Azərbaycan AQEM-in sədri seçildi

   Azərbaycan AQEM-in sədri seçildi
  19 Mart 2024    Oxunub:1060
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Yüksək Vəzifəli Şəxslər Komitəsinin 14 mart tarixli iclasında verilmiş tövsiyəyə uyğun olaraq, AQEM Xarici İşlər Nazirləri Şurasının 19 mart 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası 2024-2026-cı illər üzrə AQEM sədri seçilib.
XİN-dən AzVision.az -a verilən xəbərə görə, qərara əsasən, sədrliyimiz çərçivəsində ölkəmizin 2024-cü ildə AQEM Xarici İşlər Nazirləri Şurasına, 2026-cı ildə isə AQEM Dövlət və Hökumət Başçılarının Şurasına (Sammit) ev sahibliyi etməsi nəzərdə tutulub.

Qeyd edilib ki, AQEM-in çağırılması haqqında təşəbbüs ilk dəfə 5 oktyabr 1992-ci il tarixində Qazaxıstan tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülüb. Təşəbbüsün məqsədi, Asiyada təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təşkilat yaradılmasıdır: "Azərbaycan AQEM çərçivəsində əməkdaşlıqda fəal iştirak edir. Ölkəmiz “Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi” sahəsində etimad-quruculuğu tədbirinin əlaqələndiricisi funksiyasını yerinə yetirməkdədir.

AQEM-in fəaliyyətini tənzimləyən əsas sənədlər 1999-cu ildə qəbul edilmiş “AQEM üzv dövlətləri arasında münasibətlərin rəhbəredici prinsipləri haqqında Bəyannamə” və 2002-ci ildə qəbul edilmiş Almatı Aktıdır. Müşavirənin 2022-ci ildə keçirilmiş Astana Sammitində AQEM-in tamhüquqlu regional beynəlxalq təşkilata transformasiyası ilə bağlı prosesə start verən “AQEM-in Transformasiyasına dair Astana Bəyanatı” qəbul edilib.

Hazırda təşkilatın 28 üzvü vardır. Bundan əlavə, 10 ölkə, həmçinin BMT, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı, Ərəb Dövlətləri Liqası, Türk PA kimi beynəlxalq təşkilatlar AQEM-də müşahidəçi statusuna malikdirlər.

AQEM-in inzibati orqanı Astana şəhərində yerləşən və Müşavirənin gündəlik fəaliyyətini əlaqələndirən Katiblikdir. AQEM-in fəaliyyətinin istiqamətləndirilməsi və prioritetlərinin müəyyənləşdirilməsi sədr ölkə tərəfindən həyata keçirilir".

AzVision.az


Teqlər: Azərbaycan   AQEM  





Xəbər lenti