3 qəsəbəni birləşdirən yol yenidən qurulur

3 qəsəbəni birləşdirən yol yenidən qurulur
  21 Fevral 2019    Oxunub:2338
Sabunçu rayonu Bakıxanov qəsəbəsi ilə Suraxanı rayonunun Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən avtomobil yolu yenidən qurulur.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Azvision.az-a bildirib ki, sözügedən yolun uzunluğu 5.1 km-dir. Yolun 1.6 km-i 4 hərəkət zolaqlı olmaqla eni 20 m, 3.5 km-i isə 2 hərəkət zolaqlı olmaqla eni 8 m-dir.

Layihəyə uyğun olaraq köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınır, qabarmış və dağılmış hissələr qazılaraq çıxarılır, zəruri ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi işləri görülür, bunun üçün yol kənarında olan səki daşları sökülür, daha sonra əks-dolğu aparılaraq kipləşdirmə işləri aparılır. Əks-dolğu işlərinin aparıldığı ərazilər isə hamarlayıcı lay asfalt-beton örtüyü döşənməklə profilə salınır.

Bunun ardınca tikinti norma və qaydalarına əsasən asfaltlanma işlərinə başlanılacaq. Sabunçu və Suraxanı rayonlarını birləşdirən avtomobil yoluna iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.

Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsi hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada 5200 kv.m sahədə bərpa olunur, yol boyu köhnə səki daşları yenisi ilə əvəz edilir. Ümumilkdə isə təmir-tikinti işləri çərçivəsində yol boyu 60 min kv.m-ə yaxın sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır:

"Bakı şəhərinin iki rayonun Bakıxanov, Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən yol sözügedən qəsəbələrdə yaşayan vətəndaşların istifad etdiyi əsas yol olduğu üçün yenidən qurulması ehtiyac var idi. Çünki yol uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi. Bu isə öz növbəsində hərəkətdə müəyyən problemlərə səbəb olurdu. Məhz bütün bunlar nəzərə alınaraq hazırda yol boyu təmir-tikinti işləri aparılır."

Tikinti norma və standartlarına uyğun olaraq təmir-tikinti işlərinin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə isə yol boyu yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkiləcək, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.

Azvision.az


Teqlər: Yol   Temir  





Xəbər lenti