Qarabağda istehsal olunan yaşıl enerji Avropaya ixrac olunacaq

   Qarabağda istehsal olunan yaşıl enerji Avropaya ixrac olunacaq
  03 Noyabr 2022    Oxunub:782
"İşğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji mənbələri üzrə potensialı 10 min meqavata yaxındır. Bu potensial əsasında 4 il ərzində ümumi gücü 780 meqavat olan külək, günəş və iri su elektrik stansiyalarının tikintisi nəzərdə tutulur".
AzVision.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konfilikt quruculuğu modeli” mövzusunda keçirilən qələbənin ikinci ildönümü – Zəfər Gününə həsr olunmuş konfransda deyib.

O qeyd edib ki, bu çərçivədə "BP" şirkəti ilə Cəbrayılda illik təxminən 5 yüz milyon kilovat/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılan 200 meqavat gücündə "Şəfəq" günəş elektrik stansiyası üzrə işlər aparılır:

"Bərpa olunan enerji növlərinin işğaldan azad edilmiş ərazilərdə xarici investisiyalar hesabına inkişafı artıq realdır. Bu bölgədə kiçik su elektrik stansiyalarının bərpasına, Kəlbəcər və Laçında külək elektrik stansiyalarının tikintisinə xarici investisiyaların cəlbi başlıca prioritetdir. Hazırda ümumi gücü 320 meqavatdan artıq 50 kiçik SES-nın bərpa və inkişafı üçün araşdırma aparılır. Ümumi gücü 33,4 meqavat olan 7 kiçik SES-in bərpa və tikintisi həyata keçirilir. 2 ilə yaxın müddətdə 11 kiçik SES-in bərpası enerji sisteminə 54 meqavata yaxın istehsal gücü qazandırır. Yaxın illərdə Araz çayı üzərində 140 meqavat gücündə "Qız qalası və "Xudafərin" hidroqovşaqları və su elektrik stansiyalarının istismara verilməsi regionun yaşıl inkişafına töhvə verəcək.

Bu güclərin yaradılması azad edilmiş əraziləri yaşıl enerjinin istehsalı və istehlakı ilə bərabər ixracının da mənbə və marşrutuna çevirir. Yaşıl enerjinin ənənəvi bazarlarla bərabər Avropaya ixracı üçün nəzərdən keçirilən 3 xətdən biri- Azərbaycan, Türkiyə Avropa enerji dəhlizi-bu yeni reallığın perspektivlərindəndir".

P.Şahbazov qeyd edib ki, elektrik enerjisinin Zəngəzur dəhlizi ilə Naxçıvan Muxtar Respublikasına, Türkiyəyə və Avropaya ötürülməsi istiqamətində işlərə başlanılıb:

"Cəbrayıl enerji qovşağının yaradılması böyük miqyaslı energetik və stareji əhəmiyyətli hadisədir. Bu zonanın yaşıl enerji potensialı tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təminatında potensiallı mənbə qismindədir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti