Prezident Qəbələdə - Fotolar (Yenilənib)

Prezident Qəbələdə - Fotolar (Yenilənib)
  10 Avqust 2016    Oxunub:3783
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Qəbələ rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev abidənin ətrafında, ümumiyyətlə, son illər rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

İlham Əliyev Qəbələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak edib. Dövlətimizin başçısı uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Qəbələ rayonunda 24 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə 860 uşaq təhsil alır. Rayonun tələbatını nəzərə alaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə 100 yerlik daha bir yeni məktəbəqədər təhsil müəssisəsi inşa olunub.

Sahəsi 3300 kvadratmetr olan ikimərtəbəli binada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Qrup otaqlarında uşaqların təlim-tərbiyəsi, yataq otaqlarında isə balacaların rahatlığı üçün hər cür şərait var. Bağçada əyləncə, idman və oyun zonası, musiqi otağı, digər təlim və tədris məkanları da yaradılıb. Bağçanın ətrafındakı yaşıllıq zolağı, əyləncə meydançası və attraksionlar da uşaqların çox xoşuna gəlir.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, binanın inşasına 2014-cü ilin oktyabrında başlanılıb. Tikinti işləri yüksək səviyyədə başa çatdırılıb. İkimərtəbəli binada ümummilli lider Heydər Əliyevin büstü qoyulub, Ulu Öndərin və partiyanın sədri, Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotoguşələr yaradılıb.

Müxtəlif iş, xidməti və yardımçı otaqlardan ibarət binada rayon təşkilatının Qadınlar Şurası və Gənclər Birliyi də fəaliyyət göstərir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün 60 yerlik konfrans zalı da yaradılıb. Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının 6145 üzvü var. Onların 2525-i qadın, 2343-ü gəncdir.

İlham Əliyev həmçinin Qəbələdə icrası davam edən turizm və idman infrastrukturu layihələri ilə tanış olub. Layihələrin təqdimatı zamanı dövlətimizin başçısına məlumat verildi ki, “Şinkar Holdinq” MMC tərəfindən aparılan layihələndirmə və tikinti işləri çərçivəsində 2,5 hektar ərazidə 226 nömrədən ibarət yeni “Qafqaz Akva Lənd” otelinin inşası həyata keçirilir.

Tikintisi davam etdirilən infrastruktur layihələrindən biri də “Qafqaz Daymond Akvapark”dır. Bu layihə çərçivəsində müxtəlif təyinatlı hovuzlar şəbəkəsi qurulacaq. Hovuzların ümumi su tutumu 5 min 470 kubmetr olacaq. Bundan əlavə, ərazisi 350 min kvadratmetr olan, “Qəbələnd” əyləncə mərkəzi və “Aqva Lənd” otelinin yaxınlığında dağların bənzərsiz gözəlliyinə açılan mənzərəli bir ərazidə yerləşən “Qəbələ Qolf Villaları” qonaqlara xoş və maraqlı istirahət imkanı təqdim edəcək.

“Qəbələ Qolf Villaları” ərazisində 66 villa inşa edilib. Ərazidə üçmərtəbəli, 24 mənzilli iki bina, SPA və əyləncə mərkəzi, uşaq bağçası da var. Layihənin əsas özəlliyi ərazidə qolf sahələrinin olmasıdır. Burada 72 hektar ərazidə qolf sahəsi salınır. Qolf məşq sahəsi, qolf klub da azarkeşlərin istifadəsinə hazırlanır.

Dövlətimizin başçısı görülən işlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verdi.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti