Teleradio Akademiyasında kurslar başa çatıb

  28 İyun 2019    Oxunub : 671
Teleradio Akademiyasında kurslar başa çatıb
İyunun 28-də Azərbaycan Teleradio Akademiyası müdavimlərinin buraxılış mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC sədrinin səlahiyyətlərini yerinə yetirən Rövşən Məmmədov, akademiyanın rektoru Faiq Hüsiyev, müəllimlər və məzunlar iştirak ediblər.

Faiq Hüsiyev bildirib ki, müsabiqə nəticəsində 81 dinləyici seçilsə də, tədris müddətində (29 aprel-28 iyun) dərslərdə iştirak etmədiyinə görə 2 nəfər kursdan kənarlaşdırılıb. Odur ki, məzun adına 79 nəfər layiq görülüb. Onlar aparıcı (15 nəfər), müxbir-redaktor (25 nəfər), TV rejissoru (16 nəfər), səs rejissoru (1 nəfər), operator (22 nəfər) peşələri üzrə sertifikata layiq görülüblər. Rektor qeyd edib ki, tədris prosesinə Azərbaycan Televiziyasının və Radiosunun ustad və peşəkar diktorları, rejissorları, redaktorları, jurnalistləri, operatorları, eləcə də akademiyanın müəllimləri cəlb olunublar. İyunun 3-dən 28-dək isə müdavimlərin müxtəlif redaksiyalarda və studiyalarda təcrübə keçdiklərini bildirib.

Akademiyada ilk dəfə kənar müdavimlər üçün təşkil olunan kursun başa çatması münasibətilə məzunları təbrik edən Rövşən Məmmədov onlara uğurlar arzulayıb. O, qısa müddət ərzində müdavimlərin çox güclü nəzəri bilik və təcrübə əldə etdiklərini qeyd edərək, akademiyanın müəllimlərinə dərin minnətdarlığını bildirib. R.Məmmədov Azərbaycan Televiziyasının və Radiosunun ustad mütəxəssislərindən dərs almağın hər kəsə nəsib olmadığını vurğulayaraq, məzunlara harada işləyəcəklərindən və ya harada yaşayacaqlarından asılı olmayaraq, ölkənin ilk telekanalının və radiosunun adını yüksək tutmağı, burada əxz edilən bilik və vərdişləri daha da təkmilləşdirməyi tövsiyə edib.

Xalq artistləri Roza Tağıyeva, Eldost Bayram, əməkdar artistlər Nərgiz Cəlilova, Rafiq Həşimov və Dilarə Səlim, professor İlham Rəhimli, Sevinc Məmmədova, Cavanşir Cahangirov, yazıçı Natəvan Dəmirçioğlu çıxış edərək müəllim sevinci yaşadıqlarını, tədris zamanı çox bilikli, istedadlı və çalışqan gənclərlə üzləşdiklərini məmnunluqla qeyd ediblər. Onlar Teleradio Akademiyasına ali məktəb statusunun verilməsinin vacibliyinə diqqəti cəlb ediblər.

Yekunda məzunlara sertifikatlar təqdim edilib.

Azvision.az

Teqlər: TeleradioAkademiyası