Makron ərəb liderləri ilə danışıb

   Makron ərəb liderləri ilə danışıb
  17 İyul 2024    Oxunub:1054
(Emmanuel Makron və Qətər əmiri Təmim bin Həməd Al Sani)

Fransa Prezidenti Emmanuel Makron bir sıra ərəb ölkəsinin liderləri ilə Qəzza zolağındakı müharibənin cari vəziyyəti üzrə telefon danışığı aparıb.
AzVision.az xəbər verir ki, bu barədə Yelisey sarayının (Fransa Prezidentinin iqamətgahı) mətbuat xidməti məlumat yayıb.

Misirli həmkarı Əbdülfəttah Əs-Sisi, Qətər əmiri Təmim bin Həməd Al Sani və Bəhreyn kralı Həməd bin İsa Al Xəlifə ilə danışan Makron İsrail Ordusunun Qəzzadakı BMT məktəblərinə, Məvasi qəsəbəsindəki qaçqın düşərgəsinə hücumunu pisləyib. O, İsrailin beynəlxalq humanitar hüquqa hörmətlə yanaşmasını vacibliyini vurğulayıb.
Daha bir HƏMAS komandiri öldürülüb - FOTO/VİDEO

Makronun diqqətə çatdırdığı bu iki faktla bağlı İsrail tərəfi bildirib ki, istənilən mülki təyinatlı obyektlərin hədəfə alınması yalnız HƏMAS terrorçularını zərərsizləşdirmək məqsədi daşıyır. Odur ki belə əməliyyatlarda "çox az mülki şəxs zərər görür". Məvasi qaçqın düşərgəsinə hücuma gəlincə isə, bu, məhz HƏMAS-ın briqada komandiri Rəfai Səlamənin ölümü, "İzzəddin Əl-Qəssam" adlı hərbi qanadın rəhbəri Məhəmməd Zeyfin isə ağır yaralanması ilə nəticələnən əməliyyatdır. Qəzzanın Səhiyyə Nazirliyinin təsdiqlənməmiş məlumatına əsasən, həmin hücum zamanı 71 nəfər həyatını itirib.

Danışıq zamanı Fransa Prezidenti həmçinin HƏMAS-ı əsir saxlanılan şəxsləri azadlığa buraxmağa və atəşkəslə bağlı razılığa gəlməyə çağırıb.

Ərəb liderləri danışıq zamanı İsrail və "Hizbullah" arasında getdikcə artan toqquşmalarla bağlı narahatlıqlarını dilə gətirərək, tərəfləri "təmkinli davranmağa" səsləyiblər. Makron da, öz növbəsində, sözügedən toqquşmaların diplomatik həllinə Fransanın dəstək verəcəyini bildirib.

Xatırladaq ki, Livanla sərhəddə İsrail və iranyönümlü "Hizbullah" təşkilatı arasındakı toqquşmalar istər yerli, istərsə də avropalı nümayəndələri təşvişə salmaqdadır. Hərçənd İsrailin energetika naziri Eli Koen dünən ölkənin "Kol Barama" radiosuna açıqlamasında vurğulamışdı ki, "terrorçuların İsrailə hücumların cavabını təkcə "Hizbullah" yox, Livan dövləti də ödəməlidir".

Firudin Həmidli
AzVision.az


Teqlər:   Fransa   ərəb-ölkələri   Qəzza   danışıqlar  





Xəbər lenti