Dövlət nəyə qənaət edəcək? - 4 illik plan

Dövlət nəyə qənaət edəcək? - 4 illik plan
  13 Yanvar 2016    Oxunub:7766
Azərbaycan 4 illik qənaət rejiminə keçəcək

Bu barədə ölkə başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunan iclasda maliyyə naziri Samir Şərifov bildirib.

Nazir bildirib ki, dünya bazarlarında xam neftin qiymətinin kəskin enməsi nəticəsində xarici valyutada daxilolmaların azalması, ölkənin tədiyyə bazarında keyfiyyətcə yeni vəziyyət yaratmış və manatın məzənnəsinin əhəmiyyətli enməsini qaçılmaz edib. Qlobal iqtisadi proseslərin ölkəmizin inkişafına mənfi təsirləri ilə əlaqədar olaraq hökumətin və Mərkəzi Bankın atdığı kəsərli addımlar yaranmış makroiqtisadi duruma adekvatdır: `Bunu oxşar təsirlərə məruz qalmış digər neft istehsal və ixrac edən ölkələrin timsalında da görə bilərik`.

S.Şərifov həmçinin bildirib ki, neftin qiymətinin ucuzlaşmasının davam etməsi, həmçinin Mərkəzi Bank tərəfindən yeni məzənnə siyasətinə keçid 2016-ci il üçün təsdiq olunmuş dövlət büdcəsində bir sıra dəyişikliklərin edilməsini şərtləndirib: `Bu dəyişikliklər icmal və dövlət büdcəsi gəlirlərinin yeni şəraitə uyğunlaşdırılması, son illər aparılmış büdcə yığcamlaşdırılması siyasəti davam etməklə, büdcə xərclərinin səmərəliliyinin artırılması, valyuta ehtiyatlarına qənaət edilməsi, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına təkan verilməsi kimi əsas hədəfləri güdməlidir`.

Nazir dölət büdcəsinin dəyişdirilməsi və qənaət rejiminin bəzi təfərrüatlarını açıqlayıb. Onun sözlərinə görə, ölkə daxilində və xaricində investisiya qoyuluşu xərcləri də nəzərə alınmaqla, 2016-cı il və sonrakı 3 il üçün ciddi qənaət rejimini təmin edəcək tarazlaşdırılmış gəlir və xərclər smetası hazırlanacaqmalıdır. Bu zaman dövlət vəsaitlərindən qənaətlə istifadə edilməklə, maliyyə nizam intizamı gücləndirilməli, israfçılığa və izafi xərxlərə yol verilməməlidir.

Maliyyə naziri qeyd edib ki, dövlət idarəetmə sisteminin təkmiləşdirilməsi, dövlət mülkiyyətində olan şirkətlərin idarə edilməsində islahatların aparılması, dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinə əlavə təkan verilməsi, bank sisteminin köklü şəkildə konsolidasiyası, və ona olan etimadın artırılması kimi məsələlərin həllinə nail olunmalıdır.

İqtisadçı Samir Əliyev AzVision.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ilk dəfə olaraq dövlət büdcəsi ötən illə müqayisədə 25 faiz aşağı salınıb.

Ekspertin sözlərinə görə, qənaət rejiminə keçid mütləqdir: “2016-cı ilin dövlət büdcəsində neft 50 dollardan götürülüb. Neftin qiyməti isə kəskin şəkildə azalır və hazırda 30 dollardır. Bu da büdcənin icrası ilə bağlı problem yarada bilər. Qənaət rejiminin ilk təsir edəcəyi nöqtələrdən biri dövlət qurumları olacaq. Ölkə başçısının Nazirlə Kabinetinin iclasında dediyi ki, bəzi dövlət qurumlarının birləşdirilməsi və ya ləğv edilməsi gözləniləndir”.

İqtisadçı hesab edir ki, bununla dövlət qurumlarının saxlanmasına ayrılan vəsaitə qənaət etmək olar: “Həmçinin bir o qədər də priotet olmayan sahələrə vəsaitin ayrılması dayandırılmalıdır. Müxtəlif qurumlara, kommunal və nəqliyyat sektoruna ayrılan subsidiyaların azaldılması, müəyyən istiqamətlərdə tamamilə ləğv edilməsi gözlənilir.

Bir neçə istiqamətdə qənaət sistemi olacaq. Qənaət rejimində hökumət islahatlar aparacaq. Bunun hansı formada olacağını isə zaman göstərəcək”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti