Talış kəndi necə azad edilmişdi – FOTOLAR

   Talış kəndi necə azad edilmişdi –    FOTOLAR
  13 Noyabr 2021    Oxunub:7281
Hərbi əməliyyatlar başlayanda Azərbaycan Silahlı Qüvvələrinin bölmələri qoşunların təmas xəttinin şimal istiqamətində - 2016-cı ilin uğurlu əməliyyatından sonra azad olunmuş Talış kəndinin yüksəkliklərində, təpəliklərdəki mövqelərdə - Barambat meşəsində, Murovdağ silsiləsinin bir neçə əsas yüksəkliyində və düşmənin Ağdərə istiqamətindəki müdafiə xəttinin Tərtər çayı ovalığına bitişik hissəsində idilər.

Düşmənə “Ohanyan xətti” adlanan ərazinin bütün istiqamətlərində hücum etmək ağılsızlıq olardı. Buna baxmayaraq, düşmən tərəfin komandanlığı yaxşı bilirdi ki, genişmiqyaslı döyüşlərin başlaması ilə Talış kəndini itirəcək, döyüşün ilk dəqiqələrində hakim yüksəklikdən geri çəkilməli olacaq.


Bu səbəbdən, ermənilər 90-cı illərin əvvəllərində praktik olaraq dağıtdıqları bu qəsəbənin ərazisinə çoxlu canlı qüvvə və texnika cəmləmiş, ora girişin hər üç istiqamətində bunkerli kazarmalar tikmiş, zirehli maşınlar üçün əlavə yollar çəkmişdi. Ancaq istehkamlarla bağlı absurd qərarlar da vardı ki, onlardan biri 2016-cı ilin aprelində Azərbaycan Silahlı Qüvvələrinin möhkəmləndiyi təpənin ətəyindən cəmi 60 metr aralıda yerləşən və “top yemi” olan post idi.


Ermənistanın “Sərhəd kəndləri” qeyri-hökumət təşkilatının sədri Eduard Polatovun 2018-ci ildə bəyan etdiyinə görə, “erməni diasporu o qədər vəsait köçürüb ki, bu pullara nəinki kənd, böyük bir şəhər salmaq olardı...” Lakin kriminal Serj Sarkisyan - Bako Saakyan tandeminin yeyib-dağıtdığı milyon dolların qırıntısına bir-iki inzibati bina və bir neçə xırda ev tikildi, o da Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri istiqamətində.


Bütün yeni tikililəri də həmin “Potyomkin kəndi”nə çəkilmiş yeganə asfalt yol birləşdirdi. Alaq otlarının basdığı Talış kəndində dinc əhali olmasa da, Ermənistan Silahlı Qüvvələrinin işğalçı kontingentinin hərbçiləri vardı və onlar kəndin qərbindəki mənasız müdafiə xətti yarıldıqdan dərhal sonra hərbi texnika və silah anbarlarını ataraq, tələm-tələsik aradan çıxmışdılar.


Azərbaycan Silahlı Qüvvələri məhz bu istiqamətdə bir neçə zirehli və təkərli texnika, eləcə də cəbhənin digər sahələrində faydalı olan xeyli miqdarda döyüş sursatı (ATGM-lər üçün mərmi və raketlər) ələ keçirdi.

Amma bu heç də qəsəbənin asanlıqla azad edilməsi anlamına gəlmir. Xilaskar Azərbaycan əsgərinin qarşısını tank və piyada əleyhinə çəkilmiş tikanlı məftillər, minalanmış sahələr kəsir, onun irəliləməsini ləngitmək üçün əraziyə durmadan artilleriya və raket zərbələri endirilirdi.


Ancaq Vətənin ərazi bütövlüyü uğrunda vuruşanları heç nə dayandıra bilməzdi. Kəndin qərb tərəfindəki yüksəklikdən yaşayış məntəqəsinin özünə qədər olan yol döyüş zamanı təmizlənməli, hücum yolları mühəndis texnikasının köməyi ilə birləşdirilməli, eyni zamanda hücumun tempini salmamaq üçün düşmənin məhv edilmiş yük maşınları və hərbi texnikası yoldan kənara atılmalıydı.


Düşmən bütün artilleriyasını məhz Azərbaycan Silahlı Qüvvələrinin həmlə nöqtəsinə və nəqliyyat marşrutlarına cəmləyərək, öz sonunu ləngitməyə və gecikdirməyə çalışırdı. Amma heç nəyə nail ola bilmədi. Talış kəndinin azad edilməsi eyni vaxtda bir neçə strateji məqsədə çatılmasını təmin etməklə, Suqovuşan istiqamətində irəliləmək üçün platsdarm yaratdı.




Hans Kloss
Nadir Quliyev

AzVision.az


Teqlər: Vətən-Müharibəsi  





Xəbər lenti