ASAN Könüllülük Məktəbinin məzunu kitab yazıb
- Çox təşəkkür edirəm! Mən Xülya Cəfərova 1992-ci ildə Qəbələdə anadan olmuşam. Orta təhsilimi Bakıda almışam. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin bakalavr və magistraturasını bitirmişəm. AMEA Hüquq və İnsan Haqları İnstitunun doktorantıyam. Bir sıra qurumlarda jurnalist və tərcüməçi kimi fəaliyyət göstərmişəm. Hazırda “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin mətbuat katibiyəm.
- ASAN Könüllülük Məktəbinin məzunusunuz. Bu məktəb həyatınızda necə bir rol oynadı?
- ASAN Könüllülük Məktəbi Azərbaycanda könüllülük anlayışının kütləvi hal almasına səbəb olan, minlərlə gəncin karyerasına uğurla təməl qoymasına təkan verən bir məktəbdir. Fikrimcə, AKM gəncləri yalnız peşəkar və işgüzar mühitə deyil, həmçinin real həyata və cəmiyyətə də hazırlayır. Bu səmimi və mehriban kollektivin bir parçası olmaq mənim üçün olduqca faydalı və maraqlı bir təcrübə oldu. Bir yazar kimi isə gün ərzində müxtəlif insanlarla ünsiyyətdə olmaq, onları müşahidə etmək mənə gələcək yaradıcılığım üçün xeyli “material” qazandırdı deyə bilərəm.
- Kitabınızın olduqca maraqlı bir adı var - “Külək – Yel Kürəsinin Şahzadəsi”. Zəhmət olmasa, əsərlə bağlı qısa məlumat verərdiniz.
- “Külək – Yel Kürəsinin Şahzadəsi” fantastika janrındadır. Romanın protaqonisti Külək adlı yeniyetmə bir qızdır. O, “Yel Kürəsi” adlanan utopik diyarın kralı olan İşığın qızıdır. Şahzadə süjet boyunca öz planetini xilas etmək üçün bir çox çətinliklərdən keçir. Ardınca Yer kürəsinin də taleyi ondan asılı olur.
Romanda alternativ reallıqlar ortaya qoyulub və Bakının hamıya məlum olan Qız Qalası, Atəşgah, Yanardağ, İçərişəhər, Bayıl qəsri, Alov qüllələri və s. kimi məkanları mistik bir formada oxucuya təqdim olunub. Oxucular doğma Bakının hər gün yanından ötüb keçdiyimiz məkanlarına tamam başqa bir gözlə baxmaq imkanı qazanacaqlar. Milli adət ənənələrimiz, dəyərlərimiz, eyni zamanda tarixin müxtəlif səhifələri ilə bağlı da romanda məlumat verilib. Fikrimcə, kitab bu janrın həvəskarları üçün heç də vaxt itkisi olmayacaq. Onu da qeyd edim ki, tezliklə kitabın təqdimat mərasimi baş tutacaq.
- “Külək – Yel Kürəsinin Şahzadəsi” romanının özünəməxsusluğu nədir?
“Külək – Yel Kürəsinin Şahzadəsi” Azərbaycan ədəbiyyatında ilk milli super qəhrəmanları özündə ehtiva edir. Bundan başqa, “Yel Kürəsi”nin fövqəlgüclərə malik olan super qəhrəmanlarının timsalında, xeyirlə şərin əbədi mübarizəsinə fərqli bir bucaqdan yanaşır. Həmçinin, düşünürəm ki, çoxlarımız əcnəbi əsərlərdə və filmlərdə gördüyümüz sehrli, mistik dünyalara maraq və heyranlıqla baxırıq. Bu kitabda isə paytaxt Bakı və onun müxtəlif abidələri sehrli bir aləmin tərkib hissəsidir. Bu da Azərbaycan oxucusu üçün yenilikdir.
- Nəyə görə məhz Külək obrazını seçdiniz?
