Alternativ logistikada Azərbaycan vacib halqa ola bilər - Alp Arslan İmamqulu (VİDEOKAST)
- Son illərdə logistikada ciddi qiymət artımı müşahidə olunur. Mərhələli şəkildə baxsaq, bunlar COVİD-19 öncəsi, pandemiya vaxtı və Rusiya ilə Ukrayna arasında müharibə dönəminidə baş verən artımlardır. COVİD-19 öncəsi olan bu artımlar daha çox dəniz və konteyner yükdaşımalarındakı multi-modal və inter-modal daşımalarda özünü göstərirdi. COVİD-19 dönəmində daha çox gömrük məntəqələrində keçidlə bağlı qoyulmuş məhdudiyyətlərlə əlaqədar ləngimələr, dolayısı ilə quru, avtomobil yükdaşımalarında olan bahalaşmalar ortaya çıxdı. Amma daha ciddi qlobal artımlar Rusiya ilə Ukrayna arasında müharibə başlayandan sonra həm Avrasiya materikini, həm də bütün dünyanı öz təsiri altına ala bildi. Xüsusən də müharibə ilə bağlı Rusiyaya qoyulan məhdudiyyətlər, süni və təbii əngəllər səbəbindən Xəzər dənizi hövzəsi və onun ətrafındakı bölgələrdə marşrutların dəyişikliyi, Avropa ilə Rusiya və Uzaq Şərq arasındakı marşrutların dəyişikliyi böyük şirkətlərin logistik hesabatlarına birbaşa təsir göstərməkdədir.
Dolayısı ilə, burada həm dəniz, həm dəmir yolu, həm də konteyner multi-modal və inter-modal daşımalarında, bundan başqa, avtomobil yükdaşımalarında olan bahalaşmalar təchizat zəncirinin birbaşa elementi kimi məhsulların maya dəyərinə öz təsirini göstərdi. Növbəti mərhələdə qiymətlərin hansı yönə gedəcəyi, logistik qiymətlərin artacağı dünyada gedən iqtisadi-siyasi məsələlərdən çox asılı olacaq.
Düşünürəm ki, bundan sonra bir çox ölkələr logistik məsələləri tənzimləməyə çalışırlar. Çünki bu çox ciddi şəkildə iqtisadiyyata öz təsirini göstərməkdədir. Biz də bu gün alternativ yolların axtarışındayıq. Azərbaycan xüsusən də daha çox Şimal-Qərb dəhlizi, yəni Gürcüstan üzərindən keçən logistik yolların istifadəsi ilə bu şəbəkələrdən yararlana bilirdi. Bu gün alternativ kimi Zəngəzur dəhlizinin ortaya qoyulması və bundan başqa, Azərbaycanın vasitəsilə Xəzər dənizi üzərindən tranzit yükdaşımalarındakı artımla bağlı quru keçid məntəqələrindəki alternativ yolların hazırlığı daha çox önəm daşıyır. Bu məsələlər ümumilikdə logistikada qiymətə, dolayısı ilə məhsulun maya dəyərinə, bu da ümumilikdə iqtisadiyyata təsirsiz ötüşümür.
- Gələcəkdə analoji sınaqlarla üzləşməmək üçün yeni logistika mexanizmlərinin yaradılması aktualdırmı və bu baxımdan Azərbaycanın hansı imkanları var?
- Biz Azərbaycan dövləti kimi bütün istiqamətlərdə çalışsaq da, dünyada bir çox hadisələr var ki, onlar bir növ hibrid ortamda və mövcud vəziyyətdə yaşana biləcək risklərə hazırlıqlı olmağı tələb edir. Bir çox logistika şirkətləri qısamüddətlidən ziyadə uzunmüddətli çalışmalar edir ki, burada da planlaşdırma önəmlidir. Çünki məhsulun təyin olunmuş vaxtda təyin edilmiş yerə çatdırılması öhdəliyi var. Öhdəliyi yerinə yetirmək üçün həmin şirkətlər bir çox hallarda bahalı olsa belə, bunu həyata keçirməyə çalışırlar. Təbii ki, bu da qiymətdəki bahalaşmaya səbəb olur. Bu zaman həm narazılıqlar yarana, həm də verilən öhdəliklərin yerinə yetirilməsində nöqsanlar üzə çıxa bilir.
Buna görə də, hazırda həm böyük şirkətlər, həm də ölkələrarası münasibətlər zəminində logistika yollarının, dəhlizlərin və yeni alternativ şəbəkələrin hazır vəziyyətə gətirilməsi üzrə işlər aparılır. Burada xüsusən Şərq və Qərb dəhlizi üzərindən daşınmaların həyata keçirilməsi üçün dəniz yolu ilə daşımalara önəm verilir. Çünki Avrasiya materikinə baxsaq görərik ki, dünyada baş verən hadisələr və müharibələr fonunda bu gün ən risksiz, təhlükəsiz yol dəniz daşımalarıdır. Hərçənd, quru yolla daşımalardakı məhdudiyyətlər səbəbindən dəniz yolu ilə daşımalrda sıxlıqların yaranması və daha çox tələbin olması təbii ki, çətinliklər yaradır. Dolayısı ilə bu amil də qiymətlərə təsirini göstərir.
Ümumiyyətlə, logistika baxımından keçmiş illərlə müqayisədə Azərbaycandan Xəzər dənizi hövzəsi üzərindən tranzit yükdaşımaları üzrə ciddi artım gözlənilməkdədir. Bununla yanaşı, Azərbaycanın Zəngəzur dəhlizi üzərindəki çalışmalarının və bu istiqamətdə müəyyən öhdəliklərin yerinə yetirilməsi baxımından gələcəyə ümidlərin olması ölkəmizin Avrasiya materikində və dünyada baş verən hadisələr zəminidə bir logistik haba çevrilməsinə gətirib çıxara bilər.
Sahil İsgəndərov
AzVision.az