"Ukrayna ABŞ-dən əlini üzməməlidir"

 "Ukrayna ABŞ-dən əlini üzməməlidir"
  22 İyul 2024    Oxunub:1678
"Co Baydenin prezidentlik yarışından çəkilməsi o demək deyil ki, ABŞ-nin Ukraynaya dəstəyi sual altına düşür. Çox güman ki, Demokratlar Partiyasının hər hansı başqa namizədi də bu məsələdə Bayden hökumətinin yolundan gedəcək".
AzVision.az xəbər verir ki, "Al Jazeera" agentliyinə açıqlamasında ABŞ-nin Alman Marşal Fondunun Berlin ofisinin direktoru Suda Devid-Vilp dilə gətirib.

"Hər halda, ABŞ-nin hərbi yardımının yavaş tempi, Qərb silahlarından istifadəyə qoyulan məhdudiyyətlər Ukrayna və Avropada Vaşinqtona qarşı məyusluğu artırır. Avropalıların əksəriyyəti başa düşür ki, Ukrayna məsələsi get-gedə onların yükünə çevrilir. Hər kəs (ABŞ-dəki seçkilərlə bağlı - red.) bütün mümkün nəticələrə hazır dayanmağa çalışır", - xanım direktor vurğulayıb.

Maraqlıdır ki, Bayden və ətrafının Ukrayna böhranına münasibəti az-çox aydındır, lakin rəqibi Donald Tramp isə öz yanaşmasında müəyyən boşluqlar saxlayır. Belə ki, o, yenidən prezident seçiləcəyi təqdirdə müharibəni bircə gündə bitirəcəyinə söz versə də, bu, Kiyevin ürəyincə deyil. Çünki belə bir şəraitdə Rusiyanın ələ keçirdiyi ərazilər Moskvanın idarəsində qala bilər. Digər tərəfdən, Trampın vitse-prezident postuna namizədi C.D.Vens isə ABŞ-nin Ukraynaya yardımının ən böyük əleyhdarlarından biridir.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Ukrayna   Rusiya   müharibə  





Xəbər lenti