Nazir kənd təsərrüfatı üzrə Qarabağla bağlı planlardan danışdı

   Nazir kənd təsərrüfatı üzrə Qarabağla bağlı planlardan danışdı
  03 Noyabr 2022    Oxunub:529
"Gələcək perspektivdə azad olunmuş torpaqların təbii-iqlim və relyef xüsusiyyətləri nəzərə alınmaqla, bölgədə taxıl və yem bitkiləri, həmçinin heyvandarlıq məhsulları istehsalı üstünlük təşkil edəcək".
AzVision.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov “Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konfilikt quruculuğu modeli” mövzusunda keçirilən qələbənin ikinci ildönümü – Zəfər Gününə həsr olunmuş konfransda deyib.

O qeyd edib ki, azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur:

"Bölgə üçün ənənəvi hesab edilən heyvandarlıq və taxılçılıq sektorları ilə yanaşı, meyvəçilik və tərəvəzçiliyin inkişafı potensialı da genişdir

Ağdam, Füzuli, Cəbrayıl rayonlarında pambıqçılığın, Ağdam və Füzuli rayonlarında tərəvəzçiliyin, Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında milli üzüm sortları əsasında üzümçülük-şərabçılıq sahələrinin inkişafı baxımından əlverişli imkanlar mövcuddur.

Kəlbəcər və Laçın rayonlarının zəngin otlaq və yaylaqları heyvandarlığın və arıçılığın inkişafında mühüm əhəmiyyət kəsb edir. Həmçinin bu bölgədə heyvandarlıq sahəsinin intensiv və yarımintensiv ferma modeli əsasında da inkişafı təmin ediləcək".

Nazir deyib ki, bölgədə quruculuq işlərinin əsas istiqamətlərindən birini yeni logistika infrastrukturunun qurulması təşkil edir:

"Logistikanın genişlənməsi kənd təsərrüfatı məhsullarının ixrac bazarlarına çıxarılmasına imkanlar yaradacaq. Bütün bunlar göstərir ki, azad olunmuş ərazilərin aqrar potensialından səmərəli istifadə ölkə üzrə kənd təsərrüfatı məhsullarının istehsalını ciddi çəkildə artıracaq".

İ. Kərimov qeyd edib ki, ötən əsrin 80-ci illərində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərindəki rayonlar respublika üzrə kənd təsərrüfatı məhsulları istehsalında əhəmiyyətli paya malik idilər:

"Taxıl məhsullarının təqribən 14%-i, kartof, tərəvəz və bostan məhsullarının təqribən 6%-i, tütünün təqribən 8%-i, üzümün təqribən 25%-i, ət və süd məhsullarının hər biri üzrə istehsalın təqribən 15%-i bu bölgənin payına düşüb.

Bu rəqəmlər azad olunmuş ərazilərin kənd təsərrüfatı potensialının nə qədər yüksək olduğunu təsdiqləyir. Təsadüfi deyil ki, Prezidentin azad olunmuş torpaqlarımızla bağlı ilk tapşırığı bu torpaqların əkilib-becərilməsi ilə bağlı olub. Bu tapşırığa əsasən müharibənin başa çatdığı ilk günlərdən etibarən Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılmasına başlanılıb.

Hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra isə azad edilmiş ərazilərimizdə kənd təsərrüfatı sahəsinin bərpası istiqamətində tədbirlər görülüb".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti