İnflyasiyanın arxasındakı gizli səbəblər - VİDEOKAST

İnflyasiyanın arxasındakı gizli səbəblər -  VİDEOKAST
  25 Avqust 2022    Oxunub:13294
Son zamanlar dünya iqtisadyyatında müşahidə olunan bir sıra neqativ tendesiyalar qlobal inflyasiya və sürətli qiymət artımlarını şərtləndirən əsas amillərdir. Bu tendensiyaların həm obyektiv, həm də subyektiv xarakter daşıdıqlarını bildirən ekspertlər yaranmış problemlərin həlli yönündə müxtəlif təkliflər irəli sürürlər.
İqtisadçı-ekspert Elman Sadıqov AzVision.az -a müsahibəsində qlobal inflyasiyanın və sürətli qiymət artımlarının ən azı səngidilməsi üçün universal düsturun olmadığını vurğulayıb.

- İnflyasiyanın cilovlanmasında əsas requlyatorlardan biri mərkəzi banklardır. Mərkıəzi banklar indi hansı addımları atmalıdırlar? Bəzi mütəxəssilərin fikrincə, belə məqamlarda tədavülə böyük pul kütləsini buraxmaqdan ehtiyatlanmaq lazım deyil. Digərləri isə bunun inflyasiyanı daha da sürətləndirə biləcəyini əsas gətirərək, pul kütləsini bir qədər yığışdrımağı təklif edirlər. Həm də uçot dərəcələrinin səviyyəsi barədə diskussiyalar gedir. Bəziləri bunun aşağı salınmalı, bəziləri isə qalıdırılmalı olduğunu deyirlər. Sizcə necə olmalıdır?



- Hər bir ölkənin iqtisadi konyunkturası və vəziyyəti fərqlidir. Bir ölkədə tətbiq olunan resepti digərində kor-koranə tətbiq etmək olmaz. Ölkələrdə iqtisadiyyatın tərkib hissələri – klasterlər tamamilə fərqlidir. Müxtəlif ölkələrdə iqtisadiyyata təkan verən drayverlər də fərqlidir. Bəzi ölkələr resurs, digərləri isə ixrac yönümlü ölkələrdirlər. İxrac yönümlü ölkələrin pul-kredit siyasətləri idxal yönümlü və idxalı əvəz edən ölkələrin və yaxud, inkişaf etməkdə olan ölkələrin pul-kredit siyasətindən tamamailə fərqlənir. Ən böyük səhvlərdən biri qonşu ölkədə yürüdülən pul-kredit siyasətinin "copy-paste", yəni köçürülmə şəklində götürülüb tətbiq olunmasıdır. Əvvəla, bu çox ciddi fəsadlar verə bilər. İkincisi, indiki inflyasiya təklif inflyasiyasıdır. Təklif inflyasiyasının xarakterik cəhətlərindən biri onun daha sürətlə yayılmasıdır. Tələb inflyasiyası zamanı bir ölkədə pul kütləsinin artması, digər ölkədə isə artmaması səbəbindən orada inflyasiya o qədər də yayılmır. Təklif inflyasiyasında isə əmtəələrin bahalaşması idxal qiymətlərinə təsir göstərir. İdxal etdiyiniz və ya komponentlərini aldığınız məhsulun, habelə ölkəyə istehlak üçün idxal olunan məhsulların qiymətlərinin artması inflyasiyanı daha da tətikləyir.

Ona görə də, hər bir ölkənin pul-kredit siyasəti əslində bir-birindən kifayət qədər güclü şəkildə fərqlənir. Təəssüf ki, indiyə qədər bir çox məqamlarda bəzi ölkələr digər ölkədə yürüdülən siyasəti bir çox nüansları nəzərə almadan, özlərində tətbiq etməklə fərqli nəticələr çıxarıblar. Məsələn, Amerikanın apardığı pul-kredit siyasətini hətta Avropa apara bilmir. Çünki Avropada o manevr imkanları yoxdur. Amerikanın apardığı pul-kredit siyasətini bu gün Çin də apara bilmir. 2008-2013-cü illərdə Çin Amerikaya bənzər siyasəti apardı, amma orada Amerikadakı qədər effekt alınmadı, çünki problemlər fərqli idi. Məsələnin kökü və mahiyyəti ondan ibarətdir ki, bəzi ölkələrin pul vahidləri dünyanın rezerv valyutalarıdır. Onlar həmin pulu istədikləri qədər çap edə bilirlər, rahat şəkildə borclana bilirlər, kurs fərqi riskinə məruz qalmırlar. Amerika kimi ölkədə devalvasiya riski sıfıra bərabərdir, yəni demək olar ki, yoxdur, çünki burada valyuta zatən dollardır. Amma bir çox ölkələr var ki, onlarda əlavə olaraq devalvasiya riski formalaşır. Yəni onların valyutalarının dünyanın ehtiyat valyutaları qarşısında dəyər itirməsi riski mövcuddur. Bu çox önəmli bir məsələdir və əsasən tədiyyə-ticarət balanslarındakı vəziyyətdən asılı olur. Yəni hər hansı bir ölkənin mərkəzi bankı pul-kredit siyasəti yürüdərkən mütləq ölkədəki vəziyyəti və konyunkturanı nəzərə almalıdır.

Monetar siyasətin çox incəlikləri var. Ümumiyyətlə, monetar siyasət həm çox yayılmış, həm də ən çətin siyasətlərdən biridir, yəni bildiyimizi düşündüyümüz, amma düşündüyümüzdən dərin olan bir siyasətdir. Bəzi ölkələr pul-kredit siyasətlərində müəyyən məhdudiyyətlərə gedirlər, amma bir məsələni unudurular ki, məhdudiyyətlərin özü zamana bağlıdır. İqtisadiyyatda zaman anlayışı çox önəmlidir. Eyni bir addımı atmaqla siz 2020-ci, 2023-cü və 2025-ci illərdə tam fərqli nəticələr əldə edə bilərsiniz. Bir siyasəti yürütdükdə onun mənfi və müsbət tərəfinin olduğunu nəzərə almalısınız. Mənfi tərəfi minimallaşdırmaq üçün həmin siyasəti sürətlə aparıb, müsbət tərəfini maksimuma çatdırmaq lazımdır.

- Amerika Birləşmiş Ştatları, Avropa Bankı, sonra Çin, Yaponiya, Kanada, Böyük Britaniyanın mərkəzi bankları məhz 2008-2009-cu illərin böhranından sonra demək olar ki, nəzarətsiz pul emissiyası ilə məşğul olublar. Sizcə, bunun özü elə indiki inflyasiya üçün zəmin yaratmayıbmı?

- Əslində siyasətlərdə və iqtisadiyyatlarda ikili məqam var: real səbəblər və mediaya deyilən səbəblər. Mediaya deyilən səbəblər budur ki, pandemiya oldu, əhalinin alıcılıq qabiliyyətini dəstəkləmək üçün biz əlavə pul kütləsi buraxdıq və s. Müəyyən dərəcədə həqiqət payı var, amma yüz faiz belə deyil. Çünki dünya yeni bir düzənə daxil olur. Həmin düzəndə ümumiyyətlə, sistem dəyişir, həmin sistemdə isə əsas amil alternativ enerji olacaq. Alternativ eneri ilə ənənəvi enerji tərəfdarları arasında illər boyu ciddi mübarizə getdi. Amma ötən il artıq alternativ enerji tərəfdarları qalib gəldilər və öz layihələrini həyata keçirmək üçün 2040-cı ilə qədər 100 trilyon dollara qədər pul xərclənməlidir. Bura alternativ elektrik stansiyalarının qurulması, infarstrukturun yaradılması, texnologiyaların tətbiqi, günəş panelləri və onların təkmilləşdiirlməsi işləri daxildir. Bu qədər pulu buraxmaq üçün FED-in (ABŞ-ın Federal Ehtiyatlar Sistemi) 3,1 trilyonluq büdcəsi kifayət deyildi. FED-in büdcəsi artmalı idi və bu artdı, hələ artmaqda davam etməlidir. Hərçənd, hazırda pauza verdilər.


Bəs niyə FED-n büdcəsinin bu qədər artmasına baxmayaraq, yenə də dünyada müəyyən qədər dollar qıtlıq var və yaxud da ki, dolların qiyməti və dəyəri düşmədi? Opponentlər əmtəənin qiymətləri artdığından, dolların dəyərinin düşdüyünü deyə bilərlər. Amma belə deyil, əgər dolların alıcılıq qabiliyyətinə baxsanız, onun dəyərdən düşmədiyini görərsiniz. Dolların dəyərinin daha çox enməsi həmin qiymətlərin artmasına səbəb olmadı və yaxud da dollar bu səbəbdən əmtəələrə nisbətdə ucuzlaşmır. Çünki həmin əmttələrin qiymətlərinin artma səbəbləri fərqlidir. Onu da qeyd edim ki, bu gün dünyada baş verən bu dəyişikliklər hələ davam edəcək və 2030-cu ilə qədər biz bunların şahidi olacağıq.

- Ənənəvi enerjidaşıyıcılarına, xüsusilə də təbii qaza qiymətlərin fantastik dərəcədə qalxmasının nəticəsində istehsalın və istehlakın sıxılması artıq pik həddə çatıbmı, yoxsa hələ bundan da çətin dövr ola bilər?
- Dünya iqtisadiyyatına ümumilikdə baxdıqda “qazla bağlı çətinliklə üzləşəcəyikmi” sualını versək, “xeyr” cavabını alarıq. Çünki bu gün dünyada əhaliyə və sənayeyə lazım olandan artıq qaz var. Məsələn, Qətər və digər ölkələrdə. Qazla bağlı problem sırf inrastruktur və logistika məsəsləsidir. Suriya böhranına görə boru xətləri və s. layihələr təxirə düşdü, Avropa daha çox Rusiya qazından asılı oldu. Nəticədə Ukraynada baş verən hadisələr səbəbindən Rusiya qazının kəsilməsi Avropada indiki problemi şərtləndirdi və dünyada qazın qiymətləri artdı. Amma bu nə qədər davam edəcək?
Mərkəzi banklar inflyasiyaya qarşı hansı siyasəti yürütməlidir - VİDEOKAST

Bütün dünya buna keçici, müvəqqəti amil kimi baxır. Əgər dünya iqtisadiyyatında hansısa məsələ 1-2 ilə həll olunursa, bu, o qədər də narahat etmir. Buna görə də hazırda ehtiyatlar çox rahat şəkildə doldurulur və düşünürlər ki, bu qışdan da normal şəkildə çıxsalar, hər şey qaydasında olacaq. Burada da əsas məsələ sənayedir. Avropa iqtisadiyyatının drayveri Almaniyadır. Almaniyanın da sənayesi 40% “Qazprom”dan asılıdır. Əgər Almaniya bu qışı adlasa və ciddi iqtisadi təlatümlər yaşamasa, növbəti illərdə qaz məsələsini tədricən həll edərək, Rusiyadan asılılığı minimallaşdıracaqlar. Çünki hazırda Aslmaniyada maye qazın qəbulu ilə bağlı böyük bir terminal tikilir və düşünürəm ki, İspaniya və ya Portuqaliyada, yaxud başqa bir yerdə ikinci belə bir terminal tikilsə, istər Amerika, istərsə də Qətərdən gələn maye qaz hələlik bəs edəcək. Növbəti illərdə birincisi, qaz xətlərinin çəkilməsi, ikincisi isə alternativ enerji mənbələrinin sürətli inkişafı, günəş enerjisi, günəş panellərinin səmərəliliyinin daha da artması isitmədə və işqılandırmada qazın rahat şəkildə əvəz olunmasına imkan yaradacaq.

Yeri gəlmişkən, hazırda atom enerjisinə yenidən maraq oyanıb və Avropada onu alternativ enerjiyə də bərabər tuturlar. Qeyd edirlər ki, atom enerjisi bizim öz əlimizdədir. Bunu özümüz yarada, səmərəli və effektli şəkildə qazı əvəz edə bilərik. Beləliklə də, 4-5 il sonra Avropa rahat şəkildə indiki qazı ya nüvə və günəş enerjisi, ya da Qətər və digər ölkələrdən çəkilən qaz xəttləri ilə rahat şəkildə əvəz edə biləcək. Bu səbəbdən də, deyə bilərik ki, bəli, növbəti 1-2 ildə qaz problemi olacaq, amma 5-10 il ərzində nə dünya iqtisadiyyatı, nə də ki, Avropa üçün bu, ciddi problem sayılır.

- Hazırda ən böyük problemlərdən biri ərzaq məhsullarına qiymətlərin artması və hətta bəzilərinə qıtlığın yaranmasıdır. Bu kontekstdə bzəi ölkələr müəyyən məhsulların ixracına qadağa da qoyublar. Sizcə, vəziyyət doğrudan da bu qədər təhlükəlidir, yoxsa burada da hansısa spekulyativ məqamlar var?
- Ərzaq məsələsi katastrofik deyil. Ərzaq barədə danışanda mən əhalidə çox mənfi və üzücü əhval-ruhiyyənin yaranmasını istəmirəm. Amma narahatedici məqamlar çoxdur. Məsələn, dünya birdən-birə ayıldı ki, sən demə, iki ölkə taxıl üzərində əməlli-başlı monopoliya qurubmuş. Bunlar Rusiya və Ukraynadır. Əlbəttə ki, bu monopoliya kortəbii yaranıb. Bəlkə heç özləri də bu barədə fikirləşməyiblər. Bunun obyektiv səbəbləri var. Çünki kənd təsərrüfatı uzun müddət o qədər də yüksək gəlirli sahə olmayıb, dünyanın inkişaf etmiş ölkələri əsasən texnologiyalara, xidmət sektoruna, sənayeyə diqqət ayırıblar. Çünki orada daha çox dövriyyə, gəlir və pul var. Aqrar sahələrlə isə Ukrayna, Rusiya və digər ölkələr məşğul olublar. İndi isə baxıb görürlər ki, bu səbəbdən dünyada həqiqətən də ciddi təlatümlər formalaşır. Amma Türkiyənin və BMT-nin vasitəçiliyilə hazırda Ukrayna taxılı yavaş-yavaş dünya ölkələrinə çıxarılır. Nəzərə almaq lazımdır ki, hər hansı bir problem hansısa ölkənin səyləri nəticəsində həll olunacaqsa, buna ciddi bir problem kimi baxılmır. Çünki həmin ölkə əvvəl-axır həmin hərəkəti etməyə məcbur olacaq, ya da ki, bu ediləcək. Heç bir ölkə bütün dünyaya qarşı çıxa bilməz. Rusiya prezidenti Putin də dedi ki, "bizi dünyada ərzaq böhranının yaranmasında günahkar hesab etməsinlər". Rusiya-Ukrayna müharibəsi uzun müddət davam edə bilər. Bu halda onların istehsal etdiyi ərzağı digər ölkələr yavaş-yavaş kompensasiya edəcəklər. Amma mən məsələnin mahiyyətini və əsas narahatlığı bu istiqamətdə görmürəm.

Ərzaqla bağlı ciddi narahatlıqlar iqlim dəyişikliyilə bağlıdır. Təəssüf ki, bu problem hələ də layiq olduğu qiyməti almayıb. Buna qarşı o qədər də mübarizə getmir. Dünyanın fikri daha xırda məsələlərlə məşğuldur. İqlim dəyişikliyi elə bir məsələdir ki, tutalım, hazırda Avropada quraqlıqdır, amma heç kim heç nə etmir, əldən heç nə gəlmir. Oradakı böyük qarğıdalı, günəbaxan və s. tarlalar, lavanda plantasiyaları batır, amma heç nə edə bilmirlər. Yəni ən böyük problem budur.

Sahil İsgəndərov
AzVision.az

Mövzu ilə əlaqəli materiallar:
Qazaxıstanın Mərkəzi Bankı inflyasiya ilə necə mübarizə aparır – EKSKLÜZİV
İnflyasiya ilə savaş: Dövlətlər nə edə bilər - VİDEO
“İnflyasiya ilə mübarizənin yeganə yolu var” – Aydarxan Kusainov
Stanislav Tkaçenko: "İnflyasiya ilə mübarizə üçün vahid resept yoxdur" – MÜSAHİBƏ
Mərkəzi banklar inflyasiyaya qarşı hansı siyasəti yürütməlidir - VİDEOKAST
Alternativ logistikada Azərbaycan vacib halqa ola bilər - Alp Arslan İmamqulu (VİDEOKAST)
“Türk dövlətləri vahid valyuta haqqında düşünməlidir” – Rusiyalı ekspert


Teqlər:   İnflyasiya  





Xəbər lenti