“Minsk Qrupu iflasa uğradığını etiraf etməlidir” - Deputat

 “Minsk Qrupu iflasa uğradığını etiraf etməlidir” -    Deputat
  17 Avqust 2020    Oxunub:3920
“Tovuz təxribatından sonra həm hərbi, həm də diplomatik-siyasi müstəvidə layiqli cavab alan ermənilər görünür yeni təxribatlar yaratmağa cəhd etməklə sonuncu uğursuzluqlarını daxili ictimai rəydə kompensasiya etməyə çalışırlar”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib. Onun sözlərinə görə, Qarabağ probleminin bu cür manipuliyasiya edilməsi uzun müddət davam edə bilməz və Azərbaycanın ərazi bütövlüyü işğalçı Ermənistanın daxili siyasət spekulyasiyasına çevrilə bilməz:

“Dağlıq Qarabağdakı qondarma rejimin başçısı, terrorist Araik Arutunyan Gəncəni vurmaqla bağlı sərsəm fikirlər irəli sürüb. Bu separatçı əmin olmalıdır ki, onun səsi elə çıxdığı yerdəcə susdurulacaq və buna çox az qalıb. Xankəndi də, bütün Qarabağ da tezliklə öz həqiqi sahibinə, Azərbaycana qovuşacaq. Elə Tovuz təxribatından sonra işğalçı ölkənin ən sadiq havadarlarının belə Ermənistana sahib çıxmaması görünür bütün paşinyanları, arutunyanları isterika vəziyyətinə salıb və onlarda nostalji hissələrini o qədər qabardıb ki, Gəncənin adını belə Kirovabad kimi söyləməyə məcbur edib”.

Millət vəkilinin sözlərinə görə, separatçılar və işğalçılar bilməlidirlər ki, artıq yeni tarixi mərhələ başlayıb və onların böyük nostalji hissi ilə xatırladıqları sovet imperiyası, onun işğal maşını yeni mərhələdə real hərbi-siyasi mexanizm deyil və separatçı rejimi dəstəkləyən qorbaçovlar da artıq yoxdur: “Təəccüb və təəssüf doğuran isə odur ki, separatçı Arutunyanın yeni terror aktı planları ilə bağlı səsləndirdiyi fikirlərə ATƏT-in Minsk qrupu və digər müvafiq beynəlxalq təşkilatlar heç bir reaksiya vermirlər. Görünür, ATƏT-in Minsk Qrupu öz missiyasını yalnız Ermənistan dara düşəndə tərəfləri sülhə çağırmaqla bitmiş hesab edir. Bu cür davranışa son qoyulmalıdır. Onsuz da gərgin olan regionumuzda növbəti təxribatların böyük müharibəyə çevrilməsi əsla istisna deyil. İşğal faktı qaldıqca müharibə riski də qalacaq. Vasitəçilik missiyası üçün BMT Təhlükəsizlik Şurasından mandat alan Minsk Qrupu ya missiyasını yerinə yetirməli, ya da fəaliyyətində iflasa uğradığını etiraf etməlidir”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Deputat   Hikmət-Babaoğlu  





Xəbər lenti