Fransa mənGƏNƏ ağzında

// Paris artıq “sevgi şəhəri” deyil

   Fransa mənGƏNƏ ağzında
  16 Noyabr 2023    Oxunub:3271
Bir aydır ki, yataq gənələri Fransanın gündəmini zəbt edib. Oktyabrın əvvəlində sosial şəbəkədə Paris sakinlərinin gənələrlə bağlı həyəcanı kəskin artdı. Paylaşılan foto və videolarda “sevgi şəhəri”ndə qatarlarda və avtobuslarda, həmçinin xəstəxanalarda və kinoteatrlarda xoşbəxt gənələrin necə çoxaldığı görünürdü. Həşəratlara hətta şəhərin əsas hava limanında da rast gəlinib.
Dekabrda Fransa Milli Assambleyasında (parlamentin aşağı palatası) yataq gənələrilə mübarizə haqda qanun layihəsi müzakirəyə çıxarılacaq. "Biz cəhənnəm yaşayan minlərlə həmvətənimizin üzləşdiyi əsl ictimai sağlamlıq problemi ilə üz-üzəyik",- Milli Assambleyadakı “İntibah fraksiyası”nın rəhbəri Silven Mayar deyib.

“İtaət etməyən Fransa” partiyasının parlament fraksiyasının lideri Matilda Pano da yataq gənələrinin " ölkədə milyonlarla ailəyə cəhənnəm yaşatdığını" söyləyərək, hökuməti problemi həll etməyə çağırıb. Onun fikrincə, dövlət orqanlarının hərəkətlərini əlaqələndirmək, müalicə qiymətlərini təyin etmək və faydası olmayan bəzi kimyəvi maddələri qadağan etmək lazımdır.

Hakimiyyət gənələrlə mübarizə üçün 5 milyon avroluq xüsusi fond yaradacaq. Bu, ölkənin gələn ilki büdcə layihəsində nəzərdə tutulub. Ayrılan vəsait dezinfeksiya xidmətlərini tam ödəyə bilməyən imkansız ailələrə yardım kimi veriləcək.


Paris merinin birinci müavini Emmanuel Qrequar parazitlərlə mübarizə üçün dövlət planı hazırlamağa çağırıb. Bir neçə həftə davam edən qızğın müzakirələrdən sonra RMC radiostansiyası hətta Fransanın kəşfiyyat xidmətlərinə istinadən ölkədə yataq gənələrinin yayılması ilə bağlı məlumatların aktiv şəkildə yayılmasında Rusiya mediasının mümkün iştirakı barədə xəbər yayıb.

Fransa Sanitariya Təhlükəsizliyi Agentliyinin (Anses) məlumatına görə, ölkədə evlərin 10%-dən çoxu yataq gənələrinə yoluxub. 2017-ci ildən 2022-ci ilə qədər fransızların yataq gənələrilə mübarizə xərcləri 1,4 milyard avro, yəni ildə təxminən 230 milyon avro təşkil edib. 2017-ci ildə ölkədə təqribən 200 min ev təsərrüfatında parazit olub, 2022-ci ildə isə onların sayı 1,1 milyonu ötüb.

Fransızlar çox səyahət edirlər, buna görə də, yataq gənələri problemi digər Avropa ölkələrinə də yayıla bilər. Tartu Universitetinin entomoloqu Mati Martinin sözlərinə görə, yataq gənələri isti iqlimi sevir. Yaşayış binaları onlar üçün uyğun məskəndir. “Səyahət zamanı otel otağında yeni bir insan qalarsa, yataq gənələri onu şikar kimi qəbul edirlər. Eyni vərdiş birələrdə də müşahidə edilib”, - entomoloq bildirib.


Bundan əvvəl “Le Parisien” nəşri Fransa Təhsil Nazirliyinə istinadən xəbər vermişdi ki, Fransanın bir neçə şəhərində məktəblər yataq gənələri ilə bağlı vəziyyətə görə bağlanıb.

Mütəxəssis Coanna Fietenin sözlərinə görə, səyyahlar özləri ilə çamadanda və ya əl yükündə yataq gənələri gəzdirirlər. Gənələrinin sayı onların insektisidlərə - həşəratları öldürmək üçün nəzərdə tutulmuş kimyəvi maddələrə davamlı olması səbəbindən artır.

Parisdə və Fransanın digər şəhərlərində yataq gənələrinin yayılması gələn il keçiriləcək Olimpiya Oyunlarında təmizlik və gigiyena məsələsini gündəmə gətirib. Paris XXXIII Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək, açılış mərasimi 26 iyul 2024-cü ildə baş tutacaq. Oyunlar iyulun 26-dan avqustun 16-dək keçiriləcək.


Tamaşaçı marağının azalmasından onsuz da narahat olan kinoteatr sahibləri sosial şəbəkələrdə kinoteatr oturacaqlarında həşəratların süründüyünü əks etdirən videolardan ciddi narahatlıq keçiirirlər. Metro sərnişinləri oturmazdan əvvəl oturacaqları diqqətlə yoxlayır, hətta bəziləri ayaq üstə getməyə üstünlük verirlər.

Gənələr qaranlıq yerlərdə - məsələn, çatlarda, çarpayılarda, divanlarda və ictimai yerlərdəki parça örtüklü oturacaqlarda yaşayır. Onlar tullana və ya uça bilmirlər, lakin paltarlara, çanta və çamadan kimi əşyalara yapışırlar. Onların xəstəlikləri yayma qabiliyyəti sübuta yetirilməyib, lakin onlar qanla qidalanır və insanlarda şiddətli qaşınmaya, allergik reaksiyalara səbəb olurlar. Onların varlığı ən azı insanın psixi vəziyyətinə təsir göstərə, yuxusunu poza bilər.

Entomoloq Jan-Mişel Berencer “Le Monde” qəzetinə bildirib ki, 1950-ci illərdə DDT adlı çox güclü insektisiddən istifadə edilib. “Yaxşı təsir göstərirdi, davamlı və ucuz idi, lakin sonradan zəhərli və insan sağlamlığı üçün təhlükəli olduğu aşkar edildi və qadağan olundu”,- deyən ekspertin sözlərinə görə, yataq gənələrində daha yumşaq insektisidlərə qarşı müqavimət yaranıb. Ancaq DDT-nin istifadəsinə qayıtsaq və bunu müəyyən şərtlər daxilində etsək də, effektivliyə zəmanət yoxdur: artıq ona davamlı olan həşərat populyasiyaları aşkar edilib.


Fransadakı gənə epidemiyasına görə bəziləri miqrantları günahlandırmağa başlayıblar. Bu şəxslərdən biri də “Cnews” kanalının aparıcısı Paskal Prouddur. O, "Fransa torpağında" olanlarla "eyni gigiyenik şəraitə malik olmayan" immiqrantların ölkəyə gəlməsi və parazitlə yoluxma arasında əlaqə ola biləcəyini ehtimal edib.

Yoluxma coğrafiyası arta bilər

Parisdə bu yaxınlarda Moda Həftəsi və Reqbi üzrə Dünya Kuboku keçirilib. “The Guardian” yazır ki, bu hadisələr şəhərə yüz minlərlə səyyah cəlb edib, ona görə də, onların evə qayıdarkən özlərilə arzuolunmaz “suvenir” aparacaqları qorxusu var.


Hazırda Böyük Britaniya xüsusilə narahatdır. Bundan əvvəl “The Independent” nəşri belə bir məqalə dərc etmişdi ki, yataq gənələri Fransa və Britaniya arasında hərəkət edən “Eurostar” qatarlarının parça oturacaqlarında iki saatlıq rahat səyahətdən tamamilə salamat çıxa bilirlər. Təşvişə düşmüş britaniyalılar artıq sosial şəbəkələrdə yataq gənələrinə bənzəyən canlıları əks etdirən videolar yaymağa başlayıblar.

Parisin gələn il Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda gənələrin bütün dünyaya yayılma riski də artır.

Artıq Cənubi Koreyada da yataq gənələrinin dalamaları ilə bağlı şikayətlər qeydə alınıb. Parazit hücumunun əsas versiyası həşəratların Fransadan gətirilməsi ehtimalıdır. Cənubi Koreya hökuməti yeni təhlükə ilə bağlı təcili iclas keçirib. Ölkədə Qaynar Xətt Mərkəzləri fəaliyyətə başlayıb.

Tariyel Həsənov
AzVision.az



Teqlər: Fransa   Gənə  





Xəbər lenti