Aİ “Azadlıq Radiosu”na pul verəcək

   Aİ “Azadlıq Radiosu”na pul verəcək
  21 May 2025    Oxunub:398
Brüssel “Azad Avropa/Azadlıq Radiosu”nun, xüsusən də Qafqaz və Mərkəzi Asiyada fəaliyyətinə dəstək üçün 5,5 milyon avro ayrıldığını elan edib. Söhbət uzunmüddətli maliyyələşmədən yox, qısamüddətli yardımdan gedir.
AzVision.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) “Azad Avropa/Azadlıq Radiosu”nun (AA/AR) maliyyələşdirilməsinə 5,5 milyon avro ayıracaq. Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas bu vəsaitin Aİ ilə qonşu ölkələrdə, o cümlədən Qafqazda və Mərkəzi Asiyada yayım üçün istifadə olunacağını bildirib. Onun sözlərinə görə, bu müstəqil jurnalistikanın inkişafı üçün çox vacibdir.

“Süzgəcdən keçirilməmiş məzmunların yüksəldiyi bir dövrdə müstəqil jurnalistika həmişəkindən daha vacibdir. Buna görə də, mən məmnuniyyətlə bildirmək istəyirəm ki, biz Demokratiya üçün Avropa Fondu ilə “Azad Avropa Radiosu”nun həyati fəaliyyətini dəstəkləmək üçün 5,5 milyon avroluq müqavilə hazırlayırıq. Bu, müstəqil jurnalistikanı dəstəkləmək üçün qısamüddətli təcili maliyyədir”, - xanım Kallas vurğulayıb.

Aİ diplomatiyasının rəhbərinin sözlərinə görə, “AA/AR” tandeminin dünya üzrə ümumi işinin maliyyələşdirməsinə nəzər saldıqda Avropanın onlara lazım olan bütün maliyyəni təmin edə bilmədiyi aydınlaşır. Buna görə də, Aİ diqqətini birliyin qonşuluğundakı, istər Qafqazda və ya Mərkəzi Asiyada, “Azad Avropa Radiosu” vasitəsilə xaricdən gələn xəbərlərdən çox asılı olan ölkələrdə, onun fəaliyyətinə kömək etməyə yönəltməlidir.


Yeri gəlmişkən, mayın əvvəlində İsveç hökuməti “Azadlıq Radiosu”na dəstək üçün 20 milyon İsveç kronu (1,84 milyon avro) ayırıb.

Xatırladaq ki1953-cü ildə yayıma başlayan “AA/AR” beynəlxalq media korporasiyasının mənizl-qərargahı Praqada yerləşir. Onun proqramları 23 ölkədə 27 dildə yayımlanır.
Korporasiyanın fəaliyyəti əvvəllər ABŞ Konqresinin ABŞ Qlobal Media Agentliyi (USAGM) vasitəsilə ayırdığı vəsait hesabına maliyyələşdirilirdi. 2024-cü ildə onun büdcəsi 142 milyon dollar olub.

Bu il martın 15-də USAGM vəsaitin ABŞ Konqresi tərəfindən daha əvvəl təsdiqlənməsinə baxmayaraq, “AA/AR” şirkətinə verdiyi maliyyəni geri götürsə də, elə həmin ayın sonunda öz qərarını ləğv etdi. Bununla belə, media korporasiyasının hüquqşünasları 122 əməkdaşın işdən çıxarıldığını və ştatdankənar müəlliflərlə, demək olar ki, bütün müqavilələrə xitam verildiyini açıqlayıblar.

Bununla belə, “Azadlıq” radiosu hakimiyyətdən asılı olmayan bir qurum kimi fəaliyyətini dayandırmayıb. Aprelin 30-da ABŞ-nin Federal hakimi Roys Lambert Tramp administrasiyasından Konqres tərəfindən əvvəllər təsdiqlənmiş 12 milyon dollar vəsaiti “AA/AR” korporasiyasına ötürməyi tələb edən müvəqqəti təminat qərarı çıxarıb.
2025-ci ilin oktyabr ayına qədər “Azadlıq” radiosunun hökumətdən təsdiq olunmuş daha 77 milyon dollar maliyyə vəsaiti alacağı gözlənilir.

Qeyd edək ki, martın ortalarında ABŞ Prezidenti Donald Tramp “Amerikanın Səsi” və “Azadlıq Radiosu” kimi media qurumlarını özündə birləşdirən USAGM-in ləğvi barədə göstəriş verib.

Maraqlıdır ki, “Amerikanın Səsi” radiosunun yeni rəhbəri, keçmiş televiziya aparıcısı və siyasətçi Keri Leyk USAGM-i “ABŞ vergi ödəyiciləri üçün böyük yük və korrupsiya strukturu” adlandırıb və agentliyin “islahının mümkünsüz olduğunu” vurğulayıb.

Bundan əvvəl isə, fevral ayında ABŞ Dövlət İdarəçiliyinin Effektivliyi Departamentinin rəhbəri və iş adamı İlon Mask “Azadlıq Radiosu” və “Amerikanın Səsi”nin bağlanmasına çağıraraq, bu qurumları “öz-özünə danışan radikal solçular” olduğunu və ildə “1 milyard dolları boş yerə xərclədiklərini” iddia edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev keçən ilin dekabrında “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində xarici qüvvələrin “Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxdıqlarını, Ermənistan üzərində qələbəmizə kölgə saldıqlarını vurğulayıb.

Təsadüfi deyil ki, ABŞ-nin indiki prezident administrasiyası USAUD, USAGM və “Azadlıq Radiosu” kimi qurumların əsasən müxtəlif ölkələrdə daxili siyasətə müdaxilə etdiklərini və hətta dövlət çevrilişlərinin həyata keçirilməsinə informasiya dəstəyi verdikılərini açıq şəkildə bəyan edir.

Bu baxımdan, Kaya Kallasın Aİ-nin guya müstəqil jurnalsitikanı dəstəkləmək naminə “AA/AR” korporasiyasının fəaliyyətini xüsusilə də Qafqazda və Mərkəzi Asiya ölkələrində dəstəkləmək iddiası heç də “xoş məramlı” missiyaya xidmət göstərəcyi təsəvvürü bağışlamır. Əkisnə, bu, bir daha sübut edir ki, Donald Trampın siyasəti üzündən Ukrayna məsələsində, demək olar ki, iflasa uğrayan Aİ digər postsovet ölkələrində revanş götürmək iddiasındadır. Yeri gəlmişkən,

Aİ-nin son vaxtlar Gürcüstan hökumətinə qarşı sərt təzyiq cəhdləri bunun əyani sübutudur.
Digər tərəfdən, Mərkəzi Asiya ölkələrində Aİ-nin öz mövqelərini möhkəmləndirmək cəhdlərində “AA/AR” media korporasiyasının destruktiv fəaliyyətindən istifadə olunacağına heç bir şübhə yeri qoymur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   AA/AR   Qavqaz-MA  





Xəbər lenti