5 “dil bilən”, qiyməti 15 min avro olan axtarış itləri - REPORTAJ (FOTOLAR)

5 “dil bilən”, qiyməti 15 min avro olan axtarış itləri -  REPORTAJ (FOTOLAR)
  25 Fevral 2019    Oxunub:21249
Ötən həftə Dövlət Gömrük Komitəsi jurnalistlər üçün növbəti mediatur təşkil edib.

Azvision.az -ın əməkdaşlarının da iştirak etdiyi mediatur çərçivəsində xüsusi təlim keçmiş itlərin saxlanıldığı Kinoloji Mərkəzə baxış keçirilib.



Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzinin rəisi İlkin Osmanov bildirib ki, hazırda mərkəzdə 60 baş xidməti axtarış iti saxlanılır. Ümumilikdə 4 hektar ərazini əhatə edən mərkəzin bazasında eyni vaxtda 100 baş xidməti it saxlamaq, onlara tibbi qulluq göstərmək və təlim vermək mümkündür. Əsas məqsəd narkotik vasitələrin, partlayıcı maddələrin, odlu silahların və döyüş sursatının axtarışı, iz, iy, eləcə də bütün növ obyektlərin mühafizəsi üzrə itlərin hazılanmasıdır. Bir xidməti itin Avropada satış qiyməti 10-15 min avro arasındadır.



İ.Osmanov qeyd edib ki, Azərbaycandan 12 ölkəyə xidməti axtarış itləri ianə edilib: “Əfqanıstan, Makedoniya, Gürcüstan, Toqo, Seneqal, Monqolustan, Rumınya, Türkiyə, Bolqarıstan, Qırğızıstan və digər ölkələrin kinoloji xidmətlərinin əməkdaşları bizim mərkəzdə kurs keçiblər. Əməkdaşları bizdə kurs keçən 12 dövlətə xidməti axtarış itlərini ianə etmişik. Kinoloji Mərkəzdə təlim olunan itlər dəfələrlə müxtəlif yarışların qalibləri olublar. Hətta "Layma" ləqəbli it 2003-cü ildə Bratislavada keçirilən 2-ci Avropa çempionatında baş mükafatı qazanıb”.



Mərkəzdə bir itin saxlanma xərclərinə gəlincə, İ.Osmanov deyib ki, bu, itlərin cinsindən və çəkisindən asılı olaraq, ildə 1000-2000 min manat arasında dəyişir.

“Kinoloji Mərkəzdə olan itlərin hamısı şimal, cənub, qərb sərhəd-keçid məntəqələrində, hava nəqliyyatı, Bakı Baş Gömrük İdarəsi, enerji, dəniz ticarəti və s. kimi yerlərdə xidmət göstərir. Əgər təhlükəsizlik baxımından hər hansı problem yaranıbsa, it dərhal Mərkəzə gətirilərək müayinə olunur və lazımi müdaxilələr edilir”.



Mərkəzdə saxlanan itlərin xidmət müddəti 8 ildir. İtlər ildə 2 dəfə attestasiyadan keçirilir. 8 yaşında komissiya daxilində attestasiya aparılır, əgər xidməti it axtarışa yararlıdırsa, o balansda qalır. Yararlı deyilsə, xidmətdən uzaqlaşdırılır. Xidmətdə uzaqlaşdırılan itlərin sonrakı taleyinə gəlincə, bu itlər təlimçilərin ərizə ilə müraciəti əsasında onlara ianə olaraq verilir.



Qeyd olunub ki, hər axtarış itinə gündə 2 saatdan bir 15-20 dəqiqə fasilə verilir. Bildirilib ki, bir itə 7-8 narkotik vasitənin iyini öyrətmək mümkündür. Təlimçilər 5 dildə- fransız, ingilis, alman, rus və Azərbaycan dilində əsas sözlərdən istifadə edərək itlərə təlim keçirlər. İtlərə axtar, uzan, olmaz, iylə, yanımda və s. bu kimi sözləri öyrədirlər. Bir itə istəkdən asılı olaraq 1 dil öyrədilə bilər.



Narkotik maddələrin və psixotrop maddələrin tapılması üzrə axtarış itinə minimum 3 ay təlim keçirilməlidir. Əgər it silah-sursat, partlayıcı maddələr üzrə axtarışa cəlb olunacaqsa, təlim müddəti minimum 5 ay olmalıdır. Pul əskinaslarının axtarışı üçün təlimə təxminən 2,5 ay vaxt lazımdır. İtlər oyun sistemi ilə hazırlanırlar. Axtarış zamanı itlər aktiv və ya passiv reaksiya verə bilir. Aktiv reaksiya zamanı səs çıxarıb, cırmaq atıb, yeri qazdığı halda, passiv reaksiya zamanı narkotik vasitəni tapdığı yerə uzanır və yaxud oturur.

Sonda Kinoloji Mərkəzin təlim ərazisində axtarış itinin narkotik vasitələri aşkarlamaq bacarığı nümayiş etdirilib.















































Anar Kəlbiyev
Foto:Şahin Sərdarov

Azvision.az




Teqlər: DGK   Kinoloji-Mərkəz  





Xəbər lenti