Heydər Əliyev Mərkəzində heykəltaraş Lorenso Kuinnin "Təbiətdə tarazlıq” sərgisi açılıb
Bakı sərgisinin konsepsiyasının əsasını ətraf mühitin dərk olunması, təbiətə qayğı ideyası təşkil edir.
Açılış mərasimindən əvvəl italyan heykəltaraş Lorenso Kuinn jurnalistlərə açıqlamasında burada Azərbaycanda olmasından məmnunluğunu ifadə edib.
“İnanılmaz məkanda bu heyrətamiz sərgini təşkil etmək məni çox həyəcanlandırır. Təbii ki, uzun illərdir bu məkanı izləmişdim və bir gün burada öz sərgimi təşkil edəcəyimə inanırdım. Xəyallar gerçəkləşdi. Həmçinin çox şadam ki, sərgim COP29 ilə üst-üstə düşür, çünki mənim sənət əsərlərimin hər biri özlüyündə bir universal mesajdır. Bu mesaj sevgini, sülhü və davamlılığı tərənnüm etdirir”, - italiyalı heykəltaraş vurğulayıb.
Sərginin açılışında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, rəsmi qonaqlar, diplomatlar, tanınmış incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.
Açılış mərasimində çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov qısa müddət ərzində öz sərgisinin Azərbaycanda keçirilməsi üçün göstərdiyi dəstəyə görə Lorenso Kuinnə təşəkkürünü bildirib. O, Heydər Əliyev Mərkəzində cari il ərzində bir neçə italyan heykəltaraş və rəssamın təqdimatlarının keçirildiyini bildirib, hazırkı sərgidə çox gözəl heykəltaraşlıq nümunələrinin nümayiş olunduğunu deyib.
Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında və foyesində təqdim olunan sərgidə möhtəşəm heykəltaraşlıq nümunələrinə baxıblar.
Qeyd edək ki, “Hisslərin yaradıcısı”, “emosiyaların rəssamı” kimi tanınan Lorenso son dövrlərdə ən çox tələb olunan heykəltaraşlardan biridir. Onun əsərləri dünyaya sülh, harmoniya, “yaratmaq və ya məhv etmək yalnız öz seçimimizdən asılıdır” kimi mesajları çatdırır.
AzVision.az
Teqlər: Kuinn heykəltaraş sərgi