"Mat" olan hərbi canilər susur

   "Mat" olan hərbi canilər susur
  22 İyul 2024    Oxunub:1136
Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ məsələsindən danışarkən İrəvanın keçmiş rəhbərlərinə dair bir sıra açıqlamalar verməsi Ermənistan mediasında ajiotaja səbəb olub.
O, Ermənistan prezidentləri Robert Koçaryan və Serj Sarkisyanla aparılan danışıqlardan söz açarkən onların Xocalı soyqırımında və ötən əsrin 90-cı illərində Qarabağda baş verən digər hərbi cinayətlərdə əli olduğunu xatırladıb. Azərbaycan lideri 15 il hər iki siyasətçi ilə Qarabağ probleminin həlli üçün danışıqlar apardığını deyib. Hakimiyyət yönümlü medianın diqqətini çəkən məsələ isə Prezidentin bu danışıqların faydalı olduğunu qeyd etməsi olub.

"Xalq artıq Köçəryanın komandasından iyrənir" - Erməni deputat
Saytlar yazır ki, əslində Azərbaycan liderinin bu açıqlaması Koçaryan-Sarkisyan cütlüyünün rəsmi Bakının xeyrinə addımlar atdığını, danışıqlar prosesinin qarşı tərəfin xeyrinə işləməsinə səbəb olduqlarını göstərir. Yəni, hazırda müxalifətdə olan Qarabağ klanı xalqı inandırmağa çalışır ki, guya onların hakimiyyəti dövründə hər şey məlum cütlüyün sayəsində Dağlıq Qarabağın beynəlxalq aləmdə tanınmasına doğru gedirmiş.

Amma İlham Əliyev deyilənlərin əksini göstərir, o, əminliklə bu danışıqların Azərbaycan xalqına faydalı olduğunu sübut etdi.

Hətta “İnfoteka” nəşri oxucular üçün sual da ünvanlayıb ki, İlham Əliyevin belə bir mühüm gedişi, səsələndirdiyi fikirlərə müxalifət cavab verə biləcəkmi? Ümumiyyətlə bəzi sirləri aça biləcəklərmi?

Hazırda jurnalistlər, ümumilikdə Ermənistan cəmiyyəti Azərbaycan Prezidentinin bu vacib və maraqlı açıqlamasına müxalifətdə olan əvvəlki hakimiyyət təmsilçilərinin hansı üzlə cavab verəcəyini gözləyir. Çünki müxalifət uzun müddətdir İlham Əliyevin Nikol Paşinyanı dalana dirəməsinə, onun ünvanına səsləndirdiyi sərt və haqlı ittihamlara, diplomatik hücumlara cavab verməməkdə ittiham edir. İndi isə Robert Koçaryan və Serj Sarkisyan özün çətin duruma düşüb. İnformasiya məkanında "mat" olan cütlüyün susması da başa düşüləndir. Çünki hökumət mediası hərbi canilərdən zamanında Azərbaycana edilən güzəştin nədən ibarət olmasının hesabını soruşur.

Əgər hərbi canilərdən normal cavab gəlməsə, deməli klan təmsilçiləri zamanında rəsmi Bakıya nəinki güzəştə getmək məcburiyyətində qalıb, bu proses erməni xalqından da gizlədilib. Bir sözlə, Azərbaycan lideri Koçaryan- Sarkisyan cütlüyünə siyasi meydanda olduğu kimi informasiya məkanında da tutarlı zərbə vurub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Prezident   Güzəşt   Qarabağ  





Xəbər lenti