- Külək qızımın adıdır. İlk kitabımın məhz onun adı ilə bağlı olması və qızıma ithaf etməyim mənim üçün çox önəmli idi. Bundan başqa, külək görünməz bir gücü təmsil edir. Bu da ona müəyyən mənada mistik bir don geyindirir. Əbəs yerə İncildə küləyə “Tanrının nəfəsi” və ya “Müqəddəs ruh” deyilmir. Üstəlik, şahzadə Külək məhz “Küləklər şəhəri” Bakının super qəhrəmanıdır.
- Əsərin əsas oxucu auditoriyası kimlərdir?
- Kitab yeniyetmələrdən başlayaraq, bütün fantastika həvəskarları üçün nəzərdə tutulub. 10 yaşlı məktəbli də, 30 yaşlı yetkin bir şəxs də oxuya bilər.
- Əsərin davamı nəzərdə tutulurmu?
- Bəli, kitab seriya şəklində olacaq.
- Bəs əsərin digər dillərə tərcüməsi nəzərdə tutulurmu?
- Bəli, yaxın gələcəkdə kitabın ingilis, rus və türk dillərinə tərcüməsi planlaşdırılır.
- Sözügedən romana qədər də müntəzəm olaraq müxtəlif janrlardakı hekayələriniz ədəbi portallarda yer alırdı. Nəyə görə ilk kitab üçün məhz fantastika janrını seçdiniz?
Doğrudur, “Külək – Yel Kürəsinin Şahzadəsi” ilk romanımdır. Ona qədər isə əsasən hekayə janrında yazırdım. Hekayələrimdə adətən fərqli janrları sınaqdan keçirirəm. Çatdırmaq istədiyim ideyadan, mesajdan, təqdim etmək istədiyim obrazdan və digər amillərdən asılı olaraq janrı seçirəm. Fikrimcə, janr əsəri yox, əsər özü öz janrını müəyyən etməlidir. Bu məsələdə yeniliklərdən də çəkinmək lazım deyil. Əks təqdirdə, müəllif özünü çərçivəyə salmış olacaq.
Bu roman yazılmadan öncə ağlımda təkcə baş qəhrəman Külək var idi. Onu öz gücünü kəşf etməyə doğru irəliləyən bir obraz kimi təsəvvür edirdim. Küləyin daxili və zahiri keyfiyyətləri, arzuları, zəngin xəyal dünyası isə romanın janrını müəyyənləşdirdi.
Ümumiyyətlə, fantastika janrı müəllifə sonsuz sayda imkanlar bəxş edir. Xəyal gücünün sərhədlərini aşmaq, digər heç bir janra xas olmayan xüsusiyyətlər, obrazlar, məkanlar və s. yaratmaq şansı qazandırır. Həmçinin bu janr yerli ədəbiyyatımızda çox az işlənib. Ona görə düşündüm ki, ilk romanım məhz fantastika janrında olsun.
- Ədəbiyyat sahəsində hədəfləriniz nədir və ədəbi yaradıcılıq sizin üçün nə məna ifadə edir?
- Məncə, insan hansı sahəni seçirsə seçsin, öz fəaliyyəti sayəsində cəmiyyətə faydalı bir şəxs olmağı, dünyanı daha gözəl bir yer halına gətirməyi qarşısına məqsəd qoymalıdır. Yəni, məqsəd kimi qarşıya sadəcə yazıçı, şair, hüquqşünas və ya aşpaz olmaq deyil, əsərləri vasitəsilə insanlara müsbət fikirlər, duyğular aşılayan bir yazar, insanların hüquqi problemlərini həll edərək yardımçı olan bir hüquqşünas, ya da dadlı yeməkləri ilə onlara xoş ovqat bəxş edən bir aşpaz olmaq qoyulmalıdır.
Hər bir peşə və ya sahə insanın özünüifadə vasitəsidir. Ədəbi yaradıcılıq da mənim özünü ifadə vasitəmdir. Əlbəttə, özümə qoyduğum müəyyən hədəflər var. İlkin hədəf isə ilk kitabımın oxucular tərəfindən bəyənilməsidir.
- Müsahibəyə görə təşəkkürlər! Sizə bol yaradıcılıq uğurları arzulayırıq!
Çox sağ olun!
AzVision.az
Teqlər: ASAN-Könüllü