Vətəni və atanı sev! – Lütfi Zadənin oğluna borcumdan necə çıxdım...

Vətəni və atanı sev! – Lütfi Zadənin oğluna borcumdan necə çıxdım...
  29 Sentyabr 2017    Oxunub:39325
Gecə saatları idi. Bayırda şiddətli bir yağış yağırdı. Amerikada isə gündüz idi. Mesaj yazdım ki, “Norman, cəmi bir necə saatdan sonra atanızın cənazəsi Bakıya enəcək, sən gəlirsən? Bu, bizim üçün ağır dərddir, böyük alimi itirmişik. Ürəyimiz səninlədir, möhkəm ol, Dostum...” Cəmi bir neçə saatdan sonra gələn mesaj: “Hafiz, gözəl sözlərinə görə təşəkkür edirəm...”
Bir neçə ildir ki, Lütfi Zadənin oğlu Normanla əlaqə saxlayıram, özəl müsahibələr götürürəm. Onu necə tanımağım barədə bir az məlumat verim. İllər öncə ölkə mətbuatında “Lütfi Zadənin qumarbaz oğlu” başlıqlı yazı dərc olunmuşdu. Bu yazı diqqətimi çəkdi və onu axtarmağa başladım. Bir həftəlik axtarışlarımın sonunda onun illər öncə Amerikanın “sarı mətbuat”ında çıxan bir müsahibəsini oxudum. Dörd yanında qızlar, içki məclisi, qumar... Müəllifi “facebook”da tapdım, sağ olsun, o da mənə Normanın e-mailini yazdı.

Mesaj yazdım ki, “Siz bizim dahi ailimin övadısınız və mən szdən müsahibə götürmək istəyirəm”. Cəmi 3-4 saatdan sonra telefonuma zəng gəldi: “Mən Norman Zadəyəm - Lütfi Zadənin oğlu”. Dedi ki, sualları göndər, cavablandırım. Onun sualımın birinə verdiyi cavab illərlə müzakirə mövzusu oldu: Lütfi Zadənin oğlu Azərbaycanı vətən hesab etmirmiş...

İllər keçdi, mən yenidən Normana yazdım ki, “Deyəsən, atanın vəziyyəti ağırdır...” İki gün sonra cavab gəldi ki, “O dəhşətli gün gələndə biz onu Azərbaycana aparmalı olacağıq. Bununla bağlı Şahnaz xanıma vəsiyyət edib”.

Hər kəs yazdı-pozdu, bizi ittiham etdilər ki, guya yalan yazmışıq, Lütfi Zadə Azərbaycanı sevirmir, oğlu da yalan danışır və s. Məcbur qalıb, yenidən Normana müsahibə ilə bağlı yazdım. Yenə bir axşam çağı zəng gəldi. Bu dəfə videozəng idi. Evdə idi, yanında da model kimi gözəl bir xanım... Elə bildim, həyat yoldaşıdır. Xoşbəxtlik arzuladım. Gülüş səsləri, zarafatlar... Ata isə ölüm yatağında...

Azərbaycanda bəzi insanların ittihamlarına cavab vermək üçün çox çətinliklə də olsa, Normana sual verdim ki, burada çoxları deyirlər ki, guya Lütfi Zadə Azərbaycanı sevmir...



Cavabı: “Əslində atam və anam yandırılmaq istəyirdilər. Bu, o deməkdir ki, onlar küllərinin basdırılmasını istəyirdilər. Mən istərdim ki, onları yan-yana Amerika torpağında dəfn edəm. Ancaq atam fikrini dəyişdi və Azərbaycanda dəfn olunmaq istədi. Mənə sadəcə, onların arzularını yerinə yetirmək qalır və bununla bağlı deyə biləcəyim heç nə yoxdur.
Anamın Azərbaycanda dəfn edilməsi üçün heç bir səbəb yox idi. Eləcə də, əgər atam ömrünün sonlarına yaxın Azərbaycanda Amerikadan daha çox sevildiyini anlayıbsa, düşünürəm ki, bu arzusu heç də əsassız deyil. O, azərbaycanlıdır, Azərbaycanda doğulub və orada dəfn olunmaq istəməsi tamamilə məntiqli addımdır.
O, Azərbaycanı çox sevir. Əgər uzun illər Amerika Birləşmiş Ştatlarında yaşadığı halda, Azərbaycanda dəfn edilmək istəyirsə, deməli, Azərbaycana bağıldır. Onun öz həyatını dərindən götür-qoy etməsi üçün xeyli vaxtı olub. Atam Amerikanı çox sevir, ancaq əminəm ki, Azərbaycanı daha çox sevir”.

Müsahibə zamanı dəfələrlə sual verdim ki, “Siz yenə Azərbaycanı özünüzə Vətən hesab etmirsiniz?”. Cavab isə dəyişməz qaldı: “Vətən hesab etmirəm...”

Müsahibə zamanı məlum oldu ki, Lütfi Zadənin yeganə övladı heç ailə həyatı da qurmayıb. Mənim bayaqdan ona xoşbəxtlik arzuladığım xanım isə sadəcə olaraq...

Dünən yenidən mesaj göndərdim ki, “Norman, sən dəfn mərasimində iştirak etmək üçün Azərbaycana gələcəksənmi”?
Cavab: “Planımda yoxdur. Gələcəkdə ola bilsin ki, gəldim....”

Söz verdim ki, atasının dəfnindən canlı yayım edib ona göndərəcəyəm və etməli olduğu hər şeyi özüm yerinə yetirəcəyəm...

Bu gün səhər tezdən Milli Elmlər Akademiyasına üz tutdum. Mühafizəçilər içəri buraxmadılar. Dedim ki, mərhumun oğluna görə gəlmişəm. Amma “Akdemiyanın vəsiqəsi olmasa səni içəri buraxmarıq”,- deyib, kənara itələdilər. Nəhayət, bir müddət sonra hüzr yerinə daxil olanda ha gözlədim ki, Lütfi Zadənin vəsiyyət etdiyi Rafiq Əliyev çıxış edəcək, olmadı, Şahnaz xanım çıxış edəcək, olmadı... Maraqlı, ürək dolusu çıxış edənlər görmədim.

Fəxri Xiyabanda 4 fəhlə tabutu maşından düşürəndə dözmədim, aralarına girib, dedim ki, “mən də aparacağam”.

“Bu, bizim işimizdir. İşimizə qarışma” desələr də, çəkilmədim. Əlimdə mikrofon, ştativ tabuta çiynimi dirədim. Biz tərəflərdə Atanı oğul uzadar məzara, gözlərinə də bir ovuc torpaq tökər... Amma oğlu gəlməmişdi və mən Normana verdiyim sözü yerinə yetirməlidim. Elə bil, çiynimdə bir dünya aparırdım...

Bilmirəm bu, mənəvi, yoxsa fiziki ağırlıq idi, amma tabut həqiqətən də çox ağır gəldi. Amma fəxr idi... Həm də bu, bir oğlun biganəliyinə cavab idi... Əbəs demirlərmiş ki, övlad yaxşı şeydir. Söz verdiyim kimi, 20 dəqiqəlik canlı yayım etdim və Normana göndərdim. “Bu da sənin atana qoyduğun hörmət. Bax, ürəyin açılsın!” mesajı ilə.

Hafiz Əhmədli
AzVision.az


Teqlər: #Lütfi-Zadə  





Xəbər lenti