Şuşanın azad edilməsi işğalçı ölkənin Azərbaycan qarşısında diz çökməsi oldu

   Şuşanın azad edilməsi işğalçı ölkənin Azərbaycan qarşısında diz çökməsi oldu
  07 Noyabr 2022    Oxunub:590
Hər bir xalqın tarixində qara və ağ günlər olur. Bu baxımdan bizim xalq da istisna deyildir. Azərbaycanda xaos və anarxiyanın hökm sürdüyü şəraitdə Şuşa şəhərinin 1992-ci il mayın 8-də təcavüzkar Ermənistan tərəfindən işğal edilməsi aparılan müharibənin düşmənin xeyrinə həllinə gətirmiş, tariximizə qara günlərdən biri kimi daxil olmuşdu. Şuşa kimdə idisə, Qarabağ da onda olacaqdı...
AzVision.az xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının “8 Noyabr: tariximizin şanlı səhifəsi, alacağımız dərslər və böyük yolun başlanğıcı” məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Uzun illər Azərbaycan xalqı belə bir həsrət və ümidlə yaşayırdı: Şuşa nə zaman azad ediləcək? Bu, mümkün olacaqmı? İllər ötdükcə ümidlər də xəyala çevrilirdi. Lakin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayan və millətin toy-bayrama gedən kimi qoşulduğu müharibənin yekunu bu həsrətə son qoydu, xalqın ümidlərini, xəyallarını gerçəkləşdirdi, üstündəki ləkəni sildi, qamətini düzəltdi, başını uca etdi.

Hamı xatırlayar, Vətən müharibəsi günlərində Azərbaycan xalqı hər axşam televiziya ekranları qarşısında oturub Prezident İlham Əliyevin növbəti qələbə xəbəri dolu müraciətini eşitmək istəyir, Şuşanın azad edilməsi müjdəsinin verilməsini gözləyirdi. Nəhayət, həmin an gəldi. Şəhidlər Xiyabanında Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edərək uzun illər boyu xalqın həsrətində olduğu şad xəbəri verdi. Şuşa şəhərinin işğaldan azad edildiyini ölkə rəhbəri belə bəyan etdi:

“Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”.

Uzun illər boyu davam edən mənasız danışıqlar heç bir nəticə verməmişdi. Dövlətimizin başçısı vurğuladı ki, əzəli tarixi torpaqlar 30 ilə yaxın işğal altında qaldı, danışıqlar prosesində Ermənistan tərəfi vaxt udmaq, status-kvonu möhkəmləndirmək və əbədi etmək istəyirdi. Bu illər ərzində dəfələrlə müxtəlif güc mərkəzlərindən göndərilən siqnallar vəziyyətlə barışmağa təhrik etmək istəsə də, Azərbaycan dövləti qətiyyət, cəsarət, siyasi iradə göstərərək milli maraqlara cavab verməyən heç bir razılaşmaya getməmişdi. Azərbaycanın əsas vəzifəsi ərazi bütövlüyü idi. Prezident dedi:

“Danışıqlar heç bir nəticə vermədi. Sadəcə olaraq, bizim başımızı aldadırdılar, sadəcə olaraq, məsələni dondurmaq istəyi müşahidə olunurdu. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! ...Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!”.

Azərbaycan xalqının tarixində müstəsna yeri olan Şuşa şəhəri 28 ildən çox işğal altında qalmışdı. Azərbaycanlılar əsrlər boyu Şuşada yaşamış, qurmuş və yaratmışdı. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisi idi. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla Azərbaycanın mədəni irsinə böyük zərbə vurmuş, tarixi abidələri, məscidləri dağıtmış və təhqir etmişdi. Bununla əlaqədar olaraq ölkə rəhbəri bildirdi:

“Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Bir neçə il bundan əvvəl - 2016-cı ilin Aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır”.

Prezident qələbəyə gətirən başlıca amillərdən olan və gələcək nəsillərin də bilməsi zəruri olan iqtisadi güc məsələsinə diqqəti yönəldərək dedi:

“İqtisadi güc. Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqillik və bu, bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək, eyni zamanda, Ordumuzu gücləndirək. Biz Ordumuz üçün lazım olan bütün hərbi texnikanı, silahları xarici bazarlardan alırıq. Əgər bizim iqtisadi imkanlarımız olmasaydı, biz bunları necə əldə edə bilərdik?”.

Qələbənin qazanılmasında milli birlik və siyasi iradə müstəsna rol oynamışdı. Ölkə daxilində uğurlu siyasətin aparılması nəticəsində Azərbaycan dünya üçün çox nadir inkişaf modelini yaratmışdı. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşmək əlavə güc vermiş, bəzi mənfur xarici dairələrin öz çirkin planlarını Azərbaycanda həyata keçirmələrinin qarşısını almışdı. Dövlətimizin başçısı bildirdi:

“Biz siyasi iradə göstərərək, birlik göstərərək bu cəhdləri dəf etdik, xalq olaraq, millət olaraq öz qürurumuzu müdafiə etdik, öz müstəqil seçimimizi müdafiə etdik və sübut etdik ki, heç kim bizim işimizə qarışmasın və qarışa bilməz. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi”.

Qələbənin qazanılmasında səmərəli xarici siyasət müstəsna rol oynamışdı. Dağlıq Qarabağın Azərbaycanın tarixi torpağı olduğu dünyada sübut edilmiş və beynəlxalq təşkilatlar tərəfindən müvafiq qətnamələr qəbul edilmişdi. Prezident bununla əlaqədar olaraq dedi:

“Qələbəmizin üçüncü əsas amili beynəlxalq səviyyədəki uğurlarımızdır. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübdür, hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik, sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Dünyanın bütün aparıcı təşkilatları, bütün beynəlxalq təşkilatlar Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edibdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, Qoşulmama Hərəkatının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Bu, bizə əlavə güc verdi. Əgər biz bunu etməsəydik, bu gün münaqişənin ətrafında cərəyan edən proseslər bizə böyük problemlər yarada bilərdi. Biz bu illər ərzində bir çox ölkələrlə səmimi, işgüzar, qarşılıqlı hörmət əsasında münasibətlər qura bildik, bir çox ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edir və artıq bu ifadə beynəlxalq sənədlərdə öz əksini tapır”.

Qonşu dövlətlərlə mehriban və səmimi münasibətlərin qurulması qələbənin qazanılmasına müsbət təsir etmişdi. Bunu dövlətimizin başçısı aşağıdakı kimi bəyan etdi:

“Biz bütün qonşu ölkələrlə səmimi dostluq əsasında münasibətlər qura bildik, qarşılıqlı hörmət, qarşılıqlı inam əsasında. Əgər biz bunu etməsəydik, bu gün münaqişə ətrafında tam başqa proseslər gedə bilərdi”.

Prezident İlham Əliyev torpaqların, o cümlədən Şuşa şəhərinin təcavüzkar Ermənistanın işğalı altına düşməsinin səbəbləri üzərində dayanaraq bildirdi:

“Şuşa işğal altına düşəndə bizim əsas problemlərimiz həm o idi ki, ordumuz yox idi, rəhbərlik öz vəzifə borcunu yerinə yetirə bilmirdi. Beynəlxalq müstəvidə Azərbaycan demək olar ki, bütün ölkələrlə münasibətləri gərginləşdirmişdi. Biz demək olar ki, təcrid edilmiş vəziyyətdə idik”.

Azərbaycan dövlətinin sistemli şəkildə yürütdüyü uğurlu xarici siyasət nəticəsində işğalçı Ermənistan dalana dirənmişdi. Birinci Vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Bakıda keçirilən dinlərarası, sivilizasiyalararası dialoq forumları, İtaliya, Fransa və başqa ölkələrdə kilsələrin təmiri Ermənistanın uydurma təbliğatını puça çıxarmışdı. Həyata keçirilən bu layihələr Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirmişdi. Prezident dedi:

“...biz Ermənistanı təcrid edilmiş vəziyyətə saldıq. Bizim transmilli layihələrimiz regionda tamamilə yeni mənzərə yaratdı. Biz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdik.. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu böyük dərəcədə gücləndirdi. Əgər bu nailiyyətlər olmasaydı, problem dondurulmuş vəziyyətdə qala bilərdi”.

Qələbənin qazanılmasının mühüm amillərindən biri güclü ordunun qurulması və müdafiə sənayesinin yaradılması olmuşdu. Heç də asan olmayan bu proseslərdən danışan dövlət başçısı vurğuladı:

“Nəhayət və ilk növbədə, ordu quruculuğu. Bu 17 il ərzində mənim işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchiz edək. O da asan məsələ deyildi. O silahları almaq üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda, diplomatik, siyasi səylər göstərilməlidir və biz buna da nail olduq. Bu gün Azərbaycan öz hərbi təchizatını bir çox ölkələrdən təmin edir. Eyni zamanda, mənim təşəbbüsümlə Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir, o cümlədən ən müasir məhsullar... Ordu quruculuğu, hərbçilərin maddi-məişət problemlərinin həlli, təqaüdə çıxmış hərbçilərin məişət problemlərinin dövlət tərəfindən həll olunması, onlara mənzillərin verilməsi, hərbçilərimizin iş şəraitinin yaxşılaşdırılması. Biz demək olar ki, bütün hərbi şəhərciklərimizi, hərbi bazalarımızı yenidən qurduq və onlar ən yüksək standartlara cavab verir. Əlbəttə, ilk növbədə, döyüş qabiliyyəti. Döyüş qabiliyyəti artdı... Döyüş qabiliyyətinin artırılması ordu quruculuğu sahəsində əsas amildir. Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik”.

Dağlardan, sıldırım qayalardan keçən və ağır texnikadan istifadə etməyən Azərbaycan əsgəri əlbəyaxa savaşda Şuşa şəhərini azad etmişdi. Döyüş meydanında Azərbaycan əsgəri qəhrəmanlıq göstərirdi. Bununla əlaqədar olaraq ölkə rəhbəri dedi:

“Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir”.

Münaqişənin həlli məsələsində Azərbaycan dövlətinin birmənalı mövqeyini Prezident belə ifadə etdi:

“...işğalçılara, deyirdik, düz yola gəlin, işğala son qoyun, hələ ki, gec deyil... Demişik ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, hərbi yolla məsələni həll edəcəyik. Mən bunu dəfələrlə demişəm. Buna görə də tənqid olunmuşam bəzi ölkələr tərəfindən. Mən demişəm ki, bəs bizim torpaqlarımız məgər hərbi yolla zəbt edilməyibmi? Ermənistan bizim torpaqlarımızı sülh yolu iləmi zəbt edib? Hər bir ölkənin özünümüdafiə hüququ var. Bu hüququ bizə BMT Nizamnaməsi verir. Mən demişdim, əgər görsəm ki, danışıqlar artıq tamamilə səmərəsizdir, bizim başqa yolumuz qalmayacaq. Bunu hamı bilsin - düşmən, onun havadarları və bu məsələ ilə məşğul olan vasitəçilər. Həmişə sözümün üstündə durmuşam. Azərbaycan xalqına nə demişəmsə, onu da etmişəm. Bu məsələdə də sözümün üstündə durdum və artıq biz Qələbəni qeyd edirik”.

İşğal illərində düşmən hər yeri dağıtmış və xarabalığa çevirmişdi. Ölkə rəhbəri müharibənin gedişini və işğaldan azad edilmiş ərazilərdəki mövcud vəziyyət barədə dedi:

“Sentyabrın 27-dən bu günə qədər 200-dən çox şəhər, kənd, qəsəbə işğaldan azad edildi. O cümlədən Füzuli şəhəri, tamamilə darmadağın edilmiş, bir dənə də salamat bina qoymayıb mənfur düşmən. Cəbrayıl tamamilə dağıdılmış. Qubadlı, Zəngilan tamamilə dağıdılmış. Kəndlər, şəhərlər. Hadrut qəsəbəsi, Suqovuşan qəsəbəsi və bu gün Şuşa şəhəri”.

İşğalçı ölkə üzərində qələbə mənəvi ruh, güc və birlik hesabına qazanılmışdı. Azərbaycan Ordusunun bundan sonrakı fəaliyyəti barədə danışan Prezident vurğuladı:

“Bizim zəfər yürüşümüz davam edir. Hələ də işğal altında torpaqlar var, hələ də döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik. Heç kim bizi dayandıra bilməz. Dünyada elə qüvvə yoxdur ki, bizi dayandıra bilsin. Ermənistan artıq öz acı məğlubiyyətini etiraf edib, özünü alçalda-alçalda, xalqını təhqir edə-edə. Ermənistan rəhbərliyi indi dünya ölkələrindən yardım istəyir, hərbi yardım istəyir, silah, texnika istəyir. Bəs, hanı sənin yenilməz ordun? Məhv etmişik onu. Onların bütün sözləri, onların bütün bəyanatları mif idi, yalan idi. Yenilməz ordu Azərbaycan Ordusudur! Bunu döyüş meydanında göstərir, düşməni torpaqlardan təkbaşına qovur. Otuz il ərzində milyardlarla dollar xərclənib oraya, istehkamlar qurulub, mühəndislik qurğuları inşa edilib. Amma hamısını vurub dağıtmışıq - mənəvi ruh, güc hesabına, birlik hesabına!

...İşğal edilmiş bütün torpaqlardan düşmən qüvvələri çıxarılmalıdır. Bu, bizim tələbimizdir. Beynəlxalq norma və prinsiplər, beynəlxalq təşkilatların qərar, qətnamələri bunu tələb edir”.

Vətən torpaqlarının işğalçılardan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan qəhrəmanların ruhu şad idi. Prezident İlham Əliyev vurğuladı ki, şəhidlərin, erməni vəhşiliyinin, Xocalı qurbanlarının qanı yerdə qalmadı, intiqam döyüş meydanında alındı.

Dövlətimizin başçısı İlham Əliyev atası Heydər Əliyevin ona etdiyi vəsiyyəti yerinə yetirdiyini də millətə aşağıdakı kimi çatdırdı:

“Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları”!

Qələbənin qazanılmasında xalqın dövlət rəhbərinə böyük inam və etimadı mühüm rol oynadı. Gücünü millətdən alan Prezident müraciətinin sonunda vurğuladı:

“Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim... Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində - 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam”.

Nəhayət, qələbənin qazanılmasında Prezident, Ali Baş komandan İlham Əliyevin şəxsiyyəti amili, mahir diplomatiyası, üstün zəkası və sərkərdəlik məharəti başlıca rol oynamışdı. Heç kəsə sirr deyildir ki, coğrafiya, xalq həmin idi. Prezident İlham Əliyev bütün anti-Azərbaycan qüvvələrin fövqündə dayanaraq milləti toparlayaraq, ondan güc alaraq qələbənin memarı oldu.

Şuşa şəhərinin azad edilməsi böyük tarixi əhəmiyyət daşıyırdı. Şəhər dünya mədəniyyəti yaradan Azərbaycan milləti üçün təkcə ərazi, torpaq məsələsi deyil, xüsusi məna daşıyırdı. Hər şeydən əvvəl, Azərbaycan mədəniyyətinin beşiklərindən biri, dünyaya görkəmli mədəniyyət xadimləri bəxş etmiş Şuşa şəhərinin azad edilməsinin milli-mənəvi əhəmiyyəti var idi. 9 noyabr - Dövlət Bayrağı Günü ərəfəsində şəhərin azad edilməsi qürurverici idi.

Bu şəhərin işğaldan qurtarılmasının strateji və siyasi əhəmiyyəti vardır. Mühüm strateji mövqedə yerləşən Şuşa Qarabağın açarı və tacıdır. Şuşa kimdədirsə, Qarabağ da ondadır. Şuşanın azad edilməsi işğalçı ölkənin belinin qırılması, Azərbaycan qarşısında diz çökməsi oldu.

Şuşanı işğaldan azad edən əsgər dünyanın ən güclü əsgəri, həmin orduya rəhbərlik edən Ali Baş Komandanı isə dünyanın ən qüdrətli sərkərdəsindir.

1992-ci ildə Şuşanın təcavüzkar Ermənistan tərəfindən işğal edilməsi, 2022-ci ildə isə şanlı Azərbaycan Ordusu tərəfindən azad olunması bir sıra ibrət dərsləri verir. Şuşa ölkəmizdə xaos, anarxiya, dövlət zəif və dövlət rəhbərləri isə zəif olan zaman işğal edilmişdi.

Şuşa ölkəmizdə sabitlik, qayda-qanun, güclü dövlət, qüdrətli dövlət rəhbəri olanda işğaldan xilas edildi. Deməli, Azərbaycan xalqının bundan sonrakı bütün inkişafının və qarşıya qoyduğu hədəflərə çatmasının təməlində məhz bu amillər dayanır.

8 Noyabr, sadəcə, iki il əvvəlki şanlı tarix deyil, eyni zamanda, xalqımızın gələcək hədəflərinə çatmasından ötrü çıxdığı müqəddəs yolun başlanğıcıdır. İki il əvvəl bu qürurverici tarixi yaradan da, yeni yolun təməlini qoyan da Prezident İlham Əliyevdir.

AzVision.az


Teqlər:





Xəbər lenti