Kolumbiyada Xocalıya dair mühazirə oxunub

Kolumbiyada Xocalıya dair mühazirə oxunub
  25 Fevral 2019    Oxunub:2675
Azərbaycanın Kolumbiyadakı müvəqqəti işlər vəkili Həmid Zeynalov tərəfindən paytaxt Boqota şəhərində yerləşən Santo Tomas Universitetinde Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan mühazirə oxunulub.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, əsası 1580-ci ildə qoyulmuş, Latın Amerikasında ən qədim universitetlərdən biri sayılan Santo Tomas Universiteti Kolumbiyanin ilk ali təhsil müəssisəsi olmaqla yanaşı, humanizm prinsiplərini ön planda tutan ali təhsil ocağıdır.

Öz çıxışında Həmid Zeynalov ilk öncə Azərbaycanın çoxəsrlik mədəniyyəti, tarixi, mənəvi dəyərləri, dini və irqi tolerantlığı, eləcə də sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Azərbaycana qarşı qanunsuz gücün tətbiq olunmasına və ölkəmizin ərazilərinin işğalı nəticəsində Azərbaycanda çox sayda insanların yerdəyişməsi, mülki şəxslərə hücumlar və yaşayış məntəqələrinin bombardman edilməsi ilə əlaqədar beynəlxalq humanitar hüququn pozulmasına dair dəqiq istinadların mövcudluğundan bəhs edib.

Daha sonra diplomat tək Azərbaycan xalqına yox, bütün bəşəriyyətə qarşı törədilmiş amansız Xocalı soyqırımı barədə danışaraq, bu qanlı gecədə qəddarcasına həlak olanlar və itkin düşənlər barədə məlumat verib. Soyqırıma siyasi-hüquqi qiymətin ilk dəfə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini bildirən H.Zeynalov, Xocalı barədə həqiqətlərin dünya miqyasında yayılması məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun böyük işlər gördüyünü bildirib. O, fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüs etdiyi “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində diplomatik nümayəndəliklərimiz və diaspor təşkilatlarımız tərəfindən müxtəlif tədbirlərin həyata keçirildiyi, filmlər çəkildiyi, musiqilər bəstələndiyi və bu tədbirlər nəticəsində bu vəhşi təcavüzə düzgün siyasi qiymətin verilməsinə nail olunduğunu vurğulayıb.

Tədbir çərçivəsində, H.Zeynalov ölkəmizin daxili və xarici siyasətindən danışıb, xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanın dinamik inkişaf yolundan, həyata keçirilmiş transmilli enerji və nəqliyyat-kommunikasiya layihələri barədə ətraflı məlumat verib. Eyni zamanda diplomat Azərbaycan və Kolumbiya arasında maraq doğuran, xüsusilə təhsil sahəsində əməkdaşlıq və tələbə mübadiləsi proqramları barədə danışıb.

Sonda Universitet rəhbərliyinin müraciəti əsasında, həmin Universitetin məzunu Şahin Məmmədov təhsil aldığı müddətdə tələbəlik xatiratlarından danışaraq, Kolumbiya-Azərbaycanın tələbə həyatının müqayisəsi fonunda müzakirələr aparıb. Həmyerlimiz Azərbaycanda təhsil səviyyəsinin yüksək keyfiyyətini qeyd edərək, bir çox ali təhsil müəssisələrində yeni kurikulumların yaradılması, Balonya sisteminin tətbiqi, tədrisin kredit sisteminə uyğun qurulması, müəllim-tələbə mobilliyi, elektron təhsil şəbəkəsinin yaradılması istiqamətində mühüm uğurlu addımlar atıldığını vurğulayıb. O, xarici tələbələrə gələcəkdə təhsillərini magistratura və doktorantura pillələrində məhz Azərbaycanın təhsil ocaqlarında davam etdirməyi nəzərdən keçirməyi tövsiyə edib.

Azvision.az


Teqlər: Xocalı  





Xəbər lenti