Xocalı faciəsi Xarkovda anıldı
Artıq bir sıra dövlətlər Xocalı qətliamına hüquqi-siyasi qiymət veriblər və onu soyqırımı aktı kimi tanıyıblar. Fəxri konsul Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadığını vurğulayıb.
Xocalı soyqırımının insanlığa və bəşəriyyətə qarşı törədilən ən dəhşətli faciə olduğunu deyən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra bəşəriyyət elə düşünürdü ki, artıq insanlar sülh şəraitində yaşayacaqlar, ancaq bu, belə olmadı. Bütün dünyanın gözü qarşısında Xocalı soyqırımı törədildi. Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik siyasəti nəticəsində Xocalı soyqırımına dair həqiqətlər bütün dünya ölkələrinə çatdırılıb. Ermənilərin işğalçı, terrorçu əməlləri ifşa olunub. Səfir vurğulayıb ki, ən dəhşətlisi, bəzi dövlətlərin Ermənistanın sabiq prezidenti, Xocalı soyqırımı iştirakçısı Serj Sarkisyanın dünya mətbuatına açıqlamasında soyqırımı faktını etiraf etməsinə baxmayaraq, ikili siyasət yürütməsidir.
Xarkov Vilayət Şurasının sədri Serqey Çernov çıxışında Xocalı soyqırımının təkcə azərbaycanlılara qarşı deyil, insanlığa və bəşəriyyətə qarşı törədildiyini vurğulayıb. Xocalı faciəsi Azərbaycan tarixində qanlı bir səhifədir.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Fondunun Xocalı soyqırımına dair hazırladığı filmə baxıblar. Daha sonra Xarkov şəhər Administrasiyası rəhbərinin müavini Svetlana Qorbunova-Ruban, Xarkovda fəaliyyət göstərən “Dostluq” cəmiyyətinin sədri Murad Ömərov və digər çıxışçılar Xocalı soyqırımı və onun acı nəticələri haqqında məlumat veriblər. Belə bir ağır cinayəti törədənlərin beynəlxalq tribunal qarşısında cavab vermələrinin vacibliyini vurğulayıblar.
Azvision.az