağlam düşüncə və özünəinamla hərəkət etməyə hazır olduqlarına işarədir. Regionumuz və onun hüdudlarından kənarda da çox mühüm bir nümunədir. İndiyə qədər Ermənistan region ölkələrinin birgə fəaliyyətindən, xüsusilə Türkiyə, Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat sahələrində əməkdaşlığından kənarda qalıb. İndi bu, vəziyyət hər kəsin xeyrinə olacaq şəkildə dəyişə bilər. Bölgəmizdə irəliyə baxmağın zamanı çatıb. Keçmişin ağrısı bu coğrafiyada heç kimin inhisarında olmadığı kimi, gələcəyin qurulmasının məsuliyyəti də bölgədəki hər bir ölkənin paylaşdığı yükdür. İndi hər kəs bu anlayışla hərəkət etməlidir.

Münaqişəni dayandıran razılaşmanın bütün müddəlarının yerinə yetirilməsi, Ermənistana yönəlik əlaqə kanalının yaranması kimi, Zəngəzur dəhlizinin də işə salınması, Azərbaycanla Naxçıvan arasında əlaqlələrin təxirə salınmadan açılması vacibdir. Dünyada geosiyasi rəqabətin gücləndiyi, münaqişə və qeyri-sabitliyin geniş vüsət aldığı bir vaxtda Cənubi Qafqazdan bütün dünyaya ümid aşılayacaq sülh və ortaq rifah nümunəsi yaradıla bilər. Bunun üçün region ölkələri qədər bütün beynəlxalq ictimaiyyətin üzərinə məsuliyyət düşməkdədir.

Cənubi Qafqaz, şərq-qərb və şimal-cənub oxunda bütün növ kommunikasiya kanallarının fəaliyyət göstərdiyi, regionun zəngin tarixinə uyğun olaraq insani münasibətlərinin və təmasların intensivləşdiyi, rəqabətin ümumi qaydalar, iqtisadi inkişaf və kommersiya münasibətləri sahəsində yaşandığı bir bölgəyə çevrilməlidir. İstənildiyi halda, bu, əlçatmaz bir arzu deyil. Təbii ki, bu kontekstdə Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsinin vacibliyi də xatırlanmalıdır.

- Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün müsbət siqnallar var. Sizin fikrinizcə, Ermənistanın regionda barışın, sülhün bərqərar olmasında nə dərəcədə səmimidir?

- Sovet İttifaqı dağılanda Türkiyə Ermənistanı tanımaqdan çəkinmədi. Bunu heç bir ilkin şərt olmadan etdi. Eyni anlayışla Qara dəniz hövzəsində əməkdaşlığı yaxşılaşdırmaq üçün öz təşəbbüsü ilə yaratdığı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmasına da razılıq verdi. Türkiyə bu gün də bu konstruktiv yanaşmanı davam etdirməyə hazır olduğunun işarələrini verir. Bu məqam vacibdir. Üstəlik, Azərbaycan da bu müsbət gündəmə töhfə verməyə hazır olduğunu göstərir. Bu da son dərəcə önəmlidir. Nəhayət, Ermənistan administrasiyasından regionda normallaşma və yeni səhifə açmaq yönündə konstruktiv işarələr gəlir. Qeyd edilən üç element bu günə qədər görmədiyimiz müsbət mənzərəni ortaya qoyur. Dolayısıyla, ehtiyatlı davranmaqla bərabər, regionun gələcəyi üçün diqqətəlayiq bir ümid işığının mövcudluğundan danışmaq olar.

Region ölkələri qarşılıqlı hörmət, xoş niyyət və səmimiyyətlə hərəkət etdikləri təqdirdə, mövcud müsbət dinamikanın nəticələr verməsi, Türkiyə ilə Ermənistan arasında normallaşmaya da müsbət təsir göstərməsi mümkündür. Yetər ki, hər kəs üzərinə düşəni etsin. Türkiyə buna uzun müddətdir hazırdır. Ermənistan tərəfinin də eyni səmimiyyətlə irəliləməyə hazır olması və bu iradəsini qoruya bilməsi halında, müsbət nəticələrin əldə olunmaması üçün heç bir səbəb yoxdur.

- Türkiyə-ABŞ münasibətləri ilə bağlı da münasibətinizi bilmək istərdim. Türkiyə və ABŞ "F-35"ə alternativ olaraq "F-16"ların alınması üçün danışıqlar aparır. Sizcə, bu danışıqlar necə bitəcək?

- Türkiyə ilə ABŞ arasında münasibətlər çətin dönəmdən keçir. Hər iki ölkənin qarşılıqlı olaraq bir-birlərindən bəzi məsələlərdə şikayətləri və gözləntiləri var. Bu məsələlər ən son Romada keçirilən "G20" görüşü də daxil olmaqla, zaman-zaman ən yüksək səviyyədə qarşılıqlı şəkildə müzakirə edilir. Yeri gəlmişkən, qeyd etdiyiniz kimi, Türkiyə ABŞ-dan 40 ədəd "F-16" (və 80 modernləşdirmə dəsti) almaq istəyib. Fikrimcə, münasibətlərin bu kritik dövründə Türkiyənin tələbi iki aspektdən xüsusilə mənalı və vacibdir. Birincisi, Türkiyə NATO müttəfiqi kimi bu tələbi irəli sürməklə hər şeyə rəğmən ABŞ-la qarşılıqlı faydalı münasibətlərini qoruyub saxlamaq iradəsini ortaya qoydu.

İkincisi, bir o qədər də önəmli olacaq şəkildə “F-16”ları Türkiyə Hərbi Hava Qüvvələrinin onurğa sütunu olaraq daha bir müddət saxlamağa hazır olduğunu nümayiş etdirdi. Bu, Türkiyənin “F-35” proqramından çıxarıldıqdan sonra özünün hava qüvvələri üçün hazırladığı müvəqqəti bir həll planıdır. Yekun məqsəd beşinci nəsil milli döyüş təyyarələrinin hazırlanmasıdır. Ancaq bu layihənin həyata keçirilməsinin daha çox vaxt aparacağı məlum olduğu üçün “F-35”lərin inventarda yer almaması nəticəsində yaranan boşluğa görə “F-16”ların alınması Türkiyə üçün önəmlidir. Üstəlik, nə olursa-olsun, ABŞ-la uzunmüddətli əməkdaşlığın əsasını təşkil edəcək. Ona görə də bu, ABŞ üçün də strateji əhəmiyyət kəsb edən tələbdir. Ancaq ABŞ tərəfində Bayden administrasiyası qədər Konqresin mövqeyi də önəmlidir. Oradakı hava Türkiyə üçün yaxşı deyil. Əslində buna qarşı kampaniyalar indidən başlayıb. Bayden administrasiyası bu maneəni aşmağa çalışacaqmı, çalışsa belə uğur qazanacağmı, bunu əvvəldən söyləmək çətindir.
Bir həqiqətdir ki, ABŞ-ın mənfi cavabı Türkiyə-ABŞ münasibətlərində yeni qırılmaya səbəb ola bilər ki, bu da heç bir tərəfin xeyrinə olmayacaq. Bu, NATO-nun da xeyrinə deyil. Bayden administrasiyası hərbi əməkdaşlıqla bağlı sadə bir qərardan kənarda strateji təsirləri ola biləcək seçimlə qarşı-qarşıyadır. Ümid edirəm ki, Vaşinqton məsələyə bu geniş perspektivdən yanaşacaq.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Alper-Coşkun   Azərbaycan   Türkiyə  





Xəbər lenti