Ukraynalılar sülh naminə ərazilərin güzəştinə hazırdılar - "Bloomberg"

   Ukraynalılar sülh naminə ərazilərin güzəştinə hazırdılar -    "Bloomberg"
  24 Noyabr 2023    Oxunub:5491
"Bəzi ukraynalılar düşünür ki, Rusiya ilə sülh naminə ərazi güzəştlərinə getməyə dəyər".
Bu fikirlər Bloomberg-də dərc olunan məqalədəndir. Müəllif aparılan sorğu məlumatlarının təhlili nəticəsində belə qənaətə gəlib.

Rusiyaya ərazi güzəştlərinin sülh üçün qaçılmaz gediş olduğunu düşünənlər Ukrayna cəmiyyətinin böyük qismi olmasa da, bu fikirdə olan azlıq artan statistikayla dəyişir. Onlar belə bir sülhün dəyərli ola biləcəyi ilə razılaşırlar.

Rusiya cəbhədə öz məqsədlərinə çatacaq? - “La Dépêche”dən şok iddia
Ukraynanın ərazi bütövlüyü uğrunda aparılan mübarizə, döyüş meydanındakı vəziyyət il ərzində demək olar ki, dəyişməyib. Eyni zamanda, Qərb ölkələrinin stabil dəstəyi də Kiyevə kömək etmir.

Qeyd edək ki, son günlər Qərb mediasında Ukraynanın cəbhədə uğursuzluğa düçar olmasına dair silsilə yazılar dərc edilir. Hətta məşhur “The Guardian” qəzeti ötən həftə Vladimir Putinin Ukraynada qələbə qazandığını yazmışdı. Məqalə müəllifinin fikrincə, hazırda bütün dünyanın diqqəti İsraillə Fələstin arasında alovlanmış müharibəyə yönəlib.

“La Dépêche”nin müxbiri də oxşar iddia ilə çıxış edib: "Ukraynanın əks-hücumlarının uğursuzluğu, İsraillə radikal HƏMAS hərəkatı arasında münaqişə, eləcə də ABŞ-dakı daxili siyasi problemlər Rusiyanın cəbhədə öz məqsədlərinə çatmasına kömək edir".

Bundan öncə isə “The Wall Street Journal”ın köşə yazarı Metyu Lüksmur Ukrayna Silahlı Qüvvələrinin dəniz piyadalarının yeni güclü əməliyyatlara başlaması barədə məqalə dərc etmişdi. Dəniz piyadaları Rusiya mövqelərini yarmaq üçün Dneprdən keçərək əks-hücum əməliyyatlarını bərpa etməyə çalışsalar da hələlik yeni ərazilər azad olunmayıb.

"The Times" da bədbin notlara köklənmiş yazı dərc edib. Məqalədə "Bəzi ukraynalı zabitlər əmindirlər ki, Qərb ölkələri Kiyevin silah tələblərinə vaxtında cavab verməyib. Silahlar döyüş bölgəsindəki vəziyyətə təsir etmək üçün çox gec gəlib" yazılıb.

"New Yorker" Zelenski hökumətinin üzləşdiyi çətinlikləri qabardıb. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardiyə istinad edən nəşr yazıb ki, "Ukrayna hazırda çıxılmaz vəziyyətdədir. Kiyevin özünü təkbaşına müdafiə etmək iqtidarında olan İsraildən fərqli olaraq, Vaşinqtonun tez bir zamanda köməyinə ehtiyacı var".

ABŞ-ın məşhur “Politico” nəşri Co Bayden administrasiyasının Nümayəndələr Palatasında Ukraynaya dəstək paketinin müzakirəsi və səsvermənin gecikdirilməsi ilə bağlı narahatlığını ifadə etdiyini yazmışdı.

Həmçinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsə Ukrayna münaqişəsinin “dondurulması"nın tapşırıldığı da iddia olunur.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Müharibə   Sülh  





Xəbər lenti