Tramp Putinlə kosmik silahları müzakirə etmək istəyir

   Tramp Putinlə kosmik silahları müzakirə etmək istəyir
  21 May 2025    Oxunub:408
ABŞ prezidenti Donald Tramp gələcəkdə Rusiya lideri Vladimir Putinlə hərbi kosmik məsələləri, o cümlədən Moskvanın bu sahədə ehtimal olunan hazırlıqlarını müzakirə etmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Evdə jurnalistləri məlumatlandıran Donald Trampın sözlərinə görə, mayın 19-da Putinlə telefon danışığında Amerika tərəfinin Rusiyanın kosmosda nüvə silahı yerləşdirməsi ilə bağlı iddiaları mövzusu qaldırılmayıb.

“Biz bunu müzakirə etmədik. Amma lazımi vaxtda müzakirə edəcəyik”, - deyən ABŞ prezidenti əlavə şərh verməkdən imtina edib.

Xatırladaq ki, Donald Tramp bu il fevralın ortalarında Rusiya və Çinlə nüvə arsenallarının azaldılması, eləcə də yeni nüvə başlıqlarının yaradılması xərcləri ilə bağlı danışıqlar aparmaq niyyətində olduğunu açıqlayıb.

- Mövcud ehtiyat dünyanı 50 və ya 100 dəfə məhv etmək üçün kifayətdir. Lakin ABŞ, Rusiya və Çin yeni silahların istehsalını davam etdirir. Bununla belə, “daha məhsuldar şeylərə” xərclənə bilən vəsait nüvə proqramlarına yönəldilir. Hər şeyi yoluna qoyandan sonra, mən ilk görüşlərdən birini Çin prezidenti Si Cinpin və Rusiya prezidenti Vladimir Putinlə keçirmək istəyirəm. Mən isə demək istəyirəm: gəlin hərbi büdcəmizi yarıya endirək”, - Amerika lideri deyib.

Onun fikrincə, denuklearizasiya üzrə danışıqlar Ukrayna və Yaxın Şərqdə hərbi münaqişələr başa çatdıqdan dərhal sonra başlaya bilər.

Sahil İsgəndərov
AzVision.az




Teqlər:   Tramp   Putin   kosmos  





Xəbər lenti