Beton cəhənnəmində 36 saat

// "Hər yer qaranlıqlaşdı və..." - Azərbaycanlı tələbə başına gələnləri danışır

Beton cəhənnəmində 36 saat
  10 Fevral 2023    Oxunub:6547
Kahramanmaraş Sütcü İmam Universitetinin tələbəsi Göyçək Baxşəliyeva bakalavr təhsilindən sonra magistraturaya imtahan vermək üçün yenidən Türkiyəyə qayıdıb. O, Kahramanmaraşda beşmərtəbəli tələbə yataqxanasının ikinci mərtbəsində qalırdı. İlk 7,7 ballıq zəlzələdə binanın çökməsi nəticəsində dostu ilə dağıntılar altında qalıb. Yalnız 36 saatdan sonra AFAD xilasediciləri tərəfindən çıxarılıb.
Göyçək Baxşəliyeva yaşadağı faciə anını AzVision.az -la bölüşüb.

“Səhər saatları idi, öz otağımda yatırdım. Elə bildim nəsə bomba atıldı, yuxudan durdum ki, ev silkələnir, zəlzələdir. Tez qaçıb otaq yoldaşımı oyatdım. O da yatırdı. Silkələnmədən otaqda oyana-buyana atılırdıq. Bir də gördük ki, beton yerə düşdü. Otaq yoldaşım balkonlu otaqda qalırdı. Balkon 4 metr tavana doğru qalxdı. Hər yer qaranlıqlaşdı və biz betonların arasında sıxılmış vəziyyətdə qaldıq. Həmin otaqda paltar və kitab şkafı var idi. O iki yerə aralanmışdı. Biz onun içərisində oturaqlı vəziyyətdə sıxılmışdıq. Növbəti güclü zəlzələdə beton bir az daha aşağı düşdü. Ümumiyyətlə hər silkələnmədə betonlar aşağı düşürdü və biz daha da sıxılırdıq. Çömbəlmiş vəziyyətdə idik. Yerimizi növbəli dəyişməklə dizimizi yerə qoyub dincələrdik. Aşağıda yer var idi, ayağımızı sallaya bilirdik. Amma düşünürdük ki, sallasaq aşağı düşərik və bizi eşitməzlər. Xilas edəndə AFAD-çılar dedilər ki, şkaf sayəsində siz sağ qalmısınız”.

G.Baxşəliyeva dostunu oyatmağa getməsini özünün böyük şansı hesab edir.
“Yaxşı ki onun otağına getdim. Mənim otağım tamamilə çökmüşdü. Mənə paralel otaqda qalan tələbə ölmüşdü. Mən də orada qalsaydım sağ çıxmazdım.
Otaq yoldaşımla ancaq dua edirdik. Türkiyədə heç kimim olmadığı üçün fikirləşdim ki, kimsəsizlikdən öləcəm. Var gücümüzlə qışqırırdıq ki, bizi oradan çıxartsınlar. Səsim də batmışdı. Bizi elə bilirdik ki, səsimizi eşitmirlər. Çöldə olan heç bir şeyi betonlardan hiss etmirdik. Amma çöldə çox adam var imiş, bizi qurtarmağa çalışırdılar. Betonları qırdıqdan sonra bizim səsimizi eşitdilər.
Otaqda çox qaz var idi, gözlərimi məhv etmişdi. Bizi xilas edəndə gözlərimi aça bilmirdim. Xəstəxanada yudular, bir az özümə gəldim”.



Göyçək deyir ki, 36 saat betonların arasında qalmaqlarını dostunun telefon zəngi ilə biliblər:
“Hər saat 7-nin yarısı telefon zəng çalırdı. Bilirdik ki, artıq bir gün də keçdi. 3 günü təsəvvür etmək çox çətindir. Ancaq xilas olmağı düşünürdük. Dua edirdik. Yatmamağa çalışırdıq. Fikirləşirdik ki, yatsaq çağırarlar eşitmərik. Növbəli şəkildə 15 dəqiqəlik gözümüzü yumurduq. Amma onu da hesablayırdıq ki, çox vaxt keçməsin. O an ağlımıza yemək gəlmirdi, amma çox susuzlamışdıq. Dodaqlarımız çatlamışdı. Bizi çıxardanda isə su ilə ancaq dodaqlarımızı islatmağı dedilər. Sonra xəstəxanada sistem köçürüldü və yavaş-yavaş özümüzə gəldik. Ciddi xəsarətimiz olmadığı üçün bizi təxliyə etdilər. Hazırda otaq yoldaşımın ailəsigildə kənddə qalıram. Əvvəl kiminsə köməyi ilə yeriyirdim. Artıq özüm hərəkət edirəm”.

Vəziyyəti normallaşan Göyçək Vətənə qayıtmaq istəyir. Amma avtobus olmadığı üçün necə qayıdacağını bilmir.

“Valideynlərimin yanına qayıtmaq istəyirəm. Dağıntılar altında qalanda ancaq onları fikirləşirdim. Mən evin bir qızıyam, başqa uşaq yoxdur. Allaha dua edirdim ki, onlara övlad acısı yaşatmasın. Düşünürdüm ki, onların xəbəri yoxdur. Amma danışanda bildim ki, hər şeyi bilirlər. Atam ürək xəstəsisidir. Ürəyi çox narahat olmuşdu. Kahramanmaraşdan təxliyə avtobusu daha çıxmır. Birtəhər qayıtmağa çalışacam.
Çox sevdiyim dostlarım var idi, onların ölüm xəbərini eşitdikcə daha pis oluram. Buradan tez zamanda getmək istəyirəm. Kahramanmaraş yerlə bir olub. Böyük stress keçirtmişəm və bir də bura qayıtmaq istəmirəm. Ola bilər ki, təhsilimi başqa şəhərdə davam etdirirəm, amma burada yox. Çünki düşünürəm ki, qayıtsam, yenə eyni hadisələri yaşayacam”.




Qaldıqları binanın son vəziyyəti


Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